Məhkəmə qərarları › İş №2(009)-1772/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1772/2021

17.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1772/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və yaşayış hüququnun məhdudlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi və həmin sahədən cavabdehlərin istifadə hüquqlarının məhdudlaşdırılması tələbinə dair ərizə ilə 14.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evi 1996-cı il tarixli 15252 nömrəli kirayə müqaviləsinə əsasən ona məxsusdur. Müvəqqəti olaraq maddi çətinliyi üzündən Rusiya Federasiyasında işlədiyindən həmin evdə atası yaşamış, daha sonra isə qardaşı Elxanın yaşamağa yeri olmadığı üçün ailəsi ilə (hazırki cavabdehlər) birlikdə müvəqqəti yaşamaqlarına razılıq vermişdir. Hətta Rusiyadan tam olaraq qayıtdıqdan sonra arada olan münaqişəni böyütməmək niyyəti ilə müvəqqəti olaraq 3 otaqdan ibarət olan mənzildə deyil, həyətdə yerləşən kiçik və şəraitsiz vəziyyətdə olan yardımçı tikilini qismən təmir edib orada yaşadı. Lakin həmin yarım tikilidə yaşamağına nə yaşı, nə də sağlamlığı imkan verir. Həm də ailə üzvlərinin ona olan təzyiqləri dözülməz həddə qədər çatıb. Kirayə müqaviləsi əsasında ona nəxsus olan və Səbail rayonu, 6-cı mədən, Arif İsmayılov küçəsi, 53 in vanında yerləşən mənzili sığınacaq yeri kimi vaxtilə qardaşının ailəsinə versə də, həmin şəxslər qanunsuz yolla qondarma ünvan olan Arif İsmayılov küçəsi, 53 B adı altında ona məxsus olan mənzildə əsassız şəkildə məskunlaşmışlar. Həmin mənzil cavabdehlərdən heç birinin mülkiyyətində deyil. Belə ki, cavabdehlərin mənzilin mülkiyyətçisi olduğunu, orada yaşamaq və ya həmin mənzildən istifadə etmək hüququnu təsdiqləyən heç bir sənəd yoxdur. Lakin həmin mənzilin ona məxsusluğunu təsdiqləyən sənəd olmasına baxmayaraq o həmin mənzildən istifadə edə bilmir. Ümumiyyətlə, Arif İsmayılov küçəsi, 53 B ünvanı əvəllər mövcud olmamışdır. Həmin ünvan Arif İsmayılov küçəsi, 53 olmuşdur. Yuxarıda qeyd edilən qondarma ünvan isə sonradan saxtalaşdırılmış sənədlər əsasında təsdiqlənib. Belə ki, ailə üzvləri onun adına olan kommunal xərclərin bildiriş talonlarını qanunsuz şəkildə öz adlarına keçiriblər və buna dair onda sənədlər var. Vacib məqamlardan biri kimi qeyd edir ki, ona məxsus olan şəxsi əşyalar hal-hazırda mübahisəli mənzildə yerləşir və cavabdehlər də onun iradəsi ziddinə həmin əşyalardan kobud şəkildə istifadə edirlər. Halhazırda onun Arif İsmayılov küçəsi, 53 ünvanında yerləşən və hal-hazırda yaşadığı yarım tikili onların yaşadığı və Arif İsmayılov küçəsi, 53 B imanında yerləşən mənzildən hündürdədir. Onun yaşadığı yarım tikilinin alt hissəsində qarşı tərəf yer qazdırıb və onun evdə olmamağından istifadə edərək orada otaq tikintisinə başlayıblar. İndi də hazır vəziyyətdədir. Onlar onun yaşadığı sahəyə ondan xəbərsiz daxil olublar. Belə ki, cavabdehlər yaşadığı yerin alt hissəsində tikintinin aparılması üçün heç bir qanuni sənəd olmadan özbaşına otaq tikiblər. İstəyir ki, cavabdehlərin həmin tikilisi sökülsün, onlar iddia etdikləri yaşayış sahəsindən istifadə etsinlər, onun yaşadığı sahədən istifadə etməsinlər. Son zamanlar o bu həyətdə yaşaya bilmir, vəziyyəti dözülməz həddə çatdırıblar. Özü dəfələrlə qarşı tərəflərin təzyiqinə məruz qalmışdır. Onlar qəsdən səs-küy və digər problemlər yaradırlar ki, o həmin ərazini tərk etsin. Özü 2-ci dərəcə əlilliyi olan şəxsdir və ayağından əməliyyat olunmuşdur. Əgər həmin yaşadığı tikilinin alt hissəsində onların yeni tikilisi olmasa, yaxud aralarında arakəsmə olsa, üzləşdiyi dözülməz vəziyyət aradan qalxa bilər. O kirayə müqaviləsi əsasında ona məxsus olan 3 (üç) otaqlı mənzilindən istifadə etmək hüququndan məhrum edilmişdir. Eləcə də, həmin mənzildən kənarda olan tikilidə belə təhlükəsiz yaşaya bilmir. O istəyir ki, cavabdehlərin həmin tikilisi sökülsün, onlar iddia etdikləri yaşayış sahəsindən istifadə etsinlər, onun yaşadığı sahədən istifadə etməsinlər. Hal-hazırda 3 (üç) otaqlı mənzilindən və orada yerləşən əşyalarından istifadə edə bilməməklə bərabər ünvanına qeydiyyata da düşə bilmir. Uzun müddətdir ki, Sumqayıt şəhərində qohum evində formal olaraq qeydiyyatda olsa da hazırda haqlı olaraq evin mülkiyyətçisi tərəfindən qeydiyyatdan çıxması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının həmin evə aidiyyəti yoxdur. Həmin ərazi plana düşmüş ərazidir və bütün mübahisələr atası rəhmətə gedəndən sonra başlamışdır. Hətta ona və qardaşına xəsarət yetirdiyi üçün iddiaçı barəsində cinayət işi açılmışdır. Bu səbəbdən də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Forma 28 görünür ki, Arif İsmayılov küçəsi, ev 53 İddiaçı kirayəyə verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Səbail rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Arif İsmayılov küçəsi, ev 53 istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda qeyd olunur ki, mülki iş materiallarında olan məlumatlara əsasən, tərəflərin tikinti apardığı torpaq sahəsinə, eləcə də tikintinin aparılmasına dair hüquqverici sənədlər yoxdur. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehin apardığı tikintinin qanunsuz aparılması, buna dair müvafiq icazələrin alınmaması kimi dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, qanunverciliyin sadalanan normaları iddiaçıya müvafiq icazə olmadan tikilmiş tikililərin sökülməsi və cavabdehlərin yaşayış hüquqlarının məhdudlaşdırılması ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar