Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1749/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, əri X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onlar 1995-ci ilin avqust ayında nikaha daxil olmuşlar və birgə nikahlardan iki övladları vardır. Mərhum əri ilə birgə nikah dövründə iki mənzil almışlar – Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 2, mənzil 8 və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 30, mənzil 10. Bu ilin avqust ayında cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edib ərindən miras qalmış yuxarıda qeyd etdiyi mənzillərin qanun üzrə vərəsəlik qaydasında adına keçirilməsi üçün vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Cavabdeh 10 avqust 2023-cü il tarixli, X/1383 saylı məktubla müraciətinə imtina etmiş və mirasın qəbul olunması üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünü bildirib bərpa olunması üçün məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. Belə ki, qanunda belə bir müddətin nəzərdə tutulduğunu bilməmişdir və hesab etmişdir ki, mənzilləri əri ilə birgə nikah dövründə əldə etdiyinə görə onun ölümündən sonra adına keçir. Eləcə də əri vəfat edəndən sonra o, həyəcandan ağır psixi sarsıntı keçirmişdir və səhhətində ciddi problemlər başlamışdır. O, əlildir və onkoloji xəstədir. Uzun illərdir ki, mütəmadi müalicə alır. Ərinin vəfatından sonra səhhəti daha da ağırlaşmış və o, mütəmadi müalicə olunmağa başlamışdır. Səhhətinin ağırlığı səbəbindən notariusa və digər idarələrə gedib-gələ, sənədlər toplaya və mirasın qəbulu ilə əlaqədar digər işləri faktiki olaraq yerinə yetirə bilməmişdir. Hazırda nisbətən yaxşılaşmışdır və mirası qəbul etmək istəyir. Onu da bildirir ki, uşaqları mirasın onun adına keçirilməsinə etiraz etmirlər. Hesab edir ki, mirasın qəbul edilməsi üçün gecikmənin səbəbi üzrlü hesab edilməli və uzadılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı mərhum əri X1 miras qalmış əmlaklar Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 2, mənzil 8-i və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 30, mənzil 10-u vərəsəlik qaydasında qəbul edə bilməyi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürməyini üzrlü hesab edib müddətin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X3 ilə İddiaçı arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 414 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Lətif, arvada İbrahimova soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 151298 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, F.Əmirov küçəsində yerləşən 2 saylı evin 8 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 157990 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 30 saylı evin 10 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 10 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən verilmiş epikrizdən görünür ki, xəstə İddiaçı qoyulmuş diaqnoz: “Sağ süd vəzisinin axardaxili papilloması”. Xəstə İddiaçı xx.xx.2018-ci il tarixdə klinikaya daxil olmuş, xx.xx.2018-ci il tarixdə “Sağ süd vəzinin sektoral rezeksiyası, təcili p/h müayinə ilə” əməliyyat aparılmış, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xx.xx.2018-ci il tarixdə klinikadan həkim-onkoloqunun nəzarəti altında evə yazılmışdır. İş üzrə Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xəstə İddiaçı “Sol s/v kistası” diaqnoz təyin olunmuşdur, həkimlərin konsiliumunda müzakirə olunmuş, cərrahi əməliyyat məsləhətdir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, X/1383 nömrəli məktubundan görünür ki, mərhum X1 qalmış miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X3 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanılmış, birgə nikahdan 2 uşaqları var. Birgə nikah dövründə onlar Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 2 saylı evin 8 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 30 saylı evin 10 saylı mənzili əldə etmişlər. X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, o, əri X2 ölümündən sonra vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmiş, notariusun xx.xx.2023-cü il tarixli məktubu ilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən vərəsəlik hüququ şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, əlildir və onkoloji xəstədir. Ərinin vəfatından sonra səhhəti daha da ağırlaşmış və o, mütəmadi müalicə olunmağa başlamışdır. Səhhətinin ağırlığı səbəbindən notariusa və digər idarələrə gedib-gələ, sənədlər toplaya və mirasın qəbulu ilə əlaqədar digər işləri faktiki olaraq yerinə yetirə bilməmişdir. O, miras əmlakın qəbul edilməsi üçün müddətin nəzərdə tutulmasından xəbərsiz olmuş, üzürlü səbəbdən müddəti ötürmüşdür. Bu səbəbdən irəli sürülmüş iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. AR Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyanın vərəsələrindən heç biri miras əmlakı faktiki qəbul etməmişlər. Məhkəmə qeyd edir ki, qanunvericilik mirasın vərəsələr tərəfindən qəbul edilməsinin müddətlərini müəyyən edir. Qanunla müəyyən edilmiş müddət ötürüldüyü halda həmin müddətin uzadılması barədə vərəsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsini məhkəmədən xahiş edə bilər. Məhkəmə tərəfindən gecikmiş vərəsənin miras payı qəbul etmə müddəti uzadıldıqda onun miras payı almaq hüququ bərpa edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə İddiaçı mərhum X1 qalan mirasın qəbul edilməsi ilə bağlı iradə ifadəsinin olmasını, həmin əmlakın birgə nikah dövründə əldə edilməsini, lakin mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürülməsini üzrlü hesab edərək belə qənaətə gəlir ki, həmin müddətin 1 ay uzadılması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 22 dekabr 2020-ci il tarixdə vəfatından sonra qalmış Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 2 saylı evin, 8 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 30 saylı evin 10 saylı mənzili üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 1 (bir) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. X2 22 dekabr 2020-ci il tarixdə vəfatından sonra qalmış Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 2 saylı evin, 8 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 30 saylı evin 10 saylı mənzili üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 1 (bir) ay uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1749/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1749/2023
22.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver