Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1817/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh, X5 və X2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında 24 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa edilmiş 45 kv.m qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Mənzilin pəncərəsinin qarşısında qanunsuz olaraq ev tikilmişdir. Evin divarına bitişik qanunsuz tikili səbəbindən iddiaçının mənzilinə yağış və qar yağıntılarının nəticəsində su sızması yaranır. Qanunsuz tikili yaşayış otağının eyvanının qarşısında olduğundan iddiaçıya narahatçılıq yaradır. Həmçinin gələcəkdə hər hansı yanğın hadisəsi baş verərsə, qanunsuz tikili səbəbindən qarşısını almaq mümkün deyildir. Odur ki, iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa edilmiş 45 kv.m qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh, X5 və X1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: Az. Resp. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. 18.06.2021-ci tarixli aktın surətindən görünür ki, X5 və X3 faktiki olaraq mübahisəli tikilidə yaşayırlar. Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli 10/3784 saylı rəyindən görünür ki, 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın divarına bitişik aparılmış tikinti işlərinə dair hər hansı bir icazə sənədləri iş materiallarında olmadığı və baxış zamanı təqdim edilmədiyi üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun deyildir; 2-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın divarına bitişik 5,1x9,0 m. ölçüdə tikili inşa olunduğunu və bu da AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə zidd olduğunu nəzərə alaraq, həmin tikili gələcəkdə baş verəcək hər hansı bədbəxt hadisənin (yanğın hadisəsinin) qarşısının alınması üçün təhlükəsizliyin təmin edilməsinə maneçilik yaradır; 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinə giriş pilləkən meydançasından olduğunu nəzərə alaraq, 5,1x9,0 m. ölçüdə tikilinin inşası iddiaçının öz mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsinə məhdudiyyət və ya maneə yaratmır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid texniki pasportun məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinə bitişik və eyvanın qarşısında cavabdeh tərəfindən inşa olunmuş (tikintisi tam başa çatmamış iki mərtəbəli tikilinin) tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa olunan tikili AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın Yanğın əleyhinə tələblərə zidd inşa olunduğundan gələcəkdə baş verə biləcək yanğın hadisəsi zamanı təhlükəsizliyin təmin edilməsinə məhdudiyyətlər yaradır. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, sökülməsi iddia edilən tikilinin mövcudluğu iddia üzrə iddiaçının mülkiyyətindən təhlükəsiz və sərbəst qaydada istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m. ölçüdə 3,9 m. hündürlüyündə bir mərtəbəli tikilinin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Az. Resp. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nin 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m. ölçüdə 3,9 m. hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikili sökülsün. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m. ölçüdə 3,9 m. hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi vəzifəsi cavabdehlər Cavabdeh, X5 və X1 üzərinə qoyulsun. İddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 AZN məbləğində pul vəsaiti cavabdehlərdən tutulub iddiaçıya verilsin. İş üzrə Az. Res. ƏN. MEM tərəfindən keçirilmiş 22.10.2021-ci il tarixli 10/3784 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X4, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1817/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1817/2021
24.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver