Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1634/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Zahiroviçə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Zahiroviçə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zahiroviç adına Bakı şəhəri, M.Hüseyn küçəsi 90, m. 4. Yeni qaydalarla: AZ-1001, Bakı şəhəri, Səbail rayonu M.Hüseyn küçəsi, giriş 40 M2, m. 2 Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2025-ci il tarixli mənzilin Çıxarışının ləğv edilməsi və onun vərəsəlik hüquqlarının tanınması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, bu ünvanda anası X2 aid olan evdə (M.Hüseyn küçəsi, ev 90, m. 4) uzun illər bir yerdə yaşamışlar. Anası xəstə olan illərdə maddi və mənəvi bütün ağırlıqlarını o çəkmişdir. Düzdür, övladlıq borcudur. Hətta xx.xx.2023-cü ildə rəhmətə gedəndə dəfn xərclərinə kimi o ödəmişdir. Onda əlavə həmin evin təmirinə 20.000 (iyirmi min) manat xərc çəkmişdir. Anası xəstə olan vaxtlarda, xəbəri olmadan, qardaşı Zahir anasından notariat qaydada sənəd alaraq oğlu Ramizin adına həmin evi özəlləşdirib. Halbuki onlar həmişə Moskva şəhərində yaşayıblar. Hətta anasının dəfninə də gəlməyiblər. Anasının və evin bütün çətinlikləri onun üzərində olubdur. xx.xx.1995-ci ildən bu evin bütün kommunal xərcləri öz şəxsi vəsaitiylə ödəyir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi ev 90, mənzil 4-də olan anasının 1 otaqlı 2 kv mənzildə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, bəli anası ona mənzil vermiş, lakin mənzili öz qayınanasının adına keçirmiş, ailə münasibətləri isə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh Moskvada yaşayır, iddiaçıya o, şəxsən müraciət etmişdir ki, vərəsəliyin açılması üçün müraciəti birlikdə etsinlər, 6 aylıq müddəti ötürməsinlər. İddiaçının anası cavabdehin nənəsidir. Miras qoyan şəxsin iki mənzili olub. Birini sağlığında iddiaçıya verib, digər mənzili isə 2016-cı ildə vəsiyyətnamə ilə cavabdehə vəsiyyət edib. Əgər sonuncu vəsiyyətnamə ləğv ediləcəksə belə, onda 1995-ci il tarixli vəsiyyətnamə qüvvədə olan hesab edilir və həmin vəsiyyətnamə ilə həmin ev Moskvada yaşayan oğluna verilib. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 254375 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X4 qeyd edilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 xx.xx.1995-ci il tarixdən X1 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 210 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 505865 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 2V-8 nömrə ilə qeydə alınmış vərəsəlik üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Rusiya Federasiyası, Moskva şəhəri, Çelyabinskaya küçəsi, 17, mənzil 155 ünvanında qeydiyyatda olan Cavabdeh Zahiroviçdir. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.m olan mənzildən ibarətdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 90, mənzil Yeni qaydalarla: AZ-1001, Bakı şəhəri, Səbail rayonu M.Hüseyn küçəsi, giriş 40 M2, m. 2 xx.xx.2025-ci il tarixdə Cavabdeh Zahiroviçin adına qeydiyyatdan keçmişdir. - xx.xx.2023-cü il tarixli 97 saylı arayışdan görünür ki, İddiaçı anası X3 xx.xx.2023-cü ildə Qaradac rayon Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında onun tərəfindən dəfn edilmişdir və dəfn xərci onun tərəfindən çəkilmişdir. - Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1932-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. - xx.xx.2016-cı il tarixdə 46 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.m olan mənzili nəvəsi Cavabdeh Zahiroviçə vəsiyyət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. - 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əsaslandırıcı hissə: İşin araşdırılmış hallarından görünür ki, ünvan 1 xx.xx.1995-ci il tarixdən X1 adına qeydiyyata alınmış və o, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı və X6 miras qoyanın övladları olmaqla onun İ növbə vərəsələri sırasına daxildirlər. Cavabdeh miras qoyanın oğlu Zahirin övladı olmaqla Rusiya Federasiyasında yaşayır. Həmçinin işin materiallarından görünür ki, mərhumə sağlığında 2016-cı ildə notarial qaydada təsdiq olunmuş mülkiyyətində olan mübahisəli evi nəvəsi Cavabdeh Zahiroviçə vəsiyyət etmişdir və həmin ev sonuncunun mülkiyyətindədir. Hazırda iddiaçı artıq digər şəxsin, yəni cavabdehin mülkiyyətində olan evinə özünün mülkiyyət hüququnun tanınmasını tələb edir və bunu onunla əsaslandırır ki, 30 il ağır xəstə olan anasına o baxmış, o qulluq etmiş, o dəfn etmişdir. Bu halların mövcudluğunu təsdiq edən şəxslərin imzası olan çoxlu sayda aktlar təqdim etməklə yanaşı iddiaçı həmçinin qeyd edilən vəsiyyətnamə barədə də məlumatlı olmasını vurğulayaraq qeyd etmişdir ki, anasının ağır xəstə olan vaxtlar bu vəziyyətindən istifadə edərək onun xəbəri olmadan evi qardaşı oğlunun adına vəsiyyət edib, sonra peşman olub, xəstəliyi imkan verməmişdir ki, gedib vəsiyətnaməni ləğv etsin. Qardaşı və oğlu Moskvada yaşamaqla anasına yardım etmədikləri, dəfndə, hüzrdə iştirak etmədikləri halda onun özünün razılığı olmadan evə dair cavabdehin adına çıxarış verilməsi qanunsuzluqdur. Onun istəyi odur ki, anasının evi qardaşı ilə onun varisliyinin 50 faizini istəyir. İddiaçı göstərdiyi halları məhkəməyə ünvanladığı şikayət ərizəsində sadalasa da, faktiki olaraq tələbində mübahisəli mənzildə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçının cavabdehin adına olan vəsiyyətnamənin, onun əsasında verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanuniliyini iddia icraatı qaydasında mübahisələndirməmişdir, yəni bunlar iddianın predmeti olmamışdır. İddiaçı tələbində əvvəl mübahisəli mənzilin Çıxarışının ləğv edilməsi və onun vərəsəlik hüquqlarının tanınmasını qoysa da, sonra Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələbəlri baxımından yuxarıda qeyd edilən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini vermişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olsa da, hər bir halda məhkəmə iddia tələbindən kənara çıxmamalı, çıxdığı halda kənara çıxmanın müstəsnalığını əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Lakin hazırki vəziyyətdə məhkəmə hesab edir ki, verilən tələbdən kənara çıxmaq üçün müstəsnalıq olmadığı üçün, yalnız verilmiş tələbə hüquqi qiymət verilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, digər şəxsin (cavabdehin) mülkiyyətində olan əmlaka iddiaçının mülkiyyət hüquqlarının tanınması üçün qaldırılmış tələbin hüquqi əsası müəyyən edilmədiyindən iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eləcə də daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. (MM-nin 148.2-ci maddəsi) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1634/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1634/2025
18.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver