Məhkəmə qərarları › İş №2(009)-1884/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1884/2020

08.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1884/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi F.N.Qasımzadənin iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın qanunsuz hesab edilib ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın qanunsuz hesab edilib ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun yaşadığı evə aid olan (abunə kodu **********0000) sayğac evindən 200 metr aralı hasarın arxasında açılmışdır. O, sayğaca nəzarət edə bilmir, sərf etdiyi enerji haqqında bildiriş xəbərdarlıq əraziyə baxan nəzarətçi tərəfindən evə veirilir və o, elektrikə olan borcunu ödəyir. Axırıncı dəfə evə verilən bildirişdə əvvəlki göstərici xx.xx.2020-ci il tarixə 17860, son göstərici xx.xx.2020-ci il tarixə 18429 olmuşdur. Onun və ailə üzvlərinin heç birinin iştirakı olmadan xx.xx.2020-ci il tarixdə kartla işləyən yeni sayğac qoyulmuşdur və əvvəlki sayğaca əsassız olaraq cərimə yazılmışdır. Ona sənəd xx.xx.2020-ci il tarixdə verilmiş və idarədən kartını götürməsini bildirmişlər. O, xx.xx.2020-ci il tarixdə olan borcunu ödəmişdir. Kartı götürmək istəyəndə rəhbərlik ona bildirmişdir ki, akt yazılıb, akta əsasən ona 1616,48 manat cərimə yazılmışdır. Cərimənin 70% faizinin ödəyəndən sonra kartı verəcəyini bildirmişlər. Hazırda mənzildə işıq yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 0006 ünvanına yazılmış 019500 nömrəli NDM seriyalı aktın qanunsuz hesab edib ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdidaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia əriəzsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o cavabdehə qarşı 019500 nömrəli NDM seriyalı aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə iddia qaldırmışdır. Araşdırma zamanı cavabdehin nümayəndəsi məhkəməyə abonent hesabıma əlavə borcun hesablanması üçün əsas olmuş sənədlərin surətlərini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, “xxxxxxxx” ASC-nin akt komissiyasının qərarı ilə xx.xx.2020-ci il tarixli 019500 No-li akta əsasən mənə 1615 manat məbləğində əlavə borc hesablanmışdır. Hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları aktı tərtib edərkən “Elektrik enerjisindən istifadə” qaydalarını pozduqları üçün onların tərtib etdikləri akt etibarsız hesab edilməlidir. Belə ki, qaydalara əsasın akt tərtib edilərkən iki hal şahidinin iştirakı məcburi hal kimi müəyyən edilmişdir. Lakin aktdan da göründüyü kimi hal şahidlərinin iştirakı təmin olunmamışdır. Digər tərəfdən “Elektrik enerjisindən istifadə” Qaydalarında Enerjitəchizatı müəssisəsinə abonentə aşkar edilmiş pozuntu ilə bağlı barəsində hər hansı qərar qəbul etmək və vurulmuş ziyanın onun abonent hesabına yazmaq səlahiyyəti verilməmişdir. Yəni enerjitəchizat müəssisəsi vurulmuş ziyanın ödənilməsini yalnız tələb edə bilər. Bu səbəbdən Akt komissiyasının sədri tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı da etibarsız hesab edilməli və həmin qərar əsasında yazılmış borc abonent hesabımdan silinməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 019500 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında “xxxxxxxx” ASC-nin Akt komissiyasının sədri tərəfndən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın etibarsız hesab edilməsi və həmin qərar əsasında abonent hesabına yazılmış 1615 manat əlavə borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, sayğac onun evindən 200 metr kənarda quraşdırılmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə iddiaçıya evində quraşdırılmış sayğaca ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən onu işlək vəziyyətdə olmaması, yəni elektrik yükünün qeyd edilməməsi müəyyən edildiyinə görə müvafiq akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2020-ci ildə qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçının abunə hesabına 1615 manat əlavə borc yazılmışdır. Hesab edir ki, akt və onun əsasında qəbul edilmiş qərar qanunidir. Bu səbəbdən cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə NDM№ 019500 №-li xx.xx.2020-ci il tarixli akta əsasən abonent İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Yujnaya Bayıl küçəsi, 6 saylı (abonent kodu **********00006) ünvan üzrə yerləşən mənzilinə aid elektrik sayğaca baxış keçirilərkən sayğacın işləmədiyi, bu səbədən sayğac sxemindəki yükün qeyd edilməməsi aşkarlanmış və sayğacın dəyişdirilməsi göstərilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı hal şahidləri və abonent iştirak etməmişdir. İş üzrə NDM 019500 saylı xx.xx.2020-ci il tarixli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2020-cı il tarixli qərarına əsasən İddiaçı əlavə olaraq 1615,00 manat əlavə sərfiyyat hesablanmışdır. İş üzrə «xxxxxxxx» ASC tərəfindən verilmiş **********00006 saylı abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışdan görünür ki, abonentə xx.xx.2020-ci ildə NDM 019500 saylı akt əsasında 1615,68 manat əlavə ödəniş hesablanmışdır. İş üzrə «xxxxxxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ödəməli olduğu məbləğ 1616,48 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadğı mənzilə aid olan hesablaşma elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə baxış keçirilmiş və həmin baxışın nəticəsi olaraq 019500 No-li akt tərtib etmişlər. Həmin aktda qeyd olunmuşdur ki, baxış zamanı abonentin mənzilinə aid olan sayğacın işləməməsi və sayğacın axan yükü qeyd etməməsi qeyd edilmişdir. Həmin akt əsasında “xxxxxxxx” ASC-nin Akt komissiyasının sədri tərəfindən xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş və iddiaçının abonent hesabına əlavə olaraq 1615 manat borc yazılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinə aid olan elektrik sayğacı iddiaçının yaşadığı mənzilin daxilində deyil, çölündə yerləşir və həmin sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən iddiaçının və iki hal şahidinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanlımasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enercitəshizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mənzilinə aid olan hesablaşma elektrik sayğacı onun yaşadığı evin daxilində deyil, çölündə yerləşdiyi üçün həmin sayğacın işçi vəziyyətində saxlanılmasına görə cavabdehliyi abonent deyil, enerjitəchizatı müəssisəsi daşıyır. Belə olan halda hesablaşma elektrik sayğacının işləməməsinə görə iddiaçı hər hansı maddi məsuliyyət daşımır. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya aid hesablaşma sayğacına baxış keçirərkən ən azı iki hal şahidinin və abonent iştirakını təmin etməli idilər. Belə ki, yuxarıda qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzilə aid olan hesablaşma sayğacına baxış keçirilərkən sayğacda qüsur olması aşkar çıxarılsa da, akt tərtib edilərkən iki hal şahidinin iştirakı təmin olunmadığı üçün, yuxarıda göstərilən qaydaların tələbləri pozulmuşdur. Lakin tərtib edilmiş akt Qaydaların tələblərinə zidd tərtib edildiyi üçün hər hansı hüquq və vəzifə yaratmadığından, yəni əqd olmadığı üçün həmin aktın etibarsız hesab edilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli aktın etibarsız hesab edilməsi ilə bağlı tələb təmin edilməməlidir. Lakin məhkəmə iddia tələbinin Akt komissiyasının qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında iddiaçının abonent hesabına yazılmış borcun silinməsi hissəsi üzrə qeyd edir ki, həmin tələblər əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt yuxarıda göstərilən qaydaların tələblərinə zidd tərtib edildiyi üçün, həmin aktın hüquqi nəticəsi olaraq qəbul edilmiş qərar da etibarlı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh kommersiya hüquqi şəxsdir və abonentlərlə bağlanmış mülki müqavilələr əsasında onlara xidmət göstərir və elektrik enerjisini satır. Belə olan halda cavabdeh müqavilə tərəfi kimi müqavilənin digər tərəfi barəsində hər hansı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə tərəfi digər müqavilə tərəfinin hərəkətləri və ya öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb edə bilər. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilatın Akt komissiyası buna səlahiyyəti olmadığı halda və mülki qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçı barəsində qərar qəbul edərək onun üçün əlavə öhdəlik, yəni borc yaratmışdır. Yuxarıda göstərilən Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilən Qaydaların 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Göründüyü kimi Qaydalara əsasən iddiaçı onun təqsiri üzündən baş vermiş hər hansı pozuntu ilə əlaqədar cavabdeh qarşısında maddi məsuliyyət daşıyır və cavabdeh enerjisi təchizatı müəssisəsi kimi abonentin pozuntulara yol verildiyini aşkar etdikdə ona Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma apara bilər. Yəni cavabdeh abonent barəsində qərar qəbul edib onun hesabına əlavə borc yazmaq və bununla da iddiaçı üçün əlavə öhdəlik yaradan qərar qəbul etmək səlahiyyəti yoxdur. AR Mülki Məcəllənin 386.1-cı mdəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir(maddə 443.2). AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə və prinsiplərinə ziddir və yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar da etibarsız əqd hesab edilir və bu səbəbdən etibarsız hesab edilməlidir. Eyni zamanda həmin qərarın hüquqi nəticəsi kimi abonentə yazılmış 1615 manat borc da onun abonent hesabından silinməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “xxxxxxxx” ASC-nin Akt komissiyasının sədri tərəfndən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərar etibarsız hesab edilsin və həmin qərar əsasında abonent İddiaçı hesablanmış 1615 manat əlavə borc onun **********00006 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar