Məhkəmə qərarları › İş №2(009)-1967/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1967/2021

20.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1967/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Esman qızının iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində 48 saylı Notariat Ofisi işə cəlb olumaqla) cavabdehlər Cavabdeh1 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva X1 rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi döngə 9, ev 10A ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 48 saylı Notariat Ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 12.08.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55.1 kv.metr yaşayış sahəsi, 38.2 kv.m yardımçı sahəsi 16.9 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evini 24 iyul 2020-ci il tarixdə Bakı şəhəri 48 saylı Notariat Ofisində bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh1 bağışlanmışdır. Bağışlama müqaviləsi bağlanarkən oğlu Qanuni nümayəndə2 cavabdeh Qanuni nümayəndə1 rəsmi qaydada aralarındakı nikah pozulsa da, faktiki ər-arvad kimi birgə yaşayırdılar. O isə onların barışıb ailə kimi birgə yaşaması və aralarında hər hansı formada narazılıq olmaması səbəbindən öz mülkiyyətində olan evi nəvəsi Cavabdeh1 bağışlamışdır. Birgə yaşadıqları dövrdə oğlu Qanuni nümayəndə2 arvadı Qanuni nümayəndə1 və birgə nikahdan olan uşaqlarının yaşaması üçün Abşeron rayonu, Xırdalan şəhərində digər 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və cavabdeh Qanuni nümayəndə1 hal-hazırda həmin evdə yaşayır. Məhkəmənin qətnaməsi ilə boşanmadan sonra Cavabdeh1 anasının himayəsində saxlanıldığından, cavabdeh Qanuni nümayəndə1 hal-hazırda onun nəvəsinə bağışladığı evi satmaq istəyir. Mübahisəli evdə hal-hazırda onunla birlikdə oğlu cavabdeh Qanuni nümayəndə2 yaşayır. Cavabdeh Qanuni nümayəndə1 isə həmin evi satışa çıxararaq, satışından əldə edlmiş vəsait hesabına özünə iş quracağını bildirir. Onun isə yaşamağa başqa yaşayış sahəsi yoxdur. Hazırda mənzilin bağışlama müqaviləsi əsasında bağışlanması onun hüquqlarını pozur. Belə ki, onun hal-hazırda mənzilə daha çox ehtiyacı vardır. Bağışlama müqaviləsi bağlanmazdan əvvəl cavabdeh Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 ailə münasibətləri yaxşı olduğundan bağışlama müqaviləsi ilə onların münasibətlərinin daha da normallaşacağını düşündüyündən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evini nəvəsinə bağışlamışdır. Lakin cavabdeh Qanuni nümayəndə1 həmin evi satmaq niyyətinin olması səbəbindən vəd verildikdən sonra onun hədiyyə verən olaraq əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdirdiyindən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş və gəlmələyin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri 48 saylı Dövlət notariat kontorunda təsdiq olunmuş 22 iyul 2020-ci il tarixli mənzilin bağışlama müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi,döngə 9, 10A saylı evini nəvəsi Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən 12.08.2020-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhluluzadə küçəsi, döngə 9, 10 A saylı evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Hazırkı işdə mübahisə predmeti olan mənzilin iddiaçı tərəfindən cavabdehə bağışlanması və öhdəliklərin icra edilərək daşınmaz əşyanın tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınması işin mübahisəsiz hallarıdır. Qanunvericilikdə bağışlama müqaviləsinin ləğvi də nəzərdə tutulmuşdur. Lakin bu tələb xüsusi şərtlərdən asılı edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə (673.1.1.); hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda (673.1.2.); o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (673.1.3.) hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Normanın məzmunundan göründüyü kimi, bağışlamadan imtina tələbinin haqlı sayılması üçün qeyd edilən şərtlərin gerçəkləşməsi və onlardan birinin iddiaçı tərəfindən sübuta yetirilməsi zəruridir. Buna baxmayaraq, hazırkı işdə iddiaçı cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn hər hansı vəzifəni kobudcasına pozması, bağışlama ilə bağlı cavabdehin üzərinə konkret öhdəliklərin qoyulması və onun bu öhdəlikləri yerinə yetirməkdən əsassız boyun qaçırması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində ona istinad etmişdir ki, cavabdehlə aralarında mənzilin bağışlama müqaviləsi şərtlə bağlanmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328 və 405-ci maddələrinə əsasən əqdin şərtli xarakterli tanınması üçün əqdin iştirakçıları arasında bağlanmış müqavilədə bu şərtlərin göstərilməsi zəruridir. Həmin hal mühüm əhəmiyyət kəsb edir, belə ki, qanunun göstərilən normalarına əsasən belə əqd üzrə tərəflər üçün hüquqi nəticələr yalnız belə şərtlər yerinə yetirildiyi təqdirdə yarana bilər, yaxud əgər tərəflər bu nəticələrin yaranmasına mane olmuşlarsa, bu nəticələr yaranmaz. Bağışlama müqaviləsində şərtlərin, yaxud hədiyyə alanın yerinə yetirəcəyi öhdəliklərin göstərilməsinin zəruriliyini Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsi haqqında” 19 dekabr 2012-ci il tarixli Qərarında da göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328-ci maddəsinin tələblərində və həmin Məcəllənin 670.1-ci maddəsinin qaydalarında nəzərdə tutulanlar tərəflər arasında mübahisəli yaşayış sahəsinin bağışlama müqaviləsi bağlanan zaman mövcud olmamışdır. Mübahisələndirilən müqavilədə cavabdeh üçün mübahisəli mənzilin bağışlanmasından irəli gələn hüquqi nəticələrin yaranmasına gətirib çıxaran şərtlər yoxdur. Bağışlama müqaviləsinin tədqiqindən müəyyən olundu ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinin tələblərinə tamamilə uyğundur, ona görə, öz mahiyyəti üzrə əvəzsiz əqdlərə aiddir ki, həmin əqdlər üzrə hədiyyə alan üçün hüquqi nəticələr hədiyyənin qəbul edilməsi anından başlanır. Ona görə də, məhkəmə hesab edir ki, müqavilədə əqdin şərtli olmasına istinad olunmadıqda (Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarının izahına əsasən belə istinad zəruridir) belə nəticəyə gəlməyə inkan vermir ki, cavabdeh həmin hədiyyə ilə əlaqədar olaraq iddiaçı qarşısında hər hansı öhdəliyi yerinə yetirməli idi və o, həmin öhdəlikləri necə yerinə yetirmişdir. Bağışlama müqaviləsinin şərtli olması barədə dəlilini iddiaçı yalnız öz izahatı ilə əsaslandırmışdır ki, bu da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1ci maddəsinə əsasən kifayət deyildir. Həmin əqdin şərtli xarakter daşımasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsi cavabdeh üçün hər hansı öhdəlik olmadan bağlanmışdır, mübahisəndirilən əqd icra olunan anda əvəzsiz olmuş, hədiyyə alanın cavab hərəkətləri ilə şərtləndirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (3-cü şəxs qismində 48 saylı Notariat Ofisi işə cəlb olumaqla) cavabdehlər Cavabdeh1 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar