Məhkəmə qərarları › İş №2(009)-1820/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1820/2021

21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1820/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin alğı-satqı haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin alğı-satqı haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Hakim qeyd edir ki, irəri sürülmüş tələb üzrə cavabdehlərdən heç birinin Səbail rayonu ərazisində rəsmi qeydiyyatları yoxdur. Digər tərəfdən hazırki tələb ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısı haqqında cavabdehlər arasında bağlanmış 28.01.2020-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olsa da, həmin tələb müstəsna aidiyyətə aid deyil . AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması,tikintinin,qurğunun,torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hakim hesab edir ki, irəli sürülmüş tələb müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğu üçün bu tələb daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə deyil, cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyi üçün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin alğı-satqı haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon məhkəməsində baxılmalı olmadığı üçün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar