Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1774/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı tam orta təhsil xidməti haqqında müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Qərb Universiteti Tam Orta məktəb» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış tam orta təhsil xidməti haqqında 13 sentyabr 2019-cu il tarixli 24 və 25 nömrəli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında övladları X1 və X3 təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13 sentyabr 2019-cu il tarixdə 24 və 25 nömrəli tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Lakin sözügedən müqavilələrdə qeyd edilənlər onun iradə ifadəsini və razılığını əks etdirmir, ona görə də, hesab edi ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlə aralarında bağlanmış müqavilə şərtləri birtərəfli qaydada, yalnız cavabdehin maraqlarına uyğun olaraq müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərindən aşkar görünür ki, cavabdeh həmin müqavilə üzrə forsmajor hal müəyyən etməmişdir. Bildirir ki, həmin müqavilənin bağlanmasından 5 ay sonra 2020-ci ilin mart ayından əyani tədris dayandırılmışdır. Bundan sonra cavabdeh təşkilat distant (onlayn) təhsil keçməyiblər. Cavabdeh təşkilatla aralarında bağlanmış sözügedən 13 sentyabr 2019-cu il tarixli 24 və 25 nömrəli tam orta təhsil xidməti haqqında müqavilələrdən aşkar görünür ki, həmin müqavilələrdə distant (onlayn) təhsil verilməsi barədə hər hansı bir müddəa da nəzərdə tutulmamışdır. Bundan əlavə, cavabdehlə aralarında bağlanmış sözügedən müqavilədə forsmajor hallar ümumiyyətlə nəzərdə tutulmayıb. Cavabdeh bütün bunları məqsədli şəkildə müqavilədə öz mənafeyini üstün tutmaq məqsədi ilə qeyd etməmişdir. Cavabdehlə aralarında bağlanmış 13 sentyabr 2019-cu il tarixli 24 və 25 nömrəli tam orta təhsil xidməti haqqında müqavilələrin 2.1.13-cü maddəsinə əsasən şagird xəstələndikdə və ya digər səbəbdən tədris prosesində iştirak etmədikdə buraxılan müddət ümumi tədris müddətinə daxil edilir və əvəzi ödənilir. Sözügedən müqavilələr üzrə övladlarının 2020-ci ilin fevral ayında xəstələnmələri və mart ayından etibarən ümumi ölkə üzrə əyani tədrisin dayandırılması səbəbindən tədrisdə iştirak etməmələri müqavilə tərəfi olaraq ondan asılı olmayan səbəbdir. Lakin buna baxmayaraq, cavabdeh təşkilat hazırki müqavilə şərtlərinə istinad edərək tədris etmədiyi dövrə görə də ondan ödəniş tələb edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Qərb Universiteti Tam Orta Məktəb» Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla yanaşı, məhkəməyə etiraz ünvanlayaraq, iddianın qanunsuz və əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçının övladları X1 və X3 təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə Tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında iddiaçı müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş ümumilikdə illik 9000 (doqquz min) manat (4500 AZN + 4500 AZN) məbləğindəki təhsil haqqını cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Məktəb müqavilə üzrə öhdəliklərini tam icra etdiyi halda iddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmiş və beləliklə də, əsas borc üzrə iddiaçının cavabdeh qarşısında icra edilməmiş 5000 (beş min) manat məbləğində təhsil haqqı borcu qalmışdır. Tərəflər arasında yaranmış bu mübahisəni cavabdeh məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsa da, lakin bu heç bir nəticə verməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı ilə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı səkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən iddiaçıya birinci dəfə bildiriş göndərilərək, ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin iddiaçı tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçıya ikinci dəfə bildiriş göndərilərək, təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqavilələrə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də, cavabdeh Məktəb iddia ərizəsi ilə Bakı səhəri Nizami rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(007)-471/2021 saylı qətnaməsi ilə müqavilə münasibətləri üzrə iddia tələbi təmin edilmişdir. İddiaçının müqavilələrdə qeyd edilənlərin onun iradə ifadəsi və razılığı olmadığı barədə fikrinə münasibətdə bildirir ki, tərəflər arasında imzalanmış 13.09.2019-cu il tarixli müqavilələr 15.06.2020-ci il tarixinədək qüvvədə olmuş və bu müddət ərzində cavabdeh Məktəb müqavilə üzrə öhdəliklərini istənilən şəraitdə icra etmiş, iddiaçı isə müqavilələr üzrə ümumilikdə ödənilməli olan 9000 (doqquz min) manat məbləğdən 4000 (dörd min) manat məbləğində olan hissəni ödəmiş, aldığı xidmətin qalıq hissəsini isə ödəməmişdir. Bütün bunlar isə müqavilənin könüllü surətdə və iddiaçının istəklərinə uyğun bağlanıldığının bariz sübutu və təsdiqidir. Əks halda iddiaçının övladları 2020-ci ilin mart ayınadək əyani tədris proseslərində, ondan sonra isə onlayn tədris proseslərində iştirak etməz və iddiaçı da bunun qarşılığında xidmət haqqının müəyyən hissəsini ödəməzdi. Hətta iddiaçı ərizəsində qeyd edir ki, onun övladları 2020-ci ilin mart ayınadək cavabdeh məktəbdən əyani şəkildə təhsil xidməti almışdır. Lakin iddiaçı sonuncu dəfə 15.11.2019-cu il tarixində təhsil haqqı ödəmiş və 16 yanvar 2020-ci ildən özünün də etiraf etdiyi dövrə qədər - 2020-ci ilin mart ayınadək olan dövr üçün əyani tədris aldığı müddətin belə xidmət haqqını ödəməmişdir. Əqdin etibarsızlığı ilə bağlı iddia tələbini isə iddiaçı müqavilənin müddətinin bitdiyi tarixdən düz bir il sonra - 14.06.2021-ci il tarixində qaldırmışdır. Bütün bunların məqsədi isə təhsil haqqı ödənişini həyata keçirməkdən yayınmaqdan başqa bir şey deyildir. Həmçinin bildirir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İddiaçı müqavilə bağlanarkən hansı şərtlərin pozulduğunu qeyd etməmiş və müqavilə üzrə 6 ay əyani şəkildə, 3 ay ərzində isə distant rejimdə xidmət aldığı və onun dəyərinin müəyyən hissəsini ödədiyi halda müqavilənin hansı şərtlərinin onun iradə ifadəsini əks etdirmədiyini və razılığını ehtiva etmədiyini göstərməmişdir. Bu isə iddia tələbinin əsassızlığını bir daha təsdiq edir. İddiaçı əlavə edir ki, mübahisələndirdiyi müqavilələrin bağlanmasından 5 ay sonra, 2020-ci ilin mart ayından əyani tədris dayandırılmış, bundan sonra distant (onlayn) təhsil də keçirilməmişdir. İddiaçının tədrisin həyata keçirilməməsi ilə bağlı qeyd etdiklərinə münasibət bildirərək göstərir ki, ölkə ərazisində karantin rejiminin elan edilməsinə və bütün müəssisələrdə tədris prosesinin dayandırılmasına baxmayaraq, müqavilə üzrə müəyyən edilmiş öhdəliklər AR Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun şəkildə və tam olaraq "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Tədrisin AR Nazirlər Kabineti və Təhsil Nazirliyinin göstərişinə əsasən distant rejimdə icra edildiyi müddət ərzində iddiaçı bu xidmətdən tam şəkildə istifadə etmiş və cari ilin mart ayından iyun ayınadək tədrisin keçirilməsi ilə ilə əlaqədar hər hansı narazılığını nə yazılı, nə də şifahi qaydada (əyani surətdə görüşün keçirilməsindən isə ümumiyyətlə söhbət belə gedə bilməz, cünki AR Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən vətəndaşların qəbulu bütün təhsil müəssisələrində dayandırılmış, bu prosesin yalnız yazılı və ya telefon danışıqları vasitəsilə həyata keçirilməsinə icazə verilmişdir) cavabdehə bildirməmiş, distant şəkildə tədrisin keçirilməsi və ya hər hansı digər bir səbəbdən müqavilənin ləğvini tələb etməmiş və müqavilə üzrə qarşılıqlı öhdəliklərin icra edilməsindən imtina etməmişdir. Halbuki iddiaçının övladlarının oxuduğu siniflərdə olan bəzi şagirdlərin valideynləri müqaviləyə xitam verilməsi tələbi ilə sms vasitəsilə cavabdehə hələ 2020-ci ilin mart ayında müraciət etmiş və cavabdeh tərəfindən bu tələb icra edilməklə müqaviləyə elə həmin ayda da xitam verilmişdir. Bu barədə sübutlar hazırki iş üzrə iddiaçıya qarşı qaldırılmış Bakı şəhəri Nizami rayon Məhkəməsində məhkəmə baxışı zamanı hazırki iş üzrə cavabdeh tərəfindən təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, AR Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profiliaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 03 mart 2020-ci il tarixindən etibarən dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. Bu proses Nazirlər Kabinetinin 07 mart 2020-ci il, 20 mart 2020ci il, 18 aprel 2020-ci il, 01 may 2020-ci il və 30 may 2020-ci il tarixli Sərəncamları ilə 31 may 2020-ci il tarixədək uzadılmışdır. Qeyd edilən dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən bütün tədris müəssisələrində tədris prosesinin onlayn (distant-məsafədən) təşkil edilməsi ilə bağlı AR Nazirlər Kabinetinin, AR Nazirlər Kabineti yanında Operativ Qərargahın və AR Təhsil Nazirliyinin tapşırıq və əmrləri əsasında digər təhsil müəssisələrində olduğu kimi cavabdeh Məktəbdə də tədris prosesi onlayn rejimdə təşkil edilmiş və həyata keçirilmişdir. İddiaçının övladlarının onlayn təhsilə cəlb edilməsi və bu xidmətdən istifadə etməsinə dair sübutlar da Bakı səhəri Nizami rayon Məhkəməsinə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi cavabdeh baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verən ondan artıq birinci instansiya məhkəməsi (Səbail, Nəsimi, Nizami, Sabunçu, Nərimanov, Yasamal, Sabirabad, Qaradağ, Abşeron və s. rayon məhkəmələri), o cümlədən Bakı Apellyasiya və Sumqayıt Apellyasiya Məhkəmləri qeyd etmişlər ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Lakin iddiaçı nə fors major halın baş verməsinə görə, nə də iddia etdiyi kimi, məktəb tərəfindən öhdəliklərin icra edilməməsi əsasına görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir. Halbuki baş vermiş fors major hal müqailənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı, iddiaçının iddia etdiyi kimi, öhdəliklərin icra edilməməsi isə müqaviləyə xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. İddiaçı 2020-ci ilin mart ayından həmin ilin iyun ayınadək məktəbdə tədrisin həyata keçirilməməsi və ya keyfiyyətsiz həyata keçirilməsi və müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı cavabdeh məktəbə hər hansı vasitə (E-mail, Whatsapp, Sms, poçt və s.) ilə ümumiyyətlə müraciət etməmişdir. Borclu (öhdəliklər qarşılıqlı xarakter daşıdığından Məktəb də valideyn qarşısında borclu qismində çıxış edir) yalnız öz risk dairəsinə daxil olan təqsirli hərəkətlərinə görə öhdəliklərin icra edilmədiyi halda məsuliyyət daşıyır. Əgər tədrisin ənənəvi (əyani) şəkildə deyil, distant (məsafədən) formada həyata keçirilməsi borclunun (Məktəbin) hər hansı təqsirli hərəkəti nəticəsində baş vermiş bir hadisəyə (Məktəbdə yanğın, partlayış, su basması, dağılması və s. kimi subyektiv səbəblərə) görə olsaydı, bu halda borclunun təqsirindən və müqavilə üzrə öhdəliyin icra edilibedilməməsindən danışıla bilərdi. İndiki halda isə tədrisin distant rejimdə həyata həyata keçirilmiş olması borclu tərəfindən müqavilə üzrə öhdəliyin (tədrisin məhz məktəb binasında həyata keçirilməsi öhdəliyinin) icra edilməməsi hesab edilə bilməz. Çünki tədrisin qeyd edilən formada keçirilməsi nəinki ölkəmizdə, həmçinin bütün dünya dövlətlərində bu günki gündə də həyata keçirilməkdədir və bu qərar həmin ölkələrin, o cümlədən də ölkəmizin hakimiyyət orqanları (hökümət) tərəfindən verilmişdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi iddia ərizəsində iddiaçının qeyd etdiyi bütün məsələlər tamamilə əsassızdır, heç bir sübuta əsaslanmır və məqsədi cavabdeh qarşısında icra edilməmiş öhdəliyin icra edilməsini uzatmaqdan ibarətdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilıməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 13.09.2019-cu il tarixli 24 və 25 №-li tam orta təhsil xidməti haqqında müqavilələrdən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında iddiaçının övladları X2 və X4 16.09.2019cu ildən 14.06.2020-ci ilə kimi orta təhsil xidmətinin göstərilməsi barədə razılıq əldə edilmişdir. Həmin müqavilələrin 2.2-ci maddəsinə əsasən həmin tədris ili ərzində valideyn hər uşağa görə illik ödəniş haqqı olan 4500 manatı nağd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay mütləq ödəməlidir. Həmin müqavilələrin 2.1.12-ci maddəsinə əsasən qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə Məktəb məsuliyyət daşımır. Həmin müqavilələrin 2.1.13-cü maddəsinə əsasən şagird xəstələndikdə və ya digər səbəbdən tədris prosesində iştirak etmədikdə buraxılan müddət ümumi tədris müddətinə daxil edilir və əvəzi ödənilir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafıq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafıq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifıni verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Ə.Ə.İbrahimovun şikayəti üzrə12 aprel 2004-cü il tarixli qərarında göstərmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci mad.). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsi və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 339-cu mad.). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iciasında sübutların tədqiqi ilə müəyyən edildi ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında iddiaçının övladları X2 və X4 16.09.2019-cu ildən 14.06.2020-ci ilə kimi orta təhsil xidmətinin göstərilməsi barədə 13.09.2019-cu il tarixli 24 və 25 №-li tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmış, həmin müqavilələr üzrə iddiaçı öz üzərinə həmin tədris ili ərzində hər uşağa görə illik ödəniş haqqı olan 4500 manatı nağd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay mütləq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 13.09.2019-cu il tarixli müqavilələr 15.06.2020-ci il tarixinədək qüvvədə olmuş və bu müddət ərzində cavabdeh müqavilə üzrə öhdəliklərini istənilən şəraitdə tam icra etdiyi halda iddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmiş, iddiaçı ümumilikdə ödənilməli olan 9000 manat məbləğdən 4000 manat məbləğində olan hissəni ödəmiş, aldığı xidmətin qalıq hissəsini isə ödəməmişdir. Ona görə də, cavabdeh məktəb iddiaçıya qarşı pul tələbinə dair iddia ilə Bakı səhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 08.07.2021-ci il tarixli, 2(007)-471/2021 saylı qətnaməsi ilə müqavilə münasibətləri üzrə iddia tələbi təmin edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən mübahisələndirilən tam orta təhsil xidməti haqqında müqavilələrdə qeyd edilənlər onun iradə ifadəsini və razılığını əks etdirmir. Belə ki, müqavilə şərtləri birtərəfli qaydada, yalnız cavabdehin maraqlarına uyğun olaraq müəyyən edilmişdir, cavabdeh həmin müqavilə üzrə forsmajor hal müəyyən etməmişdir. Həmin müqavilənin bağlanmasından 5 ay sonra 2020-ci ilin mart ayından əyani tədris dayandırılmış, bundan sonra cavabdeh təşkilat distant (onlayn) təhsil keçməyiblər. Cavabdehlə aralarında bağlanmış tam orta təhsil xidməti haqqında müqavilələrdə distant (onlayn) təhsil verilməsi barədə hər hansı bir müddəa da nəzərdə tutulmamışdır. Cavabdehlə aralarında bağlanmış 13 sentyabr 2019-cu il tarixli 24 və 25 nömrəli tam orta təhsil xidməti haqqında müqavilələrin 2.1.13-cü maddəsinə əsasən şagird xəstələndikdə və ya digər səbəbdən tədris prosesində iştirak etmədikdə buraxılan müddət ümumi tədris müddətinə daxil edilir və əvəzi ödənilir. Sözügedən müqavilələr üzrə övladlarının 2020-ci ilin fevral ayında xəstələnmələri və mart ayından etibarən ümumi ölkə üzrə əyani tədrisin dayandırılması səbəbindən tədrisdə iştirak etməmələri müqavilə tərəfi olaraq ondan asılı olmayan səbəbdir. Lakin buna baxmayaraq, cavabdeh təşkilat hazırki müqavilə şərtlərinə istinad edərək tədris etmədiyi dövrə görə də ondan ödəniş tələb edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının övladları 2020-ci ilin mart ayınadək cavabdeh məktəbdən əyani şəkildə təhsil xidməti almışdır. Lakin iddiaçı sonuncu dəfə 15.11.2019-cu il tarixində təhsil haqqı ödəmiş və 16 yanvar 2020-ci ildən özünün də etiraf etdiyi dövrə qədər - 2020-ci ilin mart ayınadək olan dövr üçün əyani tədris aldığı müddətin belə xidmət haqqını ödəməmişdir. Əqdin etibarsızlığı ilə bağlı iddia tələbini isə iddiaçı müqavilənin müddətinin bitdiyi tarixdən düz bir il sonra - 14.06.2021-ci il tarixində qaldırmışdır. AR Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 03 mart 2020-ci il tarixindən etibarən dayandırılmış və bu proses Nazirlər Kabinetinin Sərəncamları ilə 31 may 2020-ci il tarixədək uzadılmışdır. Qeyd edilən dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən bütün tədris müəssisələrində tədris prosesinin onlayn (distant-məsafədən) təşkil edilməsi ilə bağlı AR Nazirlər Kabinetinin, AR Nazirlər Kabineti yanında Operativ Qərargahın və AR Təhsil Nazirliyinin tapşırıq və əmrləri əsasında digər təhsil müəssisələrində olduğu kimi cavabdeh Məktəbdə də tədris prosesi onlayn rejimdə təşkil edilmiş və həyata keçirilmişdir. Ölkə ərazisində karantin rejiminin elan edilməsinə və bütün müəssisələrdə tədris prosesinin dayandırılmasına baxmayaraq, müqavilə üzrə müəyyən edilmiş öhdəliklər AR Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun şəkildə və tam olaraq "xxxx" MMC tərəfindən həyata keçirilmiş, tədrisin AR Nazirlər Kabineti və Təhsil Nazirliyinin göstərişinə əsasən distant rejimdə icra edildiyi müddət ərzində iddiaçı bu xidmətdən tam şəkildə istifadə etmiş və cari ilin mart ayından iyun ayınadək tədrisin keçirilməsi ilə ilə əlaqədar hər hansı narazılığını nə yazılı, nə də şifahi qaydada cavabdehə bildirməmiş, distant şəkildə tədrisin keçirilməsi və ya hər hansı digər bir səbəbdən müqavilənin ləğvini tələb etməmiş və müqavilə üzrə qarşılıqlı öhdəliklərin icra edilməsindən imtina etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçı mübahisələndirilən tam orta təhsil xidməti haqqında müqavilələrdə göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə övladlarının müqavilələrdə göstərilən təhsil haqqının ödənilməsi üzrə öhdəlik götürmüşdür. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən müqavilələr bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı tam orta təhsil xidməti haqqında müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1774/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1774/2021
28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver