Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1690/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2016cı il tarixdə X3 adlı övladı anadan olmuşdur. Maraqlı şəxs ilə uşağın ananın yanında saxlanması və aliment ilə bağlı razılığa gəlmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmış və Maraqlı şəxs uşağın onun yanında saxlanmasına razılaşmış, habelə hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Lakin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.3-cü hissəsində nəzərdə tutulmuş alimentin ödənilməsi ilə bağlı öhdəliyi yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin məcburi icra edilməsi üçün təsdiq edilməsi, ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun Maraqlı şəxs alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, maraqlı şəxs yalnız uşağın hazırlığı ilə bağlı 100 manat ona pul vermişdir. Yəni barışıq sazişində öhdəsində götürdüyü 220 manatı tam şəkilində verməmişdir. Məhkəmə iclasında izahatı alınmış Maraqlı şəxs izahatında göstərmişdir ki,o, 100 manat uşağın hazırlığı üçün ərizəçiyə pul vermis, uşağı taksi ilə məktəbə aparıb gətirmiş və digər tələbatını ödəmişdir. Yəni təxminən 220 manat hər ay uşağa xərc çəkir. O, bilməmişdir ki, 220 manat birdəfəlik Elnurəyə verilməlidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və 25 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahı pozulmuş, 100 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 89 No ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Xəlilova soyadı verilmişdir. İş üzrə “Birinci tərəf” qismində Ərizəçi ilə “İkinci tərəf” qismində Maraqlı şəxs arasında, mediator X5 iştirakı ilə, bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00103 nömrəli barışıq sazişinin surətindən görünür ki, tərəflər, onların arasında bağlanmış nikah müqaviləsinə xitam verilməsini və bu məqsədlə tərəflərdən hər hansı birisinin müvafiq rayon məhkəməsinə müraciət etməsini, belə olan halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbinin qəbul edilməsini (bənd 1.1), övladları xx.xx.2016-cı il təvəllüdlü X1 ana Ərizəçi himayəsinə verilməsini (bənd 1.2), ata Maraqlı şəxs övladı xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 (iki yüz iyirmi manat) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəməsini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, İkinci Tərəf bu artışı nəzərə alacağını və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəyini (bənd 1.3), birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verilməsini və tərəflər bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədlərin verməsi öz üzərinə götürülməsini (bənd 1.4), “İkinci tərəf” (Maraqlı şəxs) övladı ilə gündəlik rejimlərini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyətin yarada bilməsi (bənd 1.5) razılığına gəlmişlər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanılmış və onların xx.xx.2016-cı il təvəllüdlü Banu adlı uşağı var. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması (bənd 1.1), birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 ananın himayəsində qalması (bənd 1.2), Maraqlı şəxs övladı xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 manat təşkil edən aliment məbləğini ana Ərizəçi ödəməsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, İkinci Tərəf bu artışı nəzərə alacağı və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəyi (bənd 1.3), birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verilməsi və tərəflər bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədlərin verməsi öz üzərinə götürülməsi (bənd 1.4), Maraqlı şəxs övladı ilə gündəlik rejimlərini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyətin yarada bilməsi (bənd 1.5) barədə razılığa gəlmişlər. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Maraqlı şəxs tərəfindən barışıq sazişinin 1.3-cü bəndində nəzərdə tutulmuş alimentin ödənilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən ərizəçi barışıq sazişinin alimentə dair hissəsinin məcburi icra edilməsi üçün təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2023-ci il tarixdə bağlanılmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı şərti Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyi üçün və maraqlı şəxs onun icrasından imtina etdiyi üçün ərizəçi barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00103 nömrəli barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 305-1.17-ci maddəsi və XL-Vİİ fəsli xx.xx.2021-ci il tarixli Qanunla Məcəlləyə əlavə edilmiş, həmin normalarda alimentlə əlaqədar mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiqi zamanı qətnamənin dərhal qüvvəyə minməsinə dair norma nəzərdə tutulmamışdır. Lakin məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki tələb barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olsa da, məhkəmə AR MPM-nin 234.2.1-ci maddəsini analogiya üzrə hazırki münasibətə tətbiq edərək hesab edir ki, alimentlə bağlı tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan və bu sazişin təsdiq edilməsi uşağın maddi təminatının ödənilməsinə xidmət etdiyindən, qətnamə də dərhal icraya yönəldilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, tələb təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında, mediator X5 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00103 nömrəli barışıq sazişinin 1.3-cü bəndində qeyd edilən alimentə dair aşağıdakı hissəsi təsdiq edilsin: “Ata Maraqlı şəxs övladı xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 (iki yüz iyirmi manat) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, İkinci Tərəf (Maraqlı şəxs) bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir”. Qətnamə bu hissədə dərhal icra edilsin. Maraqlı şəxs Ərizəçi xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1690/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1690/2023
17.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver