Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1816/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı Səlim oğlunun, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Səlim oğlunun Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səlim oğlu Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 338 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, hazıda yaşadığı Səbail rayonu, Əhməd Cavad 1, mənzil 25-i 2017-ci il tarixdə almışdır. 2019-cu il tarixində qaz idarəsindən gəlib blokdakı sayğacı söküb yerinə yeni sayğacı qoyublar. Yeni sayğac qoyulan zaman iddiaçının mənzilində heç kim olmamış və ev sahibinə sayğacın qoyulması ilə bağlı məlumat verilməmişdir. Sayğac qoyulduqdan 1 il yarım keçəndən sonra kommunal ödəniş edərkən iddiaçıya 338 manat borcu olduğu bildirilmişdir. Bildirir ki, kommunal ödənişləri ödəmək barədə məsuliyyətlidir. Ona borcunun olduğu barədə nə akt, nə də bildiriş verilmişdir. Məhkəmə iclasında İddiaçı Səlim oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçının yaşadığı Səbail rayonu, Ə.Cavad küçəsi ev 1, mənzil 25 ünvanında olan sayğaca hələlik Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması müəyyən olunaraq bu barədə akt tərtib edilmişdir. Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı Səlim oğlu 01.07.2021-ci il tarixdə dəqiqləşdirmə ərizəsi verərək Səbail rayonu, Əhməd Cavad 1, mənzil 25-də quraşdıılmış sayğac üzrə hesablanmış 399 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 17148393 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Səlim oğlu 05.11.1958-ci il tarixdə Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndində andan olmuşdur və qeydiyyatda olduğu yer Səbail rayonu, Əhməd Cavad 1, mənzil 25-dir. İş materiallarında olan 11.03.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m, yaşayış sahəsi 56 kv.m, yardımçı sahəsi 20 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus 76 kv.m hissəsini alıcı İddiaçı Səlim oğlunun mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.8 kv.m olan daşınmaz əmlak İddiaçı Səlim oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismra qəbulu haqqında 29.05.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı Səlim oğlunun yaşadığı Səbail rayonu, Əhməd Cavad küçəsində mexaniki sayğac quraşdırılmışdır. İş materiallarında olan 31.05.2019-cu il tarixli, AKX-0098038/05-2019 nömrəli müqavilədən görünür ki, İddiaçı Səlim oğlu ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, **********2 nömrəli, Smart G-4 İTRON GALLUS PAY markalı qaz sayğacı 29.05.2019-cu il tarixdə quraşdırılmışdır. İş materiallarında olan 02.07.2021-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı Səlim oğlunun 2019-cu il tarixi üzrə qalıq borcu 399.60 manatdır. İş materiallarında olan 02.07.2021-ci il tarixli saldosundan görünür ki, iddiaçının 2021.05.03-cü il tarixinə qədər hesablanmış ümumi borcu 338.2 manatdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Səlim oğlu ünvan 1 ünvanın təbii qaz istehlakçısıdır. 30.09.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və qoruyucu şüşəsini plastmas qapağa bərkidən dörd qulaqcıqdan biri aşkar olunmadığı üçün bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirildikdən sonra, hesablanmış 338.2 manat iddiaçıdan tələb edilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulu tələb etməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı mülki işdə İddiaçı Səlim oğlunun yaşadığı ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacında qoruyucu şüşəni plastmas qapağa bərkidən dörd qulaqcıqdan birinin olmaması onun təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyi sübuta yetirilmir. Cavabdeh İB X5 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 2 ünvana hesablanmış 338.2 (üç yüz otuz səkkiz manat iki qəpik) manat borc İddiaçı Səlim oğluna məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB X5 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 2 ünvana hesablanmış 338.2 (üç yüz otuz səkkiz manat iki qəpik) manat borc İddiaçı Səlim oğluna məxsus abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1816/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1816/2021
27.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver