Məhkəmə qərarları › İş №2(009)-1907/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1907/2021

13.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1907/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yazılmış 205,01 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə yaşadığı müddətdən bugünədək heç bir istilik təchizatı quraşdırılmamışdır. Lakin buna baxmayaraq cavabdeh iddiaçıya mənzildə olmayan istilik təchizatı sistemindən istifadəyə görə qanunsuz olaraq 205,01 manat məbləğində borc yazmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ona məxsus sözügedən mənzildə heç zaman istilik sistemi mövcud olmayıbdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış 03.05.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının cavabdeh təşkilata müraciət etdiyi tarixə qədər abonent kodu **********60 olan iddiaçıya məxsus mənzilin istilik təchizatı xidmətlərinə görə 205,01 manat borcu vardır. Cavabdeh ASC tərəfindən tərtib olunmuş və 4 saylı İSİS-nin iqtisadçısı Əntiqə Səmədova, 60 saylı qazanxananın rəisi Arif Əsədov, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi İddiaçı tərəfindən imzalanmış 21.09.2020 saylı aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də həmin mənzildə istilik xətti mövcud deyildir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. Cavabdeh təşkilat tərəfindən sözügedən mənzilə istilik təchizatı xidmətlərinə görə 205,01 manat borc yazılmışdır. Lakin cavabdeh təşkilat tərəfindən tərtib olunmuş 21.09.2020-ci il tarixli aktda da qeyd edilmişdir ki, sözügedən mənzildə istilik xətti mövcud deyildir. Məhkəmə yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinad edərək qeyd edir ki, hazırki tələb üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh sözügedən mənzildə istilik təchizatının mövcudluğunu və mənzilə istifadə olunan istilik təchizatı xidmətlərinə yazılmış borcun əsaslılığını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə cavabdeh tərəfindən yazılmış borcun əsaslılığı öz təsdiqini tapmadığından iddia tələbi əsaslı hesab edilməli və ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış 205,01 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış 205,01 manat məbləğində borc silinsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar