Məhkəmə qərarları › İş №2(009)-1722/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1722/2021

06.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1722/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi AR MPM-nin 149- 150-ci maddələrin tələblərinə uyğun olaraq verildiyi üçün AR MPM-nin 151-ci maddəsinə əsasən onun məhkəmə icraatı mümkün hesab edilmişdir. İdidaçı İddiaçı 05.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin həcminin artırımlası barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər arasında ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair 15.04.2017-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir . Müstəqil tələb irəli sürən 3-cü şəxs qismində X3 cavabdehlər İddiaçı, Cavabdeh2 və X1 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin mülkiyyət olaraq dövlət qeydiyyatına alımnası və çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Səbail rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürlmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verildikdən sonra irəli sürülmüş tələblərdən birinin müstəsna aidiyyətə aid olması müəyyən edildiyi üçün mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər rayon Məhkəməsinə göndərilməlidir. AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göstərilən Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi daşınmaz əmlakla bağlı mübahisələrə müstəsna olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılır. AR MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata götürülsə də, sonradan iddia tələbinin həcminin artırılması ilə bağlı verilən tələb müstəsna aidiyyətə aid olduğu üçün, həmin tələbə cavabdehlərdən birinin yaşayış yeri üzrə mhəkəmədə baxıla bilməz. Bu halda həmin tələb aidiyyət qaydalarını pozulmaqla baxılmış hesab edilə bilər ki, o da yolverilməzdir. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.06.2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Məhkəmə qeyd edir ki, ilkin olaraq irəli sürülmüş tələb üzrə məhkəmənin ərazi aidiyyəti AR MPM-nin 35.1 və 36.2-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş və iddia ərizəsi həmin əsaslarla icraata götürülmüşdür. Lakin sonradan iddia tələbinin həcminin artırılması ilə bağlı verilən tələb müstəsna aidiyyətə aid olduğu üçün, həmin tələbə AR MPM-nin 35.1 və 36.2-ci maddələrinə əsasən cavabdehlərdən birinin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılması yolverilməzdir. AR MPM-nin 35.1-ci maddəsi yalnız qanunla başqa hal nəzərdə tutulmadığı halda, 36.13-cü maddəsi isə AR MPM-nin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla irəli sürülmüş tələbə cavabdehin və ya cavabdehlərdən birinin qeydə alındığı yerin məhkəməsində baxılmasını nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, AR MPM-nin 39.1-ci maddəsinin tələblərində daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı iddiaya yalnız daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılması imperativ olaraq müəyyən olunduğu üçün, sonradan həcmi artırılmış və müstəsna aidiyyətə aid olan iddiaya yalnız daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq icraata qəbul edilsə də, sonradan iddia tələbinin həcminin artırılması ilə bağlı irəli sürülmüş tələb müstəsna aidiyyətə aid olan tələb olduğu üçün və qanunla həmin tələbə müstəsna olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmasına yol verildiyi üçün, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 39 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair, həmçinin müstəqil tələb irəli sürən 3-cü şəxs qismində X2 cavabdehlər İddiaçı, Cavabdeh2 və X1 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin mülkiyyət olaraq dövlət qeydiyyatına alımnası və çıxarışın verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar