Məhkəmə qərarları › İş №2(009)-1600/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1600/2024

29.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1600/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs ilə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamış, daimi ailədə lüzumsuz söz-söhbətlər yaratmışdır, onunla xasiyyətləri kəskin uyğun gəlmədiyindən pozulmuşdur. Dəfələrlə münasibətləri normallaşdırmağa çalışmışdır, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nikahın ləğvi, uşaqların onun yanında saxlanılması, aliment tələbi ilə bağlı və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “D” massivi, XXİ əsr Xəzər İnşaat, bina 8, ev 117 satılmasının və məbləğin tərəflər arasında bölünməsi üçün Mediasiyaya müraciət etmişdir. Mediasiyada cavabdehlə birlikdə iştirak edərkən orada razılaşmışlar ki, uşaqlar onunla yaşayacaq və uşaqların saxlanılması üçün hər ay, hər bir uşaq üçün 235 manat ödənilməsinə, Yeni Günəşli, “D” massivi, XXİ əsr Xəzər İnşaat, bina 8, ev 117 satılmasının və məbləğin tərəflər arasında bölünməsi üçün razılıq vermişdir. Ona görə də onunla Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-375/2024 nömrəli qətnaməsi ilə (hakim M.Bağırova) onunla Maraqlı şəxs arasında nikah pozulmuşdur. Lakin qətnamədə göstərilmişdir ki, xx.xx.2023-cü il barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X4 anasının yanında qalması və saxlanılması üçün aliment tutulması barədə, Suraxanı rayonu, Yeni Günəşli “D” massivi, XXİ əsr Xəzər İnşaat, bina 8, ev 117 satılmasının və məbləğin tərəflər arasında bölünməsi üçün öz aralarında razılığa gəliblər. Göstərilənləri nəzərə alaraq ərizəçi onunla Maraqlı şəxs arasında Bakı şəhərində Mediasiya Təşkilatında bağlanmış MŞB/9/2023-01758 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Ərizəçi – Maraqlı şəxs ilə birgə nikah dövründə alınmış Suraxanı rayonu, Yeni Günəşli “D” massivi, XXİ əsr Xəzər İnşaat, bina 8, ev 117 mənzil satıldıqdan sonra məbləğin tərəflər arasında yarıya bölünəcək” bəndinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “D” massivi, XXİ əsr Xəzər İnşaat, 8 saylı binanın 117 saylı mənzilini birgə nikah dövründə ilkin 32.000 manat ödəməklə əldə etmişlər, 30.000 manat ödənilməmiş borcları qalmışdır. Maraqlı şəxs uşaqları ilə birlikdə onu həmin evdən çıxarmışdır. Ona görə də o, evin satılmasını və ona düşən payı istəyir. Hətta ilkin ödənişin 16.000 manatını maraqlı şəxsə verməyi evi isə uşaqlardan birinin adına keçirilməsi ilə razıdır. Məhkəmə iclasında izahatı alınmış Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil ərizəni qəbul etməyərək izahatında göstərmişdir ki, birgə nikah dövründə əldə olunmuş əmlakın pay haqqı tam ödənilməmiş, ödənilməmiş 30.000 manat da mövcuddur, hər ay 360 manat ödəniş edilməlidir, onun yarısını nikah pozulduqdan sonra ərizəçi etməlidir, 1080 manat ərizəçinin edilməmiş ödənişi vardır, əmlak üzərində tam mülkiyyət hüququ yaranmasa o, satıla bilməz. Mübahisəni isə məhkəmədəq kənar qaydada hansısa bir kompromis variantda həll edilməsi mümkündür. Məhkəmədən ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətinə əsasən Maraqlı şəxs və X8 arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 91 No ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Cəfərova soyadı verilmişdir. İş üzrə “Birinci tərəf” qismində X8 ilə “İkinci tərəf” qismində Maraqlı şəxs arasında, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru X6 iştirakı ilə, bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, “1.1. Tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları X10 (doğum tarixi: 24 fevral 2013-cü il), X9 (doğum tarixi: 10 oktyabr 2016-cı il), yetkinlik yaşına çatanadək ana X3 yanında saxlanılsın. 1.3. Tərəflər razılaşdılar ki, İkinci tərəf birgə nikahdan dünyaya gəlmiş övladları X10 (doğum tarixi: 24 fevral 2013-cü il), X9 (doğum tarixi: 10 oktyabr 2016-cı il), saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi manat) AZN, ümumilikdə 440 (dörd yüz qırx manat) AZN aliment məbləğini Birinci X2 ödəyəcək. 1.4. İkinci tərəf övladları ilə gündəlik rejimlərini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyət yarada bilər. 1.5. Tərəflər razılaşdılar ki, birgə nikah dövründə alınmış Suraxanı rayonu, Yeni Günəşli, “D” massivi, bina 8, ev 117 mənzili satıldıqdan sonra məbləğ tərəflər arasında yarıya bölünəcək”. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Aylin və xx.xx.2016-cı il təvəllüdlü Məryəm adlı uşaqları var. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “D” yaşayış massivində yerləşən 8 saylı binanın 117 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə olunmuş, 32.000 manat ödəniş edilmiş, 30.000 manat ödənilməmiş borc mövcuddur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması (bənd 1.1), birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 ananın yanında saxlanılması (bənd 1.2), Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin ödənilməsi (bənd 1.3) Maraqlı şəxs uşaqlarla ünsiyyətdə olması (bənd 1.4), birgə nikah dövründə alınmış Suraxanı rayonu, Yeni Günəşli, “D” massivi, bina 8, ev 117 mənzili satıldıqdan sonra məbləğin tərəflər arasında yarıya bölünməsi (bənd 1.5) barədə razılığa gəlmişlər. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, barışıq sazişi könüllü icra edilmədiyi üçün o, barışıq sazişinin 1.5-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə baxımından qeyd edir ki, barışıq sazişində mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri imperativ qaydada göstərilməlidir. Həmin şərtə riayət edilməməsi onun təsdiqindən imtinanın əsası kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin təsdiqlənməsi xahiş olunan 1.5-ci bəndi tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlakın mücərrət müddətdə satıldıqdan sonra satış pulunun tərəflər arasında bərabər bölgüsü ilə bağlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin bənddə əmlakın satılma müddəti və icra edilmə üsulu göstərilməmişdir. Əmlakın satışının təşkil edilməsi isə yalnız alıcının mövcud olması və iradə ifadəsinə uyğun aldığı müddətlə məhdudlaşdığı üçün belə müddətin həmin bənddə qeyd edilməsi mümkünsüzdür. Eyni zamanda əmlakla bağlı pay haqqı tam ödənilməmişdir. Həmçinin həmin bəndin məhkəmə tərəfindən təsdiq edilməsi icrası mümkün olmayan icra sənədinin verilməsi ilə nəticələnə bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisəli əmlak birgə nikah dövründə əldə olunduğundan hazırkı ərizəçi həmin əmlakdakı payın bölgüsü ilə bağlı məhkəməyə müraciət edə bilər, eyni zamanda mənzildə köçürülmə ilə bağlı da iddia qaldıra bilər. Beləliklə məhkəmə barışıq sazişinin təsdiq olunması xahiş olunan 1.5-ci bəndinin qanuna zidd olmasını nəzərə alaraq hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin olunmadığından, məhkəmə xərcləri – 100 (yüz) manat ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizəçi onunla Maraqlı şəxs arasında Bakı şəhərində Mediasiya Təşkilatında bağlanmış MŞB/9/2023-01758 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Ərizəçi – Maraqlı şəxs ilə birgə nikah dövründə alınmış Suraxanı rayonu, Yeni Günəşli “D” massivi, XXİ əsr Xəzər İnşaat, bina 8, ev 117 mənzil satıldıqdan sonra məbləğin tərəflər arasında yarıya bölünəcək” bəndinin təsdiq olunması barədə ərizəsi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar