Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1622/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvan onun istifadəsindədir və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Bu vaxta qədər kommunal xərclər və onların ödənilməsi və məbləği ilə bağlı tələbkarlarla (“Azərsu”, “Azərişıq”, Cavabdeh) hər hansı problem olmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə onların evin qaz sayğacı Səbail rayon Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edərək guya sayğaca baxış keçirilmiş, sayğacda 8141 rejim aşkar olunub (ALARM-1) element yuvasının qapağının ətrafında fiziki təsir izi aşkar olunmuş, klapanı saxlayır, sayğac istismara yararsızdır. Akt tərtib olunarkən onun xəbəri olmamış və o, akt tərtib olunarkən dəvət olunmamışdır, qanunsuz olaraq yazmışlar ki, guya o, akta imza etməkdən imtina etmişdir, bu ağ yalandır. O, bu barədə cavabdeh tərəfə bildirəndə ona məhkəməyə müraciət etməsi bildirmişlər. Həmin sayğac yaşadığı gündən işləyirdi, Cavabdeh ASC-nin əməkdaşları heç bir vaxt bu yaşadığı müddət ərzində gəlib nəzarət etməmişlər. Cavabdeh ASC-nin əməkdaşları onların ailəsinə məxsus abonent koduna 776 manat cərimə yazmışlar. Bildirir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvana olan 776 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,laboratoriya şəraitində yoxlanılan sayğac smart tipli olmuşdur, küçədə quraşdırılmışdır, həmin sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamışdır, qızı smart kartda olan məbləği sayğaca yükləmək istəyərkən bu baş tutmamış, onlar Cavabdeh İB-yə bununla bağlı müraciət etmişlər, həmin smart tipli sayğac dəyişdirilmiş, işlənmiş sayğac quraşdırılmışdır. Onların smart tipli sayğaca hər hansı bir müdaxiləsi mümkünsüz olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddiaya dair yazılı etiraz verdiklərini, işə onların iştirakı olmadan baxılması və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə sayğacda 8141 rejimi (Alarm 1), element yuvasının qapağının ətrafında fiziki təsir izi aşkar olunmuş və klapanın bağlı olduğu aşkar edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2024-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, iddiaçının ödənişlərinin ailə üzvlərinin sayına və istifadə edilən qaz cihazlarına münasibətdə az olmuşdur və bu iddiaçının sayğac göstəricisi üzrə qaz sərfi qeydinin qarşısını alınması üçün sayğaca müdaxilə etdiyini təsdiq edir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz özündə istisna edilir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar”ın Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə xx.xx.2024-cü il tarixli 0179 saylı aktın surətinə əsasən iddiaçıya aid sayğaca baxış keçilərək müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə sayğacda 8141 rejimi aşkar olunub,(ALARM-1), element yuvasının qapağının ətrafında fiziki təsir izi aşkar olundu, klapanı bağlıdır, sayğac istismara yararsızdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, 0179 nömrəli akta əsasən **********2 №-li xx.xx.2024-cü il tarixdə sayğacda 8141 rejimi aşkar olunması, (ALARM-1), element yuvasının qapağının ətrafında fiziki təsir izinin aşkar olunması, klapanı bağlı olması, sayğac istismara yararsız olması müəyyən edilmişdir. İstehlakçı İddiaçı imza etməkdən imtina etmişdir. İş üzrə Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı sənaye və məişət qaz sayğacının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, 0179 No-li aktına əsasən G-4 markalı **********2 No-li sayğacda “ALARM-1 rejimi” nöqsan aşkar edilmiş, ******* saylı xx.xx.2024-cü il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 6480 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00260) abonent saldosundan görünür ki, ona 2024-cü ilin mart ayında 777,60 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra 0179 saylı, xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2024-cü il tarixdə sayğacda 8141 rejimi aşkar olunması, (ALARM-1), element yuvasının qapağının ətrafında fiziki təsir izinin aşkar olunması, klapanı bağlı olması, sayğac istismara yararsız olması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2024-cü il tarixli qərarı ilə dəymiş ziyanın həcmi kimi 6480 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı 776 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı X3 Departamentinin xx.xx.2024-cü il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 6480 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 777,60 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 777,60 manat borc xx.xx.2024-cü il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Мəhkəmə həmin akt əsasında iddiaçının abunə hesabına yazılmış borcla bağlı qeyd edir ki, həmin borcun silinməsi barədə tələb əsaslı hesab edilməlidir. Lakin məhkəmə qeyd edir ki, akt əsasında abunə hesabına yazılmış borc 777,60 manat olsa da, iddia tələbi həmin borcun yalnız 776 manat hissəsinin silinməsi ilə əlaqədar olduğundan və məhkəmə qanunvericiliyin tələblərinə əsasən işə yalnız tələb həddində baxmalı olduğundan, məhkəmə hesab edir ki, akt əsasında yazılmış borcun yalnız iddia tələbi həddində olan hissəsi abunə hesabından silinməlidir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək bu nəticəyə gəlmək olur ki, iddiaçının yaşadığı evə quraşdırılmış və evdən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırkı işin araşdırılan halları ilə iddiaçının evindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı sübuta yetməmişdir. Eyni zamanda aşkar edilmiş qüsur laboratoriya şəraitində sayğac yoxlanıldığı və plomb açıldıqdan sonra sayğacın daxilinə baxış zamanı müəyyən edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya qaz sayğacına müdaxilə etməsi ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 776 manat borcun iddiaçının abunə hesabından silinməsi barədə tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsində yerləşən 26 saylı evə dair Cavabdeh Bakı X3 Departamentinin xx.xx.2024-cü il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00260) yazılmış 776 (yeddi yüz yetmiş altı) manat borc silinsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1622/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1622/2024
13.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver