Məhkəmə qərarları › İş №2(009)-1806/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1806/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1806/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxxxxxxxxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Səbail rayon İcra Hakimiyyəti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə cavabdeh «xxxxxxxxxxxx» MTK-na qarşı “müqavilədən irəli gələn öhdəliyin icra edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə cavabdeh «xxxxxxxxxxxx» MTK-na qarşı “məcburi köçkün kimi 5 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Səbail rayonu ərazisində müvəqqəti yaşamağı üçün zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdeh «xxxxxxxxxxxx» MTK-nın üzərinə qoyulması və cavabdeh tərəfindən mənzillə təmin edilənədək ondan hər ay 300 manat kirayə haqqı məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixində keçirilən iclasında iddiaçı şifahi vəsatət verərək Bakı şəhər İcra Hakimiyyətini səhv qeyd etdiyi üçün Səbail rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Laçın rayonundanam məcburi köçkün ailəsi 1993-cü il tarixdən 5 nəfər ailə üzvləri ilə birlikdə Səbail rayonu, X7 küçəsi 24 saylı mənzildə məskunlaşıb yaşayırdılar və məcburi köçkün ailəsi kimi Səbail rayonunda qeydiyyata alınmışdılar. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2004-cü il tarixli 298 nömrəli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artmlması üzrə Dövlət Proqramı”-nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılması barədə vermiş olduğu fərman və göstərişlərə görə onları 5 nəfər ailə üzvləri ilə 1993-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixə qədər müvəqqəti məskunlaşdığı mənzildən nə mənzilin sahibi nə də heç bir dövlət orqanı işçiləri çıxarmırdılar. Lakin Səbail rayonu, Bayıl qəsəbəsi, X7 küçəsində çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan və “PARK- BAYİL” Yaşayış Kompleksini inşa edən Cavabdeh1 MTK X7 küçəsində yerləşən əksər yaşayış mənzillərini alaraq yerində çoxmərtəbəli yaşayış binaları tikdiyi üçün onların məskunlaşdığı mənzilə də gələrək onlarla xx.xx.2016-cı il tarixdə 01/MK nömrəli müqavilə bağlayaraq, MTK onların məskunlaşıb yaşadığı mənzilin də yerində çoxmərtəbəli yaşayış binası tikəcək, tikinti işləri başa çatanadək MTK onların müvəqqəti yaşamaları məqsədi ilə kirayə tutduqları mənzilə köçürəcəklər və kirayə tutduqları mənzilin hər ay 300 manat kirayə haqqını da özləri ödəyəcəklər. Bina tikilib başa çatdıqda isə onlara dövlət tərəfindən müvəqqəti yaşamağları məqsədi ilə ev verilənə qədər tikdikləri binadan müvəqqəti yaşamağları məqsədi ilə mənzil verəcəklər. Sözügedən müqavilənin 2.2 maddəsinin 2.2.8-ci bəndində kooperativ (MTK) öhdəlik götürmüşdür ki, “Məcburi Köçkünlərin” öz doğma yurdlarına qaytarılması, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə, evlərə köçürülməsinə dair yeni fərman və buna oxşar hər hansı qərar, sərəncam, qanun qəbul edilərsə Kooperativ” hazırki, müqaviləni bir tərəfli qaydada ləğv edə bilər. Müqavilə şərtindən də göründüyü kimi hal-hazırki, vaxta qədər nə “Məcburi köçkünlərin” öz doğma yurdlarına qaytarılması barəsində heç bir fərman, sərəncam, qərar, qanun qəbul edilməmişdir, nə də müvəqqəti yaşamağları məqsədi ilə onun ailəsi heç yerə köçürülməmişdir. Cavabdeh1 MTK müqavilə ilə aldadıb başqa ünvanda yerləşən kirayə evə köçürmək məqsədi ilə onlar ilə xx.xx.2016cı il tarixdə müqavilə bağlayıb onları ünvan 1 a saylı ünvana kirayə evə köçürmüş 2019-cu ilin sonuna kimi onlara müqavilə üzrə müəyyən edilmiş 300 manat kirayə pulu verirdi. Sonradan nə kirayə haqqını ödəmədi nə də müvəqqəti yaşamağları məqsədi ilə onlara mənzil vermədi. Hesab edir ki, cavabdehin müvəqqəti məskunladığı mənzilin kirayə pulunu verməməsi və ümumiyyətlə müqavilə üzrə öhdəliyinə götürdüyü kimi müvəqqəti yaşamağları üçün mənzillə təmin etmədiyinə görə mülki məsuliyətə cəlb edilməklə öhdəliyi icra etmə vəzifəsi onun üzərinə qoyulmalıdır. Cavabdeh MTK onun 5 nəfərdən ibarət olan ailə üzvləri ilə məskunlaşdığı ərazidəki binanı sökməsəydi onlar hələ də həmin mənzildə məcburi köçkün kimi yaşayar və heçkimdən əlavə tələbləri olmayacaqdı. Kooperativin binanın sökülməsinə başlaması ilə əlaqədar onlarla müqavilə bağlayaraq başqa ünvana köçürtməklə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyi üçün bu gün evsiz qalmış, kirayə haqqı ödəyə bilmir. Başqa da əlavə maddi təminat alacaq yeri yoxdur. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özü və 5 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhərinin Səbail rayonu ərazisində müvəqqəti yaşamaqları üçün zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin edilməsinin və mənzillə təmin edilənədək iddiaçının xeyrinə hər ay 300 (üç yüz) manat kirayə haqqı məbləğinin ödənilməsinin cavabdeh "Cavabdeh1" MTK-nın üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəlilləri ilə aşağıda qeyd edilən əsaslara görə razı deyilik: İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh "Cavabdeh1" MTK aralarında bağlanmış olan xx.xx.2016-cı il tarixli müqavilə ilə öz üzərinə düşən öhdəliyini yerinə yetirməyərək 2019-cu ilin sonundan etibarən iddiaçının müvəqqəti məskunlaşdığı mənzilin kirayə pulunu ödəmir. İddiaçı ilə cavabdeh "xxxxxxxxxxxx" MTK arasında xx xxxxxx 2016cı il tarixində bağlanmış 01/MK nömrəli müqavilənin 2.1.2-ci maddəsinin tələbinə görə, cavabdeh "Cavabdeh1" MTK tikinti bitənədək aylıq 300 (üç yüz) manat məbləğində kirayə haqqını iddiaçının bank hesabına ödəməlidir. Müqavilədə nəzərdə tutulan tikintiyə dair işlər 2019-cu ilin sonu başa çatmışdır. Cavabdeh olaraq müqavilə üzrə öhdəliyimizi yerinə yetirmiş və tikintinin başa çatdığı həmin tarixə, yəni 2019-cu ilin sonuna qədər aylıq olaraq 300 manat kirayə pulunu iddiaçının bank hesabına köçürmüşük. Tikinti başa çatdıqdan sonra isə müqavilə üzrə cavabdeh olaraq iddiaçıya hər hansı ödəniş etmək öhdəliyimiz müəyyənləşdirilməmişdir. Buna görə də iddiaçının bu tələbinə etiraz edirik. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəf xx.xx.2016-cı il tarixli müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməyərək iddiaçını müvəqqəti yaşamaqları üçün mənzillə təmin etməmişdir. Adı çəkilən müqavilənin 1.2-ci maddəsinə əsasən, İddiaçı 1993-cü il tarixindən müvəqqəti olaraq məskunlaşdığı Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi 27 ünvanında yerləşən, ümumi sahəsi 38.5 kv.metr olan 8 saylı mənzili yeni "Park Bayıl" yaşayış kompleksinin tikintisi məqsədi ilə cavabdeh "Cavabdeh1"-ya təhvil verir. "Cavabdeh1" MTK isə sözügedən mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 49.53 kv.metr olan, 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqdan ibarət, təmirli İC №-li mənzili İddiaçı müvəqqəti yaşaması üçün təhvil vermək öhdəliyi daşıyır. Lakin X4 qəyyumu X2 məhkəmədə iddia qaldıraraq "Cavabdeh1" MTK tərəfindən qəyyumu olduğu əri X4 xüsusi mülkiyyətinə müdaxilə edərək şəxsi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 27 saylı binanın 2 otaqlı, 8 saylı mənzili onun və mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılığı olmadan və əvvəlcədən mülki qanunvericiliyə uyğun müqavilə bağlamadan sökülməsinin qanunsuz olması, bu səbəbdən İddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli 01/MK saylı müqavilənin etibarsız hesab edilməsi, "Cavabdeh1" MTK-nın sökdüyü Bakı şəhəri, Qurban Abbasov küçəsi 27 saylı binanın yerində inşa etdiyi çoxmərtəbəli binadan onlara 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyinin "Cavabdeh1" MTK-nın üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, Bakı şəhəri Səbail rayonu X8 küçəsi 27 saylı evin 8 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Rauf Cəfərovun adına qeydiyyata alınmışdır. Buna baxmayaraq, məcburi köçkün İddiaçı öz ailəsi ilə birlikdə həmin mənzilə yerləşərək orada yaşamışdır. Rauf Cəfərovun iddiası ilə xx.xx.1994-cü il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə Bənövşə Allahverdiyavanın öz ailəsi ilə birlikdə həmin mənzildən çıxarılması qət edilsə də, həmin qətnamə icra olunması və İddiaçı ailəsi ilə birlikdə mənzildə yaşamışlar. Buna görə də "Cavabdeh1" MTK Rauf Cəfərovun mülkiyyətçisi olduğu 8 saylı mənzilə dair orada faktiki yaşayan İddiaçı ilə xx.xx.2016-cı il tarixdə müqavilə bağlamışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə "xxxxxxxxxxxxx" MTK arasında mənzilin sökülməsi üçün təqdim olunmasına, habelə onun əvəzində yeni mənzilin İddiaçı verilməsinə dair müqavilə bağlanarkən sonuncunun həmin mənzilə sərəncam vermək səlahiyyəti olmamışdır və buna görə də, xx.xx.2016-cı il tarixli həmin müqavilə mənzilin sökülməsi üçün kooperativə təqdim olunması, habelə onun əvəzində yeni mənzilin İddiaçı verilməsi hissəsində etibarsız sayılmalıdır. Həmin müqavilə ilə Rauf Cəfərovun mülkiyyətinə vurulmuş zərərin əvəzinin ona sökülən mənzilinin əvəzinə həmin binanın yerində inşa edilən yeni yaşayış binasında təmirli mənzil verilməklə ödənilməsi qət edilmişdir. Apellyasiya və kassasiya instansiyası həmin qətnaməni dəyişilmədən qüvvədə saxlamışdır. Cavabdeh tərəf olaraq xx.xx.2016-cı il tarixli müqavilə ilə İddiaçı yeni tikiləcək binadan mənzil verilməsi öhdəliyini üzərimizə götürmüşdük. Lakin Səbail Rayon Məhkəməsi xx xxx 2018-ci il tarixli 2(009)-183/2018 nömrəli işi üzrə qətnaməsi ilə iddiaçı ilə olan müqaviləmizin həmin öhdəliyimizlə bağlı hissəsi etibarsız hesab edilməsi ilə "xxxxxxxxxxxxx"MTK-nın İddiaçı mənzil vermək öhdəliyi aradan qalxmışdır və İddiaçı veriləcək olan həmin mənzil xx xxxxxx 2019-cu il tarixli 01/ƏM №-li müqavilə əsasında xx xxxxxx 2019-cu il tarixli təhvil-təslim aktı tərtib edilməklə "Cavabdeh1" MTK tərəfindən X4 mülkiyyətinə verilmişdir. Buna görə də iddiaçının iddiasına etiraz edirik. İddiaçı iddia ərizəsində iddia etmişdir ki, özü və 5 nəfər ailə üzvünün Bakı şəhərinin Səbail rayonu ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və cavabdeh tərəfindən mənzillə təmin edilənədək ondan hər ay 300 manat kirayə haqqı tutulub iddiaçıya ödənilməlidir. Əvvəla, müqavilədən də göründüyü kimi, iddiaçıya verilməsi planlaşdırılan mənzil konkret olaraq cavabdeh tərəfindən yeni tikiləcək binadan olaraq müəyyənləşdirilmişdir. Yəni, cavabdehin iddiaçıya həmin binadan kənar mənzil vermək kimi bir öhdəliyi yoxdur. İkincisi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi Köçkünlərin Başqa Yaşayış Sahəsinə Köçürülməsi" Qaydasının 4-cü bəndinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdır. Qanunvericiliklə bu cür təminatı verən orqan Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsidir. Yəni, bu məsələ "Cavabdeh1" MTK səlahiyyətlərindən kənardır və onun öhdəliyi deyildir. Üçüncüsü, cavabdehin iddiaçını mənzillə təmin etmək öhdəliyi artıq olmadığı təqdirdə, həmin mənzilin iddiaçıya verilməsinə qədərki dövrdə aylıq 300 manat kirayə haqqının cavabdehdən tutulmasının heç bir qanuni əsası yoxdur. Müqaviləyə əsasən tikilən binadan kənarda hər hansı mənzillə təmin edilməyə dair öhdəliyin olmamasını, həmçinin kənar yerdə yaşayış sahəsi ilə təmin edilmənin cavahdehin səlahiyyətində olmadığını əsas gətirərək, iddianın təmin edilməməsini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 1993-cü ildə beş ailə üzvü ilə birlikdə Laçından köçkün düşmüşlər. Yaşadıqları bina pilot layihəyə düşdüyü üçün, MTK ilə yeni tikiləcək binada mənzillə təmin olunmaq şərtilə xx.xx.2016-cı il tarixdə müqavilə bağlamışlar. Həmin müqavilə əsasında 300 manat kirayə haqqı MTK tərəfindən ödənilməklə başqa şəxsə mənsub olan evə köçürülmüşlər. 5 ay bundan əvvələ qədər MTK tərəfindən kirayə haqqı ödənilirdi. Lakin, 5 aydır ki, kirayə haqqı ödənilmir. Yeni tikilimiş binaya isə köçürülmürlər. Həmin kirayə haqqını ödəməyə imkanları çatmır. İndiyə qədər heç kim heç vaxt məcburi köçkünləri məskunlaşdığı evdən çıxarmayıb. Göründüyü kimi MTK bizi aldadıb, çölə ataraq öz üzərinə düşən öhdəliyi icra etmir. Bu səbəbdən, iddianın təmin olunmasını, məcburi köçkün kimi 5 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Səbail rayonu ərazisində müvəqqəti yaşamağı üçün zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdeh «xxxxxxxxxxxx» MTK-nın üzərinə qoyulması və cavabdeh tərəfindən mənzillə təmin edilənədək ondan hər ay 300 manat kirayə haqqı məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxxxxxxxxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, “xxxxxxxxxxxx” MTK tərəfindən müqaviləyə əsasən, bina inşa edilənə qədər ödənişlər həyata keçirilirdi. Lakin mənzilin mülkiyyətçisi tərəfindən həmin müqavilənin ləğv olunması ilə bağlı iddia qaldırılmış və məhkəmə tərəfindən təmin olunmuşdur. MTK bina tikilənə qədər öhdəliyini icra etmiş, əlavə olaraq öz xoşu ilə, 2020-ci ilin may ayına qədər 300 manat kirayə haqqını ödəmişdir. Pandemiya ilə əlaqədar olaraq, MTK iqtisadi cəhətdən həmin ödənişlərin həyata keçirilməsini təmin edə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı 046386 nömrəli vəsiqədən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Səbail rayonunda məskunlaşmışdır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, 01/MK nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxxx» MTK ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İddiaçı Bakı şəhəri, Səbail rayonu, X7 27 ünvanında yerləşən istismar müddəti ötmüş yaşayış binasının ümumi sahəsi 38.5 kv.metr olan 8 saylı mənzili “Park Bayıl” yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”ə təhvil verilmiş, “Kooperativ” isə sözügedən mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi49.53 kv.metr olan, 4-cü mərtəbəsində yerləşən, 1(bir) otaqdan ibarət, təmirli 1 C№-li mənzili “Məcburi köçkün”ə müvəqqəti yaşaması üçün təhvil verir. “Kooperativ”-dən tikinti bitənədək, aylıq 300 manat məbləğində kirayə haqqını “Məcburi köçkü”nün bank hesabına ödəməsini öhdəlik götürür. İş materiallarında olan Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-1241 nömrəli Qərarından görünür ki, Səbail rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə «xxxxxxxxxxxx» MTK ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 01/MK nömrəli müqavilə etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 01/ƏM nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxxx» MTK ilə X4 qəyyumu X3 arasında müqavilə bağlanmışdır. “Kooperativ” mülkiyyətçinin mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv.metr olan 8 saylı mənzilin əvəzinə həmin ünvanda inşa edilən “Park Bayıl” yaşayış kompleksinin 2-ci Giriş 2-ci mərtəbə, brut sahəsi 55,96 kv.m olmaqla, 1 otaqdan ibarət təmirli 7 №-li mənzili təhvil verməyi öhdəlik götürür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “Park Bayıl” yaşayış kompleksinin 2-ci Giriş 2-ci mərtəbə, brut sahəsi 55,96 kv.m olan, 1 otaqdan ibarət tam təmirli 7 №-li mənzil X4 qəyyumu X1 təhvil verilmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdejh arasında bağlanan müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsassızdır və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar