Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1748/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə rəsmi nikahdadır. Birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsini əldə etmişdirlər. Cavabdeh2 onun razılığını almadan birgə mülkiyyətləri olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi ilə bağlı digər Cavabdeh3 ilə 15 fevral 2024-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Əmlak ipoteka ilə yüklü edilməzdən öncə əmlakın üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur. İddiaçıların sözügedən ipoteka müqaviləsindən xəbərləri olmamış və onlar razılıq verməmişdirlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən müqavilədən İlhamın oğlunun və həyat yoldaşının da məlumatı olmuşdur və həyat yoldaşı razılıq vermişdir. İddiaçılar və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin o məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh2 (ipoteka qoyan) ilə Cavabdeh3 (ipoteka saxlayan)ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyriyaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı2 nümayəndəsi (xx.xx.2021-ci il tarixdə verilmiş 7E-7842 reyestr nömrəli etibarnamə əsasında) Cavabdeh2 tərəfindən 28 saylı Notariat Ofisinə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyriyaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın: 49-cu bəndinə əsasən ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlanılması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. AR Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 277.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər arasında ipoteka müqaviləsi ilə yüklü edilən əmlak İddiaçı2 ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak olmuşdur. Cavabdehlər arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borc münasibətləri yaranarkən həmin müqavilənin təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi həmin tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-7842 reyestr nömrəli etibarnamə əsasında onu təmsil etməyi əri Cavabdeh2 etibar etmişdir. Cavabdeh2 isə həmin etibarnamə əsasında arvadının nümayəndəsi qismində birgə nikah dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Hazırki işdə iddiaçı iddia edir ki, ipoteka müqaviləsi bağlanan zaman onun razılığı alınmamışdır. Halbuki qanunvericiliyin tələbindən də göründüyü kimi, birgə nikah dövründə əldə edilən əmlak barəsində sərəncam verilən zaman yalnız ər-arvadın hər ikisinin razılığı tələb olunur. Həmin əmlak barəsində sərəncam verilən zaman digər ailə üzvlərinin razılığının alınması məcburi deyildir və qanunvericilikdə də təsbit olunmamışdır. İddiaçı isə Cavabdeh2 oğlu olmaqla ailə üzvüdür və sözügedən əmlak barəsində Cavabdeh2 tərəfindən hər hansı sərəncamverici hərəkətlər aparılarkən iddiaçıdan razılıq almasına hər hansı bir zərurət yoxdur. Göründüyü kimi əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan Cavabdeh2 arvadı M. Quliyevanın etibarnamə əsasında nümayəndəsi kimi əmlakı ipoteka ilə yüklü edərkən arvadının ona vermiş olduğu səlahiyyət əsasında müqavilənin bağlanmasına notariat ofisində razılıq vermiş və notarius da öz növbəsində həmin müqaviləni təsdiq etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, tələb əsassızdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1748/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1748/2025
18.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver