Məhkəmə qərarları › İş №2(009)-1697/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1697/2021

04.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1697/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qennadiyevnaya qarşı daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova Svetlana Qennadiyevnaya qarşı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 141 saylı yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Qanunvericiliyin tələblərinə əsasən bir neçə cavabdehə qarşı bir neçə iddia tələbi irəli sürüldükdə seçim aidiyyəti üzrə iddia onlardan birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilə bilər. Lakin daşınmaz əmlaklara münasibətdə seçim aidiyyəti istisna təşkil edir. Yəni tələblərdən biri müstəsna aidiyyətinə, digər tələb isə ümumi aidiyyətə aiddirsə, bu halda həmin tələblərə seçim aidiyyəti üzrə məhkəmədə baxıla bilməz. Verilmiş tələblərdən biri müstəsna aidiyyətə aid olduğu halda, iddia tələblərinə yalnız daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılmalıdır. AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması,tikintinin,qurğunun,torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iki tələb irəli sürülmüşdür. Tələblərdən biri daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digəri isə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlıdır. Həmin tələblərdən biri (alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) AR MPM-nin 36.2-ci maddəsinə cavabdehlərdən birinin rəsmi qeydiyyatı üzrə verilməli olsa da, digər tələb həmin qaydada verilə bilməz. Yəni ikinci tələb (torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi) daşınmaz əmlakla və həmin əmlaka olan hüquqların pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan, həmin tələbə müstəsna aidiyyət kimi daşınmaz əmlakın yerləşləşdiyi məhkəmədə baxılmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçının daşınmaz əmlakın boşaldılması və onun təhvil verilməsi ilə bağlı irəli sürdüyü tələbin taleyi (nəticəsi) mübahisə obyekti olan daşınmaz əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırkı işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi Xəzər rayonunda yerləşdiyi üçün iddiaçı tərəfindən irəli sürülmüş tələblərə daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılmalıdır və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova Svetlana Qennadiyevnaya qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon məhkəməsində baxılmalı olmadığı üçün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar