Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1623/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Xızı rayon Aqrar Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarına əsasən mərhum həyat yoldaşı X2 adına 0,06 ha torpaq sahəsinə 7N-045A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilərək, mərhum həyat yoldaşının soyadı qeyd olunmamışdır. Həyat yoldaşı xx.xx.2013-cü il tarixdə dünyasını dəyişmişdir və o, onun qanun üzrə vərəsəsi müəyyən edilmişdir. O, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN- 045A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin ona təqdim olunmasına dair müvafiq orqana müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məktub ilə müraciətinə cavab verilmiş və Xızı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı, Xızı rayonu Aqrar İstehsalat Komissiyasının xx.xx.1998-ci il tarixli iclas protokolunu, “vətəndaşların xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəl və digər akt ona təqdim olunmuşdur. Müvafiq orqan tərəfindən təqdim olunmuş arxiv sənədlərində də sənədin “ad, soyad, ata adı” hissəsində mərhum həyat yoldaşına dair yalnız “Əkrəm” adı qeyd olunmuşdur. Yoldaşı da vəfat etdiyindən hazırda torpaq sahəsinə dair heç bir hüquqi hərəkətlər edə bilmirlər. Həmin əmlak faktiki olaraq onun sahibliyində və istifadəsindədir. O, X2 varisidir və həmin əmlak mərhum həyat yoldaşından miras qalmışdır. əmlakın üzərində müvafiq qaydada hüquqi hərəkətlər etməsi üçün Xızı rayonu ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin mərhum həyat yoldaşına məxsus olması faktının müəyyən edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum həyat yoldaşının adının olmasının müəyyən edilməsi zəruridir. Əlavə olaraq bildirmək istəyir ki, o, məhkəmədən əvvəl hazırkı mübahisə ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh yalnız məhkəmə qərarı olduğu təqdirdə məsələni həll edə biləcəklərini bildirmişlər. Beləliklə işin faktiki hallarından və qanunvericiliyin normalarından görünür ki, onun ərizəsi qanuni və əsaslıdır. Mərhum həyat yoldaşı X2 2013-cü ildə vəfat etməsi faktlarla sübuta yetirilir. Həmçinin, Xızı rayornu, Xızı şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir və həyat yoldaşı dünyasını dəyişdikdən sonra tərəfindən faktiki olaraq qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarının maraqlı şəxs tərəfindən aşkar edildiyi və məhkəməyə müraciət edildiyi təqdirdə müəyyən edilərək məhkəmədə araşdırılması zəruridir. Göstərilənləri nəzərə alaraq ərizəçi Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində mərhum həyat yoldaşı X2 adının müəyyən edilərək, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, mərhum həyat yoldaşının mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsində tikili də mövcuddur, həyat yoldaşının sağlığında həmin yerə gedib müvəqqəti yaşamışlar. Hazırda həyat yoldaşından miras qalan həmin torpaq sahəsi üzərində mülkiyyətini təsdiq etdirmək istəyir ki, orada yaşaya bilsin. Lakin sənəddə yoldaşının yalnız adı qeyd olunduğu üçün müraciətinə müsbət cavab verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, Ayten xanımı tanıyır, Ayten xanımın həyat yoldaşı Əkrəm dayının adına olan Xızı rayonundakı torpaq sahəsinə qonşu torpaq sahəsi onlara məxsusdur, uzun müddətdir ki, Ayten xanım gilindən münasibətləri var, əlaqə saxlayırlar, o, təsdiq edir ki, torpaq sahəsi Ayten xanım gilə məxsusdur, sənəddə yalnış olaraq yalnız onun mülkiyyətçisinin adı yazılmışdır. İş üzrə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən X7 ilə X5 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1301 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Atakişiyev, arvada Quliyeva soyadı verilmişdir. İş üzrə JN-045A KOD 30601007 nömrəli, 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi “Əkrəm” adlı şəxsinin mülkiyyətinə verilmişdir. İş üzrə Xızı Bələdiyyəsi tərəfindən verilmiş tədiyyə bildirişinin surətindən görünür ki, Xızı rayonun Xızı şəhərinin sakini “Əkrəm” adlı şəxsə 2008-2012-ci illər üçün 214 manat məbləğində torpaq və əmlak vergisi hesablanmışdır. İş üzrə Xızı rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli Xızı rayonunun Xızı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin çıxarışının surətindən görünür ki, “Əkrəm” adlı vətəndaşın qanuni istifadəsində olan 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. İş üzrə Xızı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 64 saylı sərəncamı ilə Yeni Xızı rayonu yaradılana 1990-cı ilə qədər rayonun ərazisində mövcud olan və ya bərpa edilən kəndlərində həyətyanılar üçün torpaq norması 0,20 hek müəyyən edilməsi (bənd1), rayon yaradıldıqdan sonra yeni planla salınmış təzə Xızı qəsəbəsində, Yeni Tıxlı kəndi, Fındığan, Türkoba, Yeni Yaşma kəndlərində baş plana uyğun olaraq həyatyanı torpaq sahəsi 0,20 hek olduğu təsdiq edilməsi (bənd 2), 1990-cı ildən sonra rayon XDS İcraiyyə Komitəsinin qərarları və rayon icra hakimiyyəti başçısının sərəncamı ilə verilmiş həyatyanı torpaq sahələrinin orta norması kəndlərdə 0,20 hek, qəsəbələrdə 0,12 hek təsdiq edilməsi (bənd 3), rayonun kənd və qəsəbələrində mövcud olan, lakin faktiki həyətyanı torpaq sahələrinin onlara məxsus olduğunu təsdiq edən hüquq sənədləri olmayan və qanunsuz zəbt olunmuş həyatyanı sahələr üçün torpağa mülkiyyət hüququ verən şəhadətnamə verilməməsi (bənd 4), kənd və qəsəbələrdə alqı-satqı yolu ilə alınmış mənzillərin həyətyanı torpaq sahələri mövcud qanunlara uyğun hüquqi şəxslərin adlarına sənədləşdirildikdən sonra onların adlarına torpağa mülkiyyət hüququ verən şəhadətnamələrin verilməsi, əks halda həmin mənzillərə aid həyətyanı torpaq sahələri bələdiyyə ehtiya fonduna verilməsi (bənd 5), kənd və qəsəbələrdə faktiki həyətyanı sahələrin ölçüləri bu sərəncamla müəyyən edilmiş normadan artıq olan torpaq sahəsini həmin vətəndaş kadastr qiyməti ilə satış ala bilməsi, əks halda normadan artıq həyətyanı torpaq sahələri bələdiyyə ehtiyat fonduna verilməsi (bənd 6) qərara alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 590 No ilə qeyd edilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən verilmiş xx.xx.2015ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı Ərizəçi və oğlu X3r və onlar miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,63 kv.m., yaşayış sahəsi 30,64 kv.m. olan 21 nömrəli mənzildən ibarətdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində JN-045A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mərhum X2 əvvəllər yaranmış hüququnun tanınması barədə xx.xx.2024-cü il tarixli ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, JN-045A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mərhum X1 və ata adı qeyd olunmalığı üçün Ərizəçi müraciətinin icrasını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edildiyindən JN-045A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin mərhum X4 məxsus olması faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, X7 vəfat etdiyindən və iddiaçı mərhum həyat yoldaşı Ə.Atakişiyevin qanun üzrə vərəsəsi olduğundan, onun hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-045A saylı, KOD 30601007 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ərizəçinin həyat yoldaşına 0,06 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, JN-045A saylı, KOD 30601007 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlığa yol verilmiş və ərizəçinin həyat yoldaşının adı, soyadı və atasının adı “X9” əvəzinə yalnız “Əkrəm” kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənəddə (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) ərizəçinin mərhum həyat yoldaşının soyadı və ata adı göstərilmədiyindən, ərizəçi həmin sənədin X8 məxsusluğu barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 3 nömrəli Plenum Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu səbəbdən məhkəmə hesab edir ki, JN-045A saylı, KOD 30601007 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 məxsus olması faktı məhkəmə iclasına tədqiq edilən sübutlarla təsdiq olunduğundan, həmin fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. “Əkrəm”in adına Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-045A saylı, KOD 30601007 saylı şəhadətnamənin X4 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1623/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1623/2024
13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver