Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1690/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan tələb etdiyi 4233,24 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, ünvan 1 ünvanında yaşayan vaxt xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində qonşu mənzildə yanğın hadisəsi baş vermiş və onların mənzili ziyan görmüşdür, o vaxtdan həmin mənzildə yaşayış olmayıb. Buna baxmayaraq Azəriqazın əməkdaşları xx.xx.2023cü il tarixində AKT tərtib edib onun iştirakı olmadan və mənzildə yaşayış olmadığı halda küllü miqdarda (cərimə borc) yazmışdır. Hal-hazırda xx.xx.2023-cü il tarixdən bu günədək mənzildə yaşayış yoxdur. Yanğın 2-ci mərtəbədə baş verib ziyanı o, çəkmiş, özü də 2-ci dərəcə əlildir. Etirazın dəlilləri: iddia tələbi tam əsassızdır. Belə ki, onun borc məbləğini müəyyən etməyə imkan verən saldolarının tədqiq edilməsi göstərir ki, abonent tərəfindən həm sayğaca müdaxilə, həm də qanunsuz olaraq qaz xəttinə qoşulma həyata keçirilmişdir. Belə ki, sayğaca müdaxilənin həyata keçirilməsindən əvvəlki ildə (2021-ci ildə) iddiaçı qaz sərfiyyatına dörə 155.00 manat ödəniş etmişdir. Müdaxilədən sonra isə 2022-ci il üçün cəmi 11.00 manat ödəniş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 09 yanvar 2023-cü il tarixdə qonşunun evində yanğın olduğu üçün onun da evi zədələnmiş və həmin tarixdən sonra evdə yaşayış olmamışdır, qeyri-qanuni qoşulma ilə bağlı akt həqiqəti əks etdirmir. Bu fikir də yalandır, faktlar bunun əksini deyit. Belə ki, yaşayış olmayan evdə 2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları üçün 34.00 manat ödəniş edilməsinə heç bir ehtiyac olmamalı idi. Bu halın özü də bir daha sübut edir ki, qeyri-qanuni qoşulma ilə bağlı yazılmış olan akt, çəkilmiş olan fotolar həqiqəti əks etdirir. Həmçinin də iddiaçı tərəfindən həmin evdə qeyd etdiyi dövrdə yaşayışın həqiqətən də olmamasına dair Azərişıq və Azərsu ASC-lərdən saldolar da daxil olmaqla təsdiqedici heç bir sübut tədim olunmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh İB-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh İB tərəfindən tərtib olunmuş 15 may 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı istifadəsində olan 14-2-2/3-5-77964796/Q001 saylı 1802AZ**********01 nömrəli sayğacdan qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar edilmədi. -Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 dekabr 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edildi. -Dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 25920 m3 təşkil etmişdir. -Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İran soba-nın maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin qəbul edilməklə dəymiş ziyanın həcmi 9072 m3 təşkil etmişdir. -Cavabdeh İB tərəfindən verilmiş **********00050 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023-cü il dekabr ayına qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 4199.04 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 15 may 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akta əsasən, ünvan 2 ünvanında istehlakçı İddiaçı istifadəsində olan 14-2-2/3-5-77964796/Q001 saylı 1802AZ**********01 nömrəli sayğacdan qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar edilməməsi, həmçinin Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 dekabr 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akta əsasən, ünvan 2 ünvanında təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilməsi barədə aktlar tərtib edilmiş və buna görə ziyan hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya zərər vurulması halı müəyyən edilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya digər qaydada zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 62 (altmış iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı 4233,24 manat cərimənin silinməsini tələb etsə də, saldodan müəyyən edilmişdir ki, son iki akt üzrə ona 4199,04 manat cərimə hesablanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 4199,04 (dörd min bir yüz doxsan doqquz manat dörd qəpik) manat İddiaçı-abonent kodu **********00050 saylı abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməli, 62 (altmış iki) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 4199,04 (dörd min bir yüz doxsan doqquz manat dörd qəpik) manat İddiaçı-abonent kodu **********00050 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. 62 (altmış iki) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1690/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1690/2025
29.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver