Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1836/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı "Qərb Unı̇versı̇tet X12" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X4 və vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin övladı X5 təhsil almağı məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş 5000 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəlik icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, lakin heç bir nəticə verməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci il tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5000 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilələrin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 2500 manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış tam orta təhsil xidməti haqqında müqavilənin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik tam icra edilmədiyindən iddiaçı məktəb tərəflər arasında imzalanmış müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq xx.xx.2010-cu il tarixədək cavabdehə ümumilikdə 1357 manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 2500 manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1357 manat məbləğində cərimə, ümumilikdə 3857 manat məbləğində borcu vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2500 manat məblğəində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1357 manat məbləğində cərimənin, ümumilikdə 3857 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı MMC ona qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan İddiaçı MMC-nin xeyrinə 2500 manat təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1357 manat cərimənin, ümumilikdə 3857 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında cavabdehin övladı X5 təhsil almaq məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx xxxxxxxx 2019- cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır, bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5000 manat məbləğindəki təhsil haqqının iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Göstərilən əsaslara görə iddianın əsassız olmasını bildirmişdir. İddia ərizəsindən də görünür ki, iddiaçı öz iddia ərizəsini ümumi hallarla əsaslandırmış, işin əsas hallarını məhkəmə araşdırmasından yayındırmaq üçün hansı aylar üzrə təhsil haqqının ödənilməməsini göstərməmişdir. Belə ki, o İddiaçıi ilə “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə imzalamış, həmin müqaviləyə əsasən onun qızı X8 həmin məktəbdə təhsil almağa başlamışdır. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən o 5000 manat məbləğində təhsil haqqını və vergi ödənişlərini nəğd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yəni həmin müqavilənin bu bəndinə əsasən onun həmin ödəniş üsullarından biri üzrə ödəniş etmək hüququm olduğuna görə o aylıq ödəniş üsulu kimi hər ay 500 manat məbləğində ödəniş etmişdi. Sözügedən müqavilə 9 aylıq tədris ilini əhatə etdiyinə və 9 ay qüvvədə olduğuna görə o həmin təhsil haqqını qızıa verilən təhsilin müqabilində aylıq ödəmişdir. İddiaçı qeyd edilən müqaviləyə əsasən onun qızına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək, yəni 5 ay müdətinə təhsil vermiş, bu beş ay təhsil haqqı olaraq o iddiaçıya 2500 manat məbləğində pul vəsaiti ödəmiş, 280 manat məbləğində borcum yaranmışdır. Dünyada yayılmış pandemiya səbəbindən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” xx xxxx 2020-ci il tarixi Sərəncamına əsasən 2020-ci ilin martın 3-dən etibarən tədris prosesi davandırılmış, həmin tarixdən məktəb təhsil xidməti göstərməmiş, uşaqlar məktəbə getməmişlər. O mart ayına qədər təhsil haqı ödənişi üçün yaranmış 280 manat borcumu ödəmək istədikdə isə iddiaçı ondan 28 manat məbləğində pulu qəbul etməmiş, təhsil vermədiyi ay üçün bütün məbləği tələb etmişdir. Qızının məktəbə getməməsinə, məktəbin onun qızına təhsil xidmə göstərməməsinə görə o da mart, aprel, may və iyun ayları üçün təhsil haqqıı ödəməmiş, xx xxxx 2020-ci il tarixdən tədris ili başa çatmış, həmin müqavilə xx xxx 2020-ci il tarixdən qüvvədən düşmüşdür. “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqaviləni 2.1.6-cı bəndinə əsasən dərsləri tam həcmdə və ardıcıl keçmək iddiaçının vəzifəsidir. Həmin müqavilənin 2.1.4-cü maddəsinə əsasən ev tapşırıqlarını məktəbd keyfiyyətlə yerinə yetirilməsini təmin etmək Məktəbin vəzifəsidir. Lakin məktəb fevral ayından sonra dərsləri keçməmiş, ev tapşırıqlarını məktəbd keyfiyyətlə yerinə yetirilməsini təmin etməmiş, həmin tarixdən başlayaraq bizə heç bir təhsil xidməti göstərməmişdir. Beləliklə də Nazirlər Kabinetinin yuxarıda adını çəkdiyim qərarına əsasən iddiaçının öz vəzifəsini yerinə yetirə bilməməsi, dərsləri tam həcmdə və ardıcıl keçmədiyinə və ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmədiyinə görə onun kompensasiya ödəmək vəzifəsini istisna etdiyi kimi iddiaçının keçmədiyi dərslərə görə ondan təhsil haqqını tələb etmək hüququnu da istisna edir. Lakin iddiaçı mart ayından başlayaraq qızına müqavilədə nəzərdə tutulan qaydada - dərsləri tam həcmdə və ardıcıl keçməməsinə baxmayaraq, həmin aylar üçün ondan təhsil haqqını tələb etmiş, o təhsil haqqı ödənişinin dayandırılmasını tələt etdikdə isə məktəb təhsil vermədiyi hər ay üçün cəmi 70 manat, ümumilkdə isə 280 manat məbləğində güzəşt ediləcəyini bildirmişdir. Halbuki, müqavilənin özündə də təhsil haqqının aylar üzrə verilməsi, yəni bu haqqın yalnız göstərilən təhsil xidmətinin dəyəri olması öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə tərəflərdən birinin öhdəliyinin icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Yəni həmin müqaviləyə əsasən İddiaçı MMC mənim qızına təhsil verməyi və o da həmin təhsilin haqqı üçün pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı "Qərb Unı̇versı̇tet X12" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin nümayəndəsi və vəkili X6 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Pandemiya olsa da uşaqlara dərs keçirilmişdir. Bu barədə sms yazışmalar, fotoşəkillər, video görüntü təqdim etmişlər. Müxtəlif saatlarda, müxtəlif dərslərin keçirilməsi barədə şəkillər əlavə olunub. Dərslərin online keçirilməsi, müəllim sayı, dərsdə oturma saatı nəzərə alınaraq, güzəşt tətbiq olunmuşdur. 7-ci sinif şagirdinin dərs sayı ilə 1-ci sinif şagirdinin dərs sayı arasında əlbəttə fərq var. Dərslərin saatı barədə telefona məlumat göndərilmişdir. 7 iyun tarixində cavabdeh tərəfindən müəllimə təşəkkür var. Göründüyü kimi məktəb tərəfindən öhdəlik icra olunmuşdur. Əgər online dərsə razı deyildisə, icra müddəti ərzində imtina edə bilərdi. Yerdəyişmə edib məktəbi dəyişə bilərdi. Pul ödəmək istəməyən valideynlər vaxtında imtina edərək, məktəbi dəyişmişdirlər. Cavabdeh isə dərslər bitdikdən sonra imtina etmişdir. Keçirilmiş dərsin pulunu ödəmək istəmirlər. Martdan sonra keçirilmiş dərslərdən əlavə fevral ayı üçün keçirilən dərslərin də pulunu ödəməmişdir. Ən son 27 yanvarda fevralın 1-nə qədər olan dərslərin pulun ödəmişdir. Sinifdə 18 nəfər var, 4 nəfər pul ödəmir. Bu səbəbdən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. O, 100 faiz xidmət üçün müqavilə imzalamışdır. 27 fevral tarixindən uşaq dərsə getmir. Onlara görə uşağı stress keçirir, ona görə başqa məktəbə yazdırmışdır. 7 ildir ki, o onlara pul köçürür. Onları orada şantaj edirdilər ki, ödəməsələr məhkəməyə verəcəklər. O direktorun yanına getmişdir, lakin direktor danışmaq istəməmişdir. Dərslər 50 faiz keçirilirdi, həftədə 4 dəfə olan dərs 2 dəfə keçirilirdi. Yanvar ayı daxil olmaqla hər ay 500 manat ödəmişdir. 280 manat indi ödəyə bilər, qalan aylar üçün isə yox. Şəkillərdə tarix göstərilməyib, heç çoxunda onun qızı yoxdur. Video görüntü isə hamısı deyil, sadəcə 1-2 dərs var. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X7 izahat verərək bildirmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi halda, verilməmiş təhsilə görə pul tələb edir. Cavabdehin xəbəri olmadan müqaviləyə dəyişiklik etmişdir. Cavabdeh düşünmüşdür ki, əgər dərslər onlayn keçirilirsə, yəqin ki, tələbələrə güzəşt olunar. İlin sonunda şifahi olaraq məktəbə müraciət edəndə məktəb görüşməkdən imtina etmişdir. Bu səbəbdən iddianın təmin edilməməisini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 126 saylı Tam orta təhsil xidməti haqqında müqavilələrdən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı 5000 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə “Məktəb” məsuliyyət daşımır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə ödənilməli olan 5000 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2500 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2500 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1357 manat, ümumi borc 3857 manat təşkil edir.İş üzrə İddiaçıin xx.xx.2020-ci il tarixli 20 No-li əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: - 5-11 siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda) – 280 manat. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh uşağı təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlamışdır və həmin müqaviləyə əsasən cavabdeh 5000 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, respublikada baş verən pandemiya ilə əlaqədar dərslərin keçirilməsi dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən cəmi 2500 manat təhsil haqqını ödənilmiş, yerdə qalan hissəni isə cavabdeh ödəməkdən imtina etmişdir. Həmin imtinanın səbəbini cavabdeh respublikada baş verən pandimayanın və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan dərslərin keçirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımaması müəyyən edilsə də, cavabdehin həmin əsasa görə müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən fors major halı əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermiş fors major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması, dərslərin 40 saatdan yalnız 20 saatı onlayn keçirildiyindən uşağının tam təhsil almaması, bu səbəbdən məktəb qarşısında hər hansı öhdəliyin olmaması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı bütün şagird valideynlərinə “Vatsap” vasitəsi ilə onalyn dərslərin keçirilməsi ilə bağlı məlumat verilməsi, cavabdehin uşağının onlayn qaydada dərsdə iştirak etməsi faktı təsdiq olunduğundan, cavabdehin yuxarıda qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə cavabdehin uşağının həmin müddət ərzində qida məhsulları ilə təmin olunmamasını nəzərə alaraq hesab edir ki, məktəbin xx.xx.2020-ci il tarixdə qəbul etdiyi 20 saylı əmrə müvafiq 280 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 2220 (2500-280=2220) manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində qismən əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1357 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndinə əsasən şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin 2.2.3-cü bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi müqavilə ilə nəzərdə tutulmasa da, iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün cavabdehlə birgə hərəkət etməli idi. Lakin göründüyü kimi tərəflər arasında baş vermiş fors major halla bağlı razılıq əldə edilməmiş və mübahisə yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin icrası ilə bağlı yaranmış mübahisə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi 1357 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 2220 manat təhsil haqqının tutulması hissəsində qismən əsaslı hesab edildiyi üçün, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2220 manat məblğəində təhsil haqqı borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1836/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1836/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver