Məhkəmə qərarları › İş №2(009)-201/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-201/2021

16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-201/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı2, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə (üçüncü şəxs Bakı şəhəri Cavabdeh2 qeyd edilən) qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə (üçüncü şəxs Bakı şəhəri Cavabdeh2 qeyd edilən) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanına verilən suya görə hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qeyd edilən mənzil onun qaynanası İddiaçı1 mülkiyyətindədir. Həmin mənzildə o, öz ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilin bütün Kommunal haqlarını onlar ödəyir. Belə ki, onlar Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6 ünvanındakı 22 nömrəli mənzilə hesablanmış 529 manat borcun silinməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etmişlər. Lakin, müraciətlərinə müsbət cavab verilməmişdir. Təkrar olaraq onlara Bakı şəhəri Səbail Sukanal İdarəsinin əməkdaşları tərəfindən 529 manat borclarının olduğu bildirilmişdir. Halbuki, onlar hər ay vaxtı-vaxtında su sərfiyyatı ilə bağlı ödənişləri etmiş və heç bir halda gecikmə etməmişlər. Hansı halda bir aydan digər aya biz 529 manat su sərf edə bilərlər. Belə ki, problemlə bağlı Səbail Sukanal İdarəsinin əməkdaşlarına müraciət etmişlər. Onlara bu borcun 320 manatının 2011-ci ildən bu tərəfə qalan qalıq borc olduğunu və 209 manatın da bir aya olan su sərfıyyatına görə olduğunu bildirmişlər. Həmin borcu qanuni və əsaslı saymırlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanına sudan istifadə etmək üçün “xxxx” ASC tərəfindən sayğac quraşdırıldıqdan sonra müxtəlif aylar üçün əsassız olaraq onlara borc məbləği yazılmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 və üçüncü şəxs Bakı şəhəri Cavabdeh2nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə həmin onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək həmin borcun iddiaçılar tərəfindən sərf edilən su həcminə müvafiq olaraq yarandığını bildirdi və işə İddiaçı1 iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli abonent (“xxxx” ASC ilə abonent İddiaçı1 arasında xx.xx.1997-ci il tarixli 12824848 nömrəli müqavilə bağlanmış) kartından görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanına 2015-2021-ci illər üçün sudan istifadəyə görə 626 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC Cavabdeh2 tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubunun surətindən görünür ki, T.Elçin küçəsində binalara tender tərəfindən su şəbəkəsi yaradılmış və bu səbəbdən su sayğacları pilləkən qəfəsində quraşdırılmışdır. Su sayğacından sonra olan su sərfi abonentin daxili şəbəkəsində yaranan sərfiyyatdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC Cavabdeh2 tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanında yaranan 529 manat borcun 2016, 2017 və 2018-ci illərdə natamam ödəmə səbəbindən yarandığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə abonent İddiaçı1 arasında Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanında sudan istifadəyə dair xx.xx.1997-ci il tarixli 12824848 nömrəli müqavilə bağlanmış və “xxxx” ASC tərəfindən həmin ünvana dair sayğac vasitəsilə hesablanmaqla 2015-2021-ci illər üçün sudan istifadəyə görə 626 manat məbləğində borc hesablanmış, həmin borcun 2016, 2017 və 2018-ci illərdə natamam ödəmə səbəbindən yarandığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 30-cu maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir; “Sudan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli Qərarının: 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qanunvericiliyin tələblərini, eləcə də Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanına dair “xxxx” ASC ilə iddiaçı arasında müvafiq müqavilə bağlanmasını, həmçinin abonent kartından da göründüyü kimi həmin ünvanda sudan istifadənin suölçən cihazla (sayğacla) ölçülməsini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanında dair 2015-2021-ci illərdə hər il ərzində sudan istifadəyə görə hesablanmış borcları müqayisə edərək, sudan istifadəyə görə (iddia tələbi həcmində) 529 manat məbləğində borcun hesablanmasını əsassız hesab edir. Məhkəmə vurğulayır ki, qanunvericiliyin tələbinə görə, istehlakçının suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən, həmçinin iddia tələbinin həcmini nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanına əsassız olaraq hesablanmış 529 manat məbləğində borc silinməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.5-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, 6 saylı evin, 22 saylı mənzilinə əsassız olaraq hesablanmış 529 manat məbləğində borc - abonent kodu **********220 saylı abunə hesabından silinməli, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, 6 saylı evin, mənzil 22 ünvanına əsassız olaraq hesablanmış 529 manat məbləğində borc - abonent kodu **********220 saylı abunə hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar