Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1952/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılmış qaz sayğacının ekranı oxunmurdu buna görə o “Cavabdeh” İB-nə müraciət etdi. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, sayğacda problem olub. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanın təbii qaz istehlakçısıdır. xx.xx.2020-ci il tarixdə “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilərək köhnə sayğac dövlət yoxlanılmasına göndərilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılmış sayğac keçirilmiş dövlət yoxlanılması nəticəsində yararsız hesab edilmiş və yararsızlığın səbəbi kimi “sayğacın yivli birləşmələr korroziyaya uğrayıb” göstərilmişdir. “Cavabdeh” İBnin əməkdaşları tərəfindən verilmiş rəyə uyğun olaraq itirilmiş qazın bərpası məqsədi ilə xx xxxx 2020-ci il tarixdə akt tərtib edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə AKX-00152xx/xx-2018 nömrəli müqavilə, müdaxilə olunmuş sayağacın dəyərinin ödənilməsi ilə “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 01243179 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt və digər sənədlərlə təsdiqlənir. Beləliklə, məhkəmə mübahisənin xarakterini nəzərə alaraq mülki işin hüquqi həlli ilə bağlı bildirir ki, “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Adı çəkilən normanın məzmunu və legitim məqsədindən göründüyü kimi, qanunverici zədələnmiş qaz sayğacının istehlakçının vəsaiti hesabına yenisi ilə əvəz edilməsini məhz zədələnmənin istehlakçının təqsiri üzündən baş verdiyi halda mümkün hesab etmişdir. Bu baxımdan, yalnız sadalanan şərtlər mövcud olduğu halda istehlakçı zədələnmiş qaz sayğacına görə məsuliyyət daşıyır. O da nəzərə alınmalıdır ki, təqsir dedikdə, şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Ağırlıq dərəcəsindən asılı olmayaraq, təqsir şəxsin qınanıla bilən davranışıdır. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan istisna qanunvericilikdə birbaşa və birmənalı şəkildə göstərilməlidir. Lakin hazırkı mülki işdə “Cavabdeh” İBİddiaçı yaşadığı ünvan 1 ünvana quraşdırılmış qaz sayğacında zədələnmənin sonuncunun təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı mötəbər və mümkün sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, qaz sayğacının işlək vəziyyətində qalmasına görə məsuliyyət daşıyan “Cavabdeh” İB sayğacda yaranmış zədələrin istehlakçının təqsiri üzündən baş verməsi halını sübut etməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının yivli birləşmələr korroziyaya uğraması iddiaçının təqsiri üzündən baş verməsi halı sübut edilmədiyindən iddiaçının mənafeyinə toxunan akt etibarsız hesab edilməli və ondan irəli gələn bütün hüquqi nəticələr ləğv edilməli, Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktla “Cavabdeh” İB X2 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 1 ünvana qeyri-qanuni hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1952/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1952/2020
02.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver