Məhkəmə qərarları › İş №2(009)-1982/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1982/2022

13.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1982/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “ötürülmüş müddətin bərpası” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “ötürülmüş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 04 may 2021-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın onun tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəblərinin üzürlü hesab edilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddətinin 3 ay uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Kürdəmir rayonunda anadan olmuş, 18 oktyabr 1988-ci il tarixdə X3 ilə nikaha daxil olaraq ailə qurmuşdur. AZ-İİ seriyalı 168656 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən 01 iyul 1959-cu il təvəllüdlü həyat yoldaşı Çingiz Əzizov 04 may 2021-ci il tarixdə beyin ödemi xəstəliyindən vəfat etmişdir. ünvan 1 ünvanında həyat yoldaşı Çingiz Əzizovun adına mənzil var. Həmin mənzilin onun adına keçirilməsi üçün vərəsəlik şəhadətnaməsinin alınması məsələsi yaranmışdır. Həyat yoldaşının vəfatından sonra qayınatası Məhəddin rəhmətə getdi, başı onların dəfn mərasimlərinə qarışdı, hüquqi savadı olmadığından 6 ay ərzində notariusa vərəsəliklə bağlı müraciət etməli olduğunu bilmirdi. Bununla əlaqədar 2022-ci ilin avqust ayında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 20 avqust 2022-ci il tarixli qərarına əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, X2 04 may 2021-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın onun tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəblərinin üzürlü hesab edilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddətinin 3 ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 18 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04 may 2021-ci ildə vəfat etmiş və bu barədə 08 may 2021-ci il tarixdə 737 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Beyləqan rayon İHB-nin Təzəkənd kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 02 mart 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 fevral 2015-ci ildə vəfat etmiş və bu barədə 02 mart 2015-ci il tarixdə 07 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 04 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 aprel 2021-ci ildə vəfat etmiş və bu barədə 04 may 2021-ci il tarixdə 262 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən qəbul edilmiş 20 avqus 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (04 may 2021-ci ildə vəfat etmiş əri X6 ilə əlaqədar) almaq üçün ərizə ilə müraciət etmiş və vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 avqust 1990-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 sentyabr 1989-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 Bakı komissarı VVADQ şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında 18 oktyabr 1988-ci il tarixdə nikah bağlanmışdır. Arvada “Əzizova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Ofisindən daxil olmuş məktubdan görünür ki, 04 may 2021-ci ildə vəfat etmiş X3 palmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq arvadı - İddiaçı 20 avqust 2022-ci il tarixli ərizəsi əsasında şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Miras qoyanın oğlu – X8 və qızı - X7 ərizə ilə müraciət edərək X1 qalmış miras əmlakı qəbul etmədiklərini bildirmişdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı X3 04 may 2021-ci ildə vəfat etmiş, ondan qalmış mirasın və o, vərəsə olaraq ərazi üzrə Bakı şəhəri, 28 saylı Notariat Ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, miras qoyanın oğlu – X8 və qızı - X7 ərizə ilə notariat ofisinə müraciət edərək X1 qalmış miras əmlakı qəbul etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşı X2 04 may 2021-ci il tarixdə vəfat etməsindən sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının iddiaçıdan aslı olmayan səbəblərdən baş verməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə İddiaçı tərəfindən onun mərhum həyat yoldaşı X1 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş 6 aylıq müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin 3 (üç) ay uzadılmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 04 may 2021-ci il tarixdə vəfatından sonra ondan qalmış ünvan 1 ünvanında yerləşən mənzilin- mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, miras əmlakın qəbul edilməsi müddəti 3 (üç) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 04 may 2021-ci il tarixdə vəfatından sonra ondan qalmış ünvan 1 ünvanında yerləşən mənzildən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 3 (üç) ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar