Məhkəmə qərarları › İş №2(009)-1974/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1974/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1974/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin ona məxsus olması faktın müəyyən olunması barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin valideyinləri X3 və X1 xx.xx.1989-cu il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1991-ci il tarixdə ərizəçi anadan olmuşdur, bu barədə Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 494 nömrə ilə qeyd aparılmışdır və xx.xx.1991-ci il tarixli XİV-JQ №485558 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bir müddət keçdikdən sonra ərizəçinin valideyinləri boşanmışdır və ərizəçi anasının himayəsində qalmışdır. xx.xx.1994-cü il tarixli, İ-JQ № 469274 saylı boşanma haqqında şəhadətnamədən də göründüyü kimi nikah pozulduqdan sonra ərizəçinin anası Haçıyeva soyadına yenidən qayıtmışdır. Bundan sonra isə ərizəçi xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən təkrar yazısı qeyd olunmuş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin əsasında ərizəçi şəxsiyyət vəsiqəsi almışdır. Həmçinin bütün digər sənədlərdə (hərbi bilet, təhsil haqqında sənəd və s.) ərizəçinin adı, soyadı, ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Göründüyü kimi, Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən X2 adına verilmiş xx.xx.1991-ci il tarixli XİV-JQ №485558 saylı doğum haqqında şəhadətnamə və Ərizəçi adına təkrar yazısı qeyd olunmaqla verilmiş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamə xx.xx.1991-ci il tarixdə qeydə alınmış 494 saylı doğum haqqında akt qeydinə əsasən tərtib edilmişdir. Lakin Ədliyyə Nazirliyinin VVAQ elektron sistemində Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən X2 adına verilmiş xx.xx.1991-ci il tarixli XİV-JQ № 485558 saylı doğum haqqında şəhadətnamə barədə məlumat aşkar edilsə də, Ərizəçi adına təkrar yazısı qeyd olunmaqla verilmiş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə və Bakı şəhəri Maraqlı şəxs cavab məktublarında da bildirilmişdir ki, vətəndaş X2 adına xx.xx.1991-ci il tarixdə Maraqlı şəxs tərəfindən 494 saylı doğum akt qeydinə əsasən xx.xx.1991-ci il tarixli XİV-JQ seriyalı №485558 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin akt qeydinin üzərində xx.xx.1991-ci il tarixli, 1Х-JQ seriyalı 11 № 300567 nömrəli təkrar doğum haqqında şəhadətnamənin alınması barədə heç bir qeydiyyat aparılmamış və həmin akt qeydi ilə Ərizəçi adına təkrar yazısı qeyd olunmuş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamənin verilməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən X2 adına verilmiş xx.xx.1991-ci il tarixli XİV-JQ № 485558 saylı doğum haqqında şəhadətnamədə ərizəçinin atası kimi göstərilmiş şəxs X3 hal-hazırda sağdır və hazırki mübahisənin həlli üçün atalığın etiraf olunması faktının müəyyən edilməsi də yolverilməzdir. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir;

3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən ərizənin məhkəməyə verilməsi də qeyri-mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 494 nömrə ilə qeyd edilmiş doğum akt qeydinin Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi və vəkili ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişldir. Məhkəmə ərizəçini, onun nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində izah etmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Plenum həmin qərarın 6.3-cü bəndində isə izah etmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən izahına əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması səbəbindən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin ona məxsus olması faktın müəyyən olunması barədə” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə doğum akt qeydi ilə bağlı aidiyyəti üzrə rayon qeydiyyat şöbəsinə, bundan imtina edildiyi təqdirdə isə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar