Məhkəmə qərarları › İş №2(009)-191/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-191/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-191/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, "xxxx" MMC-nə qarşı «hərracın keçirilməsi və nəticələrinə dair protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Cavabdeh2 ASC arasında tərtib olunmuş Y-472 saylı, 12 dekabr 2018-ci Protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 ASC-yə verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli 2(105)-335/2017 saylı qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı qismində iştirak etmiş Cavabdeh2 ASC-nin ona və digər cavabdehlərə qarşı iddia tələbi qismən təmin edilməklə onlardan müştərək qaydada bankın xeyrinə 11.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 49903 manat əsas borcun, 4161 manat faiz borcunun,17.06.2014- cü il tarixli kredit müqaviləsinə əsasən 12408 manat əsas və 1074 manat faiz borcunun tutulması qət edilmiş və ipoteka predmeti olan mülkiyyətində olmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, 22-ci məhəllədə yerləşən 34/9 saylı evin satış qiyməti isə 171000 manat müəyyən edilmişdir. 12 dekabr 2018-ci ildə cavabdeh-hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan evinin hərrac qaydasında satışı keçirilmiş, lakin, alıcı olmadığı üçün hərracın baş tutmadığı ona bildirilmişdir. Lakin, buna baxmayaraq Sumqayıt şəhər İcra Şöbəsinə dəvət edilən vaxt ona bildirilmişdir ki, mülkiyyətində olan yaşayış evi artıq satılmış və bu səbəbdən də o evi boşaltmalıdır. Hərracın keçirilməsi barədə protokolun surəti təqdim edilmiş və həmin protokoldan ona məlum olmuşdur ki, evin real qiyməti 171000 manat məbləğində müəyyən edilməsinə baxmayaraq hərrac həmin evi 40 faiz aşağı qiymətə cavabdeh olan Cavabdeh2 ASC-nin mülkiyyətinə vermişdir. Yəni, bank ilə hərrac təşkilatı onun düşdüyü bu ağır vəziyyətdən istifadə etməklə hərracın keçirildiyi tarixə kənar şəxsləri dəvət etmədən və onun da maddi durumumun ağır olduğunu bilərək bu evi 109000 manata formal alğı-satqı etmiş və bank 2-ci dəfə onun hesabına qazanc əldə etmişdir. Belə ki, təkcə bu evin yerləşdiyi boş torpaq sahəsi əmlak bazarında təxminən 120-130 min manat civarındadır. Lakin, onun üzərində inşa edilmiş tikililər, burada əkilən ağaclar, evin şəhərin ən yaxşı yerində olması ona dəlalət edir ki, hərrac bu evi dəyərindən 2 dəfə aşağı qiymətə banka vermişdir. Onu da qeyd edir ki, hərracın nəticələri barədə protokal və digər sənədlər ona göndərilməmiş, yalnız protokolu özü icra şöbəsindən almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı Cavabdeh2 ASC-nin ona və digər cavabdehlərə qarşı iddia tələbi qismən təmin edilməklə onlardan müştərək qaydada bankın xeyrinə əsasən 49903 manat əsas borcun, 4161 manat faiz borcunun, digər kredit müqaviləsinə əsasən 12408 manat əsas və 1074 manat faiz borcunun tutulması qət edilmiş və ipoteka predmeti olan mülkiyyətində olmuş evə yönəlmişdir. Həmin evin satış qiyməti isə 171000 manat müəyyən edilmişdir. Bununla razılaşmır evin qiyməti daha bahadir. 2018-ci ildə cavabdeh-hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan evinin hərrac qaydasında satışı keçirilmiş, lakin, alıcı olmadığı üçün hərracın baş tutmadığı ona bildirilmişdir. Lakin, buna baxmayaraq Sumqayıt şəhər İcra Şöbəsinə dəvət ediləndə ona bildirilmişdir ki, mülkiyyətində olan yaşayış evi artıq satılmış və bu səbəbdən də o evi boşaltmalıdır. Hərracın keçirilməsi barədə protokolun surəti təqdim edilmiş və həmin protokoldan ona məlum olmuşdur ki, evin real qiyməti 171000 manat məbləğində müəyyən edilməsinə baxmayaraq hərrac həmin evi 40 faiz aşağı qiymətə cavabdeh olan Cavabdeh2 ASC-nin mülkiyyətinə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iki dəfə hərrac keçirilmişdir. Hərracın keçirilməsi, bildirişlərin tərəfə göndərilməsi, tərəfin həmin bildirişləri alması ilə bağlı qaimələr məhkəməyə təqdim olunmuşdur. 2016-cı ildə Sumqayıt şəhər məhkəməsi qətnamə qəbul etmişdir. Daha sonra tərəf həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirib. Əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsi ekspertiza təyin etmişdir və həmin qətnamə ilə əmlakın ilkin satış qiyməti 171000 müəyyən edilmişdir. Sonradan kasassiya qaydasında da şikayət verilib, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. 12 dekabr 2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. Sonra hərrac keçirilməyə başlanıb. Birinci hərrac keçirilib 10 oktyabr 2018-ci il tarixdə. Birinci hərrac baş tutmadığı üçün 14 noyabr 2018-ci il tarixdə növbəti hərrac keçirilmişdir. İkinci dəfə alıcı olmadığı üçün 16 noyabr 2018-ci il tarixdə 25 faiz aşağı qiymətlə banka təklif olunub. 30 gün ərzində onlar həmin təklifə cavab verməlidirlər. Almadıqları təqdirdə ipotekaya xitam verilir. Onlar ərizə ilə bankın hesabına götürülməsinə etiraz etmədiklərini bildirmişlər. Əmlak satıldıqdan sonra, evin boşaldılması ilə bağlı icra məmurunun aktı da mövcuddur. Tərəf protokolu da almışdır, öz ərizələri də var. Ümumiyyətlə iddia nəyə görə qaldırılıb bəlli deyil. Qeydiyyatlarına da faktiki olaraq xitam verilib. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir: İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2017-ci il tarixli, iş №2(102)-7646/2017 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(060)-4576/2016, hakim İ.M.Mahmudov) Cavabdeh2 ASC-nin Hüseynov Fuad Rafiq oğlu, İddiaçı, X3 qarşı iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 11.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 49.943 manat əsas, 6.357 manat faiz olmaqla, cəmi 56.300 manat, 17.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.440 manat əsas, 1.807 manat faiz olmaqla, cəmi 15.247 manat borcun iddiaçının xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, X6 küçəsi, məhəllə 22-də yerləşən 34 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslərin evdən ən geci 1 ay ərzində çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-335/2017, hakimlər T.O.Quliyev, A.Q.Hüseynov, G.F.Tağızadə) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qətnaməsi “cavabdehlərdən müştərək :aydada 11.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 49.943 manat əsas, 6.357 manat faiz olmaqla, cəmi 56.300 manat, 17.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.440 manat əsas, 1.807 manat faiz olmaqla, cəmi 15.247 manat borcun iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 11.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12.408 manat əsas, 1.074 manat faiz borcunun iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, ipoteka predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, 22-ci məhəllədə yerləşən 34/9 saylı evinin ilkin satış qiymətinin 171000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Ali Məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 30.08.2018-ci il tarixli sifariş məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-335/17 saylı, 14.06.2017-ci il tarixli icra sənədinə girov predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, məhəllə 22-də yerləşən, 34 saylı fərdi yaşayış evinin (ilkin satış qiyməti 171.000 manat) açıq hərraca çıxarılıb satılması xahiş olunmuşdur. İş materiallarında olan 16.11.2018-ci il tarixli 4385 nömrəli bildirişdən görünür ki, "xxxx" MMC Cavabdeh2 ASC 17.12.2018-ci il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaq. İş materiallarında olan Y-472 nömrəli, 12.12.2018-ci il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, İddiaçı ogluna məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, məhəllə 22-də yerləşən, 34 saylı fərdi yaşayış evi Cavabdeh2 ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 109013 manata almışdır. İş materiallarında olan 12 dekabr 2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ogluna məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, məhəllə 22-də yerləşən, 34 saylı fərdi yaşayış evi Cavabdeh2 ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 109013 manata almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı Çıxarışından görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, məhəllə 22-də yerləşən, 34 saylı fərdi yaşayış evi Cavabdeh2 ASC adına rəsmiləşdirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinin rəisinə yazdığı ərizədən görünür ki, hərrac protokolu ilə tanış olub və protokolla bağlı şikayət etmək fikri yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. (maddə 42.1). Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). İddiaçı hərracın ilkin satış qiymətindən narazı olduğunu bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, ilkin satış qiymət qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən iddiaçının bu əsasları əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar