Məhkəmə qərarları › İş №2(009)-203/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-203/2021

22.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-203/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Fedorovnanın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Cavabdeh3 işə cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz olaraq tikilmiş pilləkənin sökülməsi tələbinə dair iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 Fedorovnaya qarşı mənzilin pilləkən hissəsinin təmirinə yaradılmış maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Fedorovna müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Cavabdeh3 işə cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq quraşdırılmış pilləkənlərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında İddiaçı1 ümumi sahəsi 40,17 kv.m. və yaşayış sahəsi 17,3 kv.m. olan bir otaqlı mənzildə qeydiyyatdadır və yaşayır. Həmin mənzil 18 yanvar 2002-ci il tarixli mülkiyyət hüququ haqqında 179821 saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə nənəsi İddiaçı2 Fedorovnaya məxsusdur. Həmin yaşayış sahəsində 3 nəfər yaşayır: İddiaçı2 Fedorovna, onun oğlu 1965-ci il təvəllüdlü X8 və nəvəsi İddiaçı1 Vladimorovna. Cavabdeh1 ailəsi onlarla qonşuluqda yaşayır. Sənədlərə əsasən texniki pasport üzrə iddiaçıların girişi yuxarıdan nəzərdə tutulub, sonuncu otaqları isə aşağıda yerləşən küçəyə çıxır. Yataq otağındakı pəncərənin altında səki, yəni ümumi istifadə sahəsi yerləşir. Cavabdehlər yerli hakimiyyət orqanlarının və mənzil orqanlarının buna dair icazəsi olduğunu əsas gətirərək, ümumi istifadə sahəsində qanunsuz olaraq pilləkən quraşdırıblar. Lakin bununla kifayətlənməyib onlar, pəncərəsi onların yataq otağının pəncərəsi kimi aşağı küçəyə çıxan yataq otaqlarına nərdivan qoymuşlar. Bununla belə onlar qanunsuz olaraq ümumi istifadə sahəsini tutmuşlar. Dəmir nərdivanın quraşdırılması ilə ifadə edilən yaşayış yerinin qanunsuz yenidən təchiz edilməsi zəminində cavabdehlərlə aralarında uzun müddətdir mübahisələr baş verir və tez-tez qalmaqala çevrilir. Bu baxımdan, cavabdehlərin qanunsuz hərəkətləri barədə şikayəti hazırda Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8ci Polis Bölməsinin icraatındadır. Belə ki, nə İddiaçı2 Fedorovna, nə də, onun ailə üzvləri bu tikintiyə razılıq verməyiblər. Üstəlik pilləkənlərin quraşdırılması yerli mənzil və dövlət qurumları, Bakı şəhəri Səbail rayonu MİK və Cavabdeh3 icazəsi və razılığı olmadan həyata keçirilmişdir. Qanunsuz quraşdırma işlərinin dayandırılması barədə qanuni tələbinə cavab olaraq bacısı X9 qəddar və arsızcasına döyülmüşdür. Ona görə də, ünvan 1 ünvanında qanunsuz olaraq quraşdırılmış pilləkənlərin sökülməsini xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 Fedorovnaya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 Fedorovnanın üzərinə Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 71 saylı evin 4 saylı mənzillinin qəzalı vəziyyətdə olan pilləkən hissəsinin təmirinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması, dəymiş maddi zərərə görə 2000 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 5000 manat məbləğində pulun cavabdehlər İddiaçı1 və İddiaçı2 Fedorovnadan iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Buxta küçəsi 71 saylı evin 4 saylı mənzilinin mülkiyyətçisi qarşılıqlı iddia üzrə iddiaçı X4r. Mülkiyyətçinin hüquqları Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 27 yanvar 1993-cü il tarixli, 30/10469 qeydiyyat nömrəli Qeydiyyat Vəsiqəsi ilə rəsmiləşdirilmişdir. 30 ilə yaxın müddətdir X7 ailəsilə mülkiyyətində olan həmin mənzildə yaşayır. Tərkibi 14 nəfərdən ibarət olan ailə üzvləri - həyat yoldaşı, övladları və nəvələri. 58 yaşlı həyat yoldaşı Cavabdeh2 2-ci qrup əlildir, kəskin şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Qızlarından biri həyat yoldaşından ayrıldığı üçün başqa yaşayış sahəsi olmadığına görə, üç uşağı ilə onlarla birlikdə yaşayır. İlkin iddia üzrə iddiaçıların mübahisələndirdiyi pilləkən 30 ilə yaxın müddətdir ki, onların mənzilinə girişi təmin edən dəmir turbalardan quraşdırılmış pilləkəndir. 30 ilə yaxın müddətdə fasiləsiz şəkildə, həm də, böyük bir ailənin istifadə etdiyi pilləkənin boruları çürüdüyündən və üst tərəfdən böyük bir ağacın (tut ağacı) onu sıxması nəticəsində pilləkən qəzalı vəziyyətə düşərək istifadəyə yararsız hala gəlmişdir. Onlar və nəvələri dəfələrlə həmin pilləkəndən yıxılaraq xəsarətlər almışlar. Mənzilin mülkiyyətçisi X7 tərəfindən Bakı Səhər İcra Hakimiyyətinə müraciət edilərək Səbail rayonu, Bayıl qəsəbəsi, Buxta küçəsi, 71 saylı evin 4 saylı mənzilinin yararsız vəziyyətdə olan pilləkən və divarlarının bərpa - təmir olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Müraciət baxılması üçün aidiyyatı üzrə Cavabdeh3 başçısına və digər müvafiq dövlət orqanlarına göndərilmişdir. Müraciətə Cavabdeh3 göndərişi əsasında Cavabdeh3 başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baxılmışdır. X1 ünvanladığı 09.09.2020-ci il tarixli, 1-266 saylı məktubunda qeyd edilir: “Öz vəsaitiniz hesabına əlavə tikinti işləri aparmadan, evinizin pilləkəninin və eyvavının bərpa olunmasına icazə verilir.” Pilləkənin təmirinə aidiyyatı strukturlar tərəfindən icazə verildikdən sonra, 24 avqust 2020-ci il tarixdə, günorta saat 14:00-15:00 radələrində, ustaların köməyi ilə təmir işlərinə başlanılarkən qonşuluqdakı 2 saylı mənzildə yaşayan və ilk iddia üzrə iddiaçılar, o cümlədən ailənin Diana adlı digər üzvü onların üstünə hücum çəkərək qaynaq edilmiş dəmir qurğuları çəkib qopartdılar. Bu zaman onlar güc tətbiq etməkdən belə çəkinmədilər. Belə ki, Diana 2-ci qrup əlil olan, hazırki işdə qarşılıqlı iddiaçı 58 yaşlı, təzyiq və şəkər xəstəsi Cavabdeh2 qollarına və sinəsinə xəsarətlər yetirmişdir. Cavabdeh2 vəziyyəti ona yetirilmiş xəsarətlərdən və Çalovaların yaratdığı gərgin və qanqaraldıcı psixoloji durumdan dolayı pisləşdi və onlar təcili yardım çağırmalı oldular. Münaqişənin yarandığını görən usta və köməkçisi işi dayandırıb ərazini tərk etdilər. Beləliklə də, pilləkənin təmir işləri yarımçıq qaldı. Cavabdehlər qurğuları sındırıb dağıtmaqla onlara maddi ziyan vurur və bununla bağlı etiraz bildirsələr də, növbəti dəfə də bu hərəkətləri təkrarlamaqdan çəkinmirlər. Bundan əlavə, 19.09.2020-ci il tarixdə günorta saatlarında təmir işləri aparılarkən Çalovalar yenə də onların üstünə hücum çəkdilər, əvvəllər olduğu kimi, söyüş, təhqir dolu nalayiq ifadələrlə kifayətlənməyib yenə də zorakılıq tətbiq etməyə başladılar. Bu zaman sərxoş vəziyyətdə olan İddiaçı1 daş parçası ilə Səyyad Nəbiyevin baş nahiyəsinə xəsarətlər yetirmişdir. Bununla bağlı Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı Mahir Feyzullayev tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Mahir Feyzullayevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə cinayət işinin başlanılması haqqında xahişi rədd edilsə də, törətdiyi əməllərinə görə İddiaçı1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunm məqsədilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyati əməkdaşına həvalə edilmişdir. Başqa sözlə, hazırda cavabdehlərin pozucu, qonşuluq və birgəyaşayış normalarına olan xətalı əməlləri ilə bağlı polis və məhkəmə orqanlarında başlanan araşdırmalar davam edir. Çalovaların onlara qarşı ədəb-ərkandan uzaq davranışları qonşuların və yoldan keçən sakinlərin gözü qarşısında cərəyan edir. Hətta təmir işlərinin aparılmadığı günlərdə də cavabdehlər müxtəlif alçaldıcı, təhqiredici və digər nalayiq hərəkətlər və ifadələrlə onların ailə üzvlərini təhqir edərək rahatlığını pozurlar. Bu hərəkətləri ilə cavbdehlər onlara xeyli miqdarda mənəvi zərər yetirmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi və qarşılıqlı iddiada göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi və həyat yoldaşı Cavabdeh1 izahatında göstərilənlərlə razı olduğunu bildirdi. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Fedorovnaya və 3-cü şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddiası isə qismən təmin edilməlidir. İş materiallarında olan 30/179821 saylı, 18.01.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 71 saylı evin 2 saylı mənzili İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Yasəf Rüstəmovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 04.09.2020-ci il tarixli qərarından görünür ki, vət X9 və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları, eləcə də X9 və Cavabdeh2 arasında mütəmadi olaraq mübahisələr baş verməsini nəzərə alaraq gələcəkdə onlar arasında baş verə biləcək hər hansı xoşagəlməz halların qarşısı alınması məqsədi ilə onlar münaqişəli qonşular kimi qeydiyyata götürülərək onlarla vaxtaşırı profilaktik tədbirlər keçirilməsindən ötrü qəbul edilmiş qərar icra olunması üçün 8-ci PB-nin aidiyyatı əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 149 saylı MKİS-nin arayışından görünür ki, İddiaçı2 Səbail rayonu, Buxta küçəsi, 71 №-li evin 2 saylı mənzilində yaşayırvə onunla birlikdə həmin mənzildə oğlu X8 və nəvəsi İddiaçı1 Vladimorovna yaşayırlar. İş materiallarında olan 30/10469 saylı, 27.01.1993-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 71 saylı evin 4 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Mahir Feyzullayevin cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vət. İddiaçı1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün bölmənin aidiyyatı əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh3 Başçısının 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Səyyad Nəbiyevə ünvanlanmış 1-266 nömrəli 09.09.2020-ci il tarixli məktubundan görünür ki, ona öz vəsaiti hesabına əlavə tikinti işləri aparmadan, evinin pilləkanının və eyvanın bərpa olunmasına icazə verilir. İş üzrə təyin olunmuş məhkəmə tikinti ekspertizasının 10/914 nömrəli, 11 iyun 2021ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh1 tərəfindən inşa edilmiş pilləkana dair mülki iş materiallarına layihə sənədləri olmadığından pilləkanın əvvəlki yerində yeni pilləkanın inşa edilib edilmədiyini dəqiqliklə müəyyən etmək mümkün deyildir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh1 tərəfindən inşa edilmiş yeni pilləkan ünvan 2 ünvanında yaşayan iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzilindən kənar yerdə quraşdırıldığını (cavabdehin özünə məxsus 4 saylı mənzilə bitişik vəziyyətdədir) nəzərə alaraq, iddiaçıya məxsus 2 saylı mənzilindən istifadəsi üçün hər hansı maneə törətmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, ünvan 1 ünvanında ilkin iddia üzrə cavabdehlərə məxsus fərdi yaşayış evinin qarşısında Cavabdeh1 tərəfindən inşa edilmiş yeni pilləkən ünvan 4 ünvanında yaşayan ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzilindən kənar yerdə quraşdırılmışdır və ilkin iddia üzrə iddiaçılara onlara məxsus 2 saylı mənzildən istifadə etmələri üçün hər hansı maneə törətmir. Qeyd olunan həmin hal məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyi ilə sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Fedorovnanın Bakı şəhəri, Səbail rayonu, Buxtinskaya küçəsi, ev 71, mənzil 4 ünvanında ilkin iddia üzrə cavabdehlər tərəfindən quraşdırılmış pilləkənin sökülməsi barədə tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün bir neçə şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Bakı şəhər Cavabdeh3 Başçısının 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Səyyad Nəbiyevə öz vəsaiti hesabına əlavə tikinti işləri aparmadan, evinin pilləkəninin və eyvanın bərpa olunmasına icazə verilmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli pilləkənin bərpa olunmasına hər vəchlə mane olurlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ona sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə sahiblik etməyi də ehtiva edir. Göstərilənlərə əsasən hazırkı iddia üzrə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qəzalı vəziyyətdə olan pilləkənin təmirinə yaradılmış maneənin aradan qaldırılması vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehlərin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 71 saylı evin 4 saylı mənzilinin qəzalı vəziyyətdə olan pilləkən hissəsinin təmirinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi İddiaçı1 və İddiaçı2 Fedorovnanın üzərinə qoyulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi dəymiş maddi zərərə görə 2000 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 5000 manat məbləğində pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərin hərəkətləri nəticəsində onlara 2000 manat məbləğində maddi ziyan vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən onların xeyrinə 3000 manat tutulması barədə tələb irəli sürsələr də, bununla yanaşı, cavabdehlərin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişlər, ona görə də, həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Fedorovnanın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Cavabdeh3 işə cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz olaraq tikilmiş pilləkənin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 71 saylı evin 4 saylı mənzilinin qəzalı vəziyyətdə olan pilləkən hissəsinin təmirinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi İddiaçı1 və İddiaçı2 Fedorovnanın üzərinə qoyulsun. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüzi) manat cavabdehər İddiaçı1 və İddiaçı2 Fedorovnadan tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar