Məhkəmə qərarları › İş №2(009)-1662/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1662/2020

12.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1662/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X4 məxsus “Ət məhsullarıistehsalı müəssisəsində” 2015-ci il tarixdən 2020-ci ilin aprel ayınadək qeyrirəsmi, xx xxxxx 2020-ci il tarixdən 2020-ci ilin iyul ayınadək isə rəsmi sürücü ekspeditor vəzifəsində işləmişdir. Müəssisənin rəhbərinin ona bildirdiyinə görə 2020-ci ilin aprel ayında o, rəsmi olaraq ştata qəbul olunmuşdur. Buna baxmayaraq, onunla müəssisə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. “Ət məhsulları istehsalı müəssisəsi”nin iş qaydası, müəssisənin ət məhsulları işçiyə qaimə ilə verilirdi və həmin məhsullar müvafiq marketlərə daşınırdı və hər ayın axırında o, satılan malların ödənişini müəssisənin mühasibinə çatdırırdı. Onlar həmin müəssisədə qeyri-rəsmi işlədiklərindən müəssisənin rəhbəri onlarla müxtəlif özlərinin etibar etdiyi şəxslərlə kredit (borc) müqaviləsi bağlayırdı. Belə ki, ona münasibətdə kredit müqaviləsi ilk dəfə xx.xx.2018-ci il tarixdə müəssisə rəhbərinin qardaşı iş üzrə Cavabdeh ilə bağlanılmışdır. Qeyd olunan kredit müqaviləsi tərəflər arasında 1 il müddətinə 24 min manat olmaqla bağlanılmışdır. Həmin il qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə həmin kredit müqaviləsi müqabilində ona marketlərə daşınması və satılması üçün 24 min manatlıq ət məhsulu vermişdir. Qeyd olunan məsələnin bir daha təsdiqləmək üçün tərəflər arasında xx.xx.2018-ci tarixdə 3M- 313 reyestr nömrəsi ilə 9 saylı Notariat ofisində rəsmiləşmiş kredit müqaviləsinin 6-cı bəndinə əsasən borc verən bu müqavilə üzrə öhdəliyin icrasının hissə-hissə hər ay 2.000 manat olmaqla qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq edəcəyi göstərilmişdir. Qeyd olunan kredit müqaviləsi 1 il müddətində olmasına baxmayaraq, həmin müqavilə üzrə öhdəliklər xx.xx.2020-ci ildə icra edilmişdir. Belə ki, ona müəssisə tərəfindən verilən malların tam ödənişi olduğundan, onunla xx.xx.2018-ci il tarixdə bağlanılmış kredit müqaviləsi cavabdeh tərəfindən ləğv edilmişdir. Belə olduğu halda müəssisənin rəhbəri X6 ona 25 min manatlıq yenidən ət məhsullarının veriləcəyini bildirdi. O, müəssisədə işini davam etdirmək üçün cavabdehlə yenidən notariusda kredit müqaviləsi imzalamaq məcburiyyətində oldu. Cavabdeh onunla xx.xx.2020-ci il tarixdə yenidən 9 saylı notarius ofisinə gələrək, əvvəl bağlanılmış kredit müqaviləsində qeyd olunmuş öhdəliklər icra olunduğundan həmin müqavilənin ləğv olunması barədə ərizə yazmış və həmin tarixdə tərəflər arasında yenidən, bu dəfə 25 min manat məbləğində, kredit müqaviləsi rəsmiləşmişdir. Cavabdeh keçən dəfədən fərqli olaraq nəzərdə tutulan pul məbləğini ona notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. O, qeyd olunan notariusda kredit müqaviləsi üzrə olan 25 min manatı kassadan alan kimi cavabdeh həmin məbləği və onda qalan kredit müqaviləsini ondan almışdır. Onlar müəssisənin inzibati binasına gəlmiş və cavabdeh onun işdən çıxmağı barədə yazılma tarixi göstərilmədən ərizə aldı və onun həmin andan işə bir daha gəlməməyini bildirdi. Belə olduğu halda o, adı çəkilən notariusa gələrək, onunla bağlanılmış kredit müqavilələrinin və əvvəlki kredit müqaviləsinin ləğv olunması ilə əlaqədar ərizələrin surətlərini çətinliklə də olsa almağa nail olmuşdur. O, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış kredit (borc) müqaviləsi ilə əsaslı tanış olarkən, onun krediti xx.xx.2020-ci il tarixinədək cavabdehə qaytarmağını, yəni krediti aldığı tarixdən başlayaraq, 10 gündən sonra ödəməyinin qeyd olunduğunu görüb. “Ət məhsulları istehsalı müəssisəsi”ni işlədən şəxs, qardaşı ilə əlbir olaraq, onu aldatmışlar. Onunla cavabdeh arasında heç bir qohumluq, dostluq münasibətləri yoxdur. Eyni zamanda o, uzun müddət işlədiyi müəssisənin rəhbərinin qardaşıdır. Bu cür münasibətlər həmin müəssisədə işləyən digər işçilərlə də olmuşdur və hazırda olmaqdadır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin mətninə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməyərək, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməмişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddia tərəfinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri 9 saylı Notariat Ofisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2018-ci il tarixli, 3M-313 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək İddiaçı borc verilmiş 24000 manat pul məbləği borclu tərəfindən tam ödənilmiş və bununla bağlı kredit müqaviləsinin ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixədək ödəmək şərtilə 24000 manat məbləğində borc pul verir. Kredit müqaviləsinin 6-cı bəndinə əsasən öhdəliyin icrası hissə-hissə hər ay 2000 manat olmaqla həyata keçirilməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Notariat Ofisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2018-ci il tarixli, 3M-313 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək İddiaçı borc verilmiş 24000 manat pul məbləği borclu tərəfindən tam ödənilmiş və bununla bağlı kredit müqaviləsinin ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Tahirov X2 Hüseyin Azad oğluna xx.xx.2020-ci il tarixədək ödəmək şərtilə 25000 manat məbləğində borc pul verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə isə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 339-cu mad.). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: X1 Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar