Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2033/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Fərrux oğlunun, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat məbləğində əsas borcun və 2018-ci ilin dekabr ayından etibarən gecikdirilmiş vaxt üçün illik 5% gecikmə məbləğinin iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi hesablanması ilə Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2018-ci ilin avqust ayında daha öncə də tanıdığı Cavabdeh adlı şəxs ona zəng edərək ADA Universitetində görüləcək yeni tikinti işləri ilə bağlı avtosəbət adlı krana ehtiyac duyulduğunu bildirmiş və ondan həmin kranı aylıq 4000 manat məbləğ qarşılığında icarəyə götürmək istədiyini qeyd etmişdir. Bu təklifin onun üçün də qazanclı olduğunu düşünərək Cavabdehla kranın haqqı ödənilməklə müvəqqəti olaraq onun istifadəsinə verilməsi ilə bağlı şifahi şəkildə razılaşmış və həmin tikinti işlərinin sonuna kimi kranı Cavabdeh icarəyə vermişdir. Unverisitetdə yaranmış tikinti işləri 3 ay müddətində davam etdiyi üçün Cavabdeh ona toplamda 12000 manat məbləğində vəsait verməli olduğu halda, 10500 manat məbləği verməklə kifayətlənmişdir. İlk başlarda özünün də dediyinə əsasən geri qalan 1500 manat məbləğinin də onun tərəfindən veriləcəyini düşünsə də, bir neçə dəfə geri qalan pulu tələb etsə də, hər dəfə fərqli-fərqli bəhanələr gətirərək həmin məbləğin ödənilməsindən boyun qaçırmışdır. Borclu olduğu digər şəxslərin borcunu uzun bir müddətdir ki, geri ödəməsinə baxmayaraq, ona olan 1500 manat borc məbləğini indiyədək qaytarmamış, hətta sözün əsl mənasında buna tənəzzül belə etməməkdədir. Borcun geri qaytarılmasından boyun qaçırması səbəbilə Cavabdeh barəsində Nərimanov RPİ-nin 18-ci PŞ-nə şikayət etmiş, həmin şikayəti əsasında araşdırma başlamış, Cavabdeh polis şöbəsinə dəvət edilərək məsələ ilə bağlı 16.02.2021-ci il tarixdə izahatı alınmışdır. Şəxs sözügedən izahatında aralarında şifahi icarə münasibətlərinin olduğunu, ST FASAD şirkəti tərəfindən pulunu ala bilmədiyi üçün ona olan 1500 manat məbləğində borcunu geri qaytara bilmədiyini, ümumilikdə isə hələ də borclu olduğunu açıq şəkildə etiraf etmişdir. Lakin Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən ona ünvanlanmış 19.02.2021-ci il tarixli arayışa əsasən mübahisə mülki xarakterli olduğu üçün şəxs barəsində hər hansı cinayət məsuliyyət tədbirləri tətbiq edilməmiş və mübahisənin mülki qaydada həll edilməsi qeyd edilmişdir. Cavabdeh ilə arasında yaranmış mübahisə icarə münasibətlərindən qaynaqlandığı, sonrakı dövrdə isə cavabdehin borcu ödəməkdən boyun qaçırması səbəbilə yalnız borc münasibətlərinə çevrildiyi üçün bu məsələ ilə bağlı mülki qanunvericiliyin həm icarə, həm də borca dair müddəaları tətbiq edilməlidir. Mülki qanunvericiliyə əsasən cavabdehin üzərinə götürmüş olduğu öhdəlikləri icra etmə anı əmlakdan istifadə müddətinin başa çatdığı andan etibarən yaranır və razılaşmanın predmetini əmlakdan əvəzli istifadə münasibətləri təşkil etdiyi üçün cavabdehin istifadə hüququ ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməli olduğu, lakin yerinə yetirmədiyi hər gün üçün gecikdirmə faizi hesablanır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, əmlakdan istifadə edilməsinə dair müqavilə 2018-ci ilin avqust ayından etibarən ilk 3 aylıq müddəti əhatə etdiyi üçün öhdəliyin icrası anı 2018-ci ilin dekabr ayı hesab edilir. Bu səbəblə cavabdeh ona olan 1500 manat məbləğində borcunu hələ də ödəmədiyi və gecikdirdiyi üçün 2018-ci ilin dekabr ayından etibarən gecikdirilmis vaxt ücün illik 5% faiz məbləğində əlavə ödəniş öhdəliyi yaranmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Fərrux oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və eləcə də, izah etmişdir ki, onlarla şirkət, yaxud cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Onları həmin tikintidə işləmək üçün İsmayıl çağırmış, onlara görüləcək işlərlə bağlı iş icraçısı göstəriş vermişdir. Lakin şifahi razılaşmaya əsasən onlar gördükləri işin müqabilində İsmayıldan əmək haqqlarını alırdılar. Belə ki, İsmayıl özü də oğlu ilə birlikdə öz texnikası ilə həmin tikintidə işləyirdi. Şirkətlə belə razılığa gəlinmişdi ki, orada işləyənlərin əmək haqqısı İsmayılın oğlunun hesabına köçürülsün və həmin hesabdan onların pulları ödənilsin. Bu səbəbdən də o, 1500 manat borcun ödənilməsini İsmayıldan tələb edir. Sonuncu dəfə o, atası İddiaçı ilə onlara qaytarılmamış 1500 manat pulun ödənilməsi üçün işlədikləri yerə gedəndə, orada onlarla birlikdə işləmiş Sevindik Baxşəliyev, Mahir Hüseynov, Cavabdeh və başqa bir neşə şəxs də olmuşdur. Orada onların qarşısına ST FACADE şirkətinin nümayəndəsi və iş icraçısı olan Sergey çıxaraq onlara narahat olmamalarını, onlara olan borcların ödəniləcəyini, lakin hələlik şirkətin hesabında pul olmadığını, tezliklə burada yataqxana inşasına başlanandan sonra onlara olan borcun ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, “ST FACADE Technology” şirkəti ADA universitetinin tədris korpusu tikintisi üçün avtosəbət texnikasını istəmiş və o və oğlu X2 özlərinə məxsus texnikanı icarəyə vermişlər. Onlardan başqa şirkətdə Sevindik Baxşəliyev və Mahir Hüseynova məxsus avtosəbət texnikaları işləyirdi. Sonra şirkət 4 günlük əlavə texnika istədi və ona bildirdilər ki, tanıdığın adam varsa çağır gəlsin. O da iddiaçıya zəng edərək bildirdi ki, ADA Universitetinin tikintisi üçün 4 günlük avtosəbət istəyirlər işləmək istəyərdimi? İddaçı soruşdu ki, bir günə nə qədər verirlər. O da bildirdi ki, 150 manat verirlər. İddiaçı da razılaşdı və bildirdi ki, işləmək istəyir. Məlumat üçün bildirir ki, şirkət 4 günlük əlavə texnika istəmişdi, lakin onun xəbəri olmadan iddiaçının özü şirkətlə razılaşaraq 1 ay işləyib. İddiaçıya məxsus texnikanın şirkətdə əlavə 26 gün işləməsini ona tanışı Rüstəmov Xaləddin bildirdi. O, şirkətin rəhbərliyinə bildirdi ki, o, iddiaçıya 4 günlük demişdi, lakin şirkət onu əlavə olaraq 1 ay işlədib, bu necə olacaq? Onlar da bildirdilər ki, bəli onunla razılaşıblar, əlavə işlədiyi günlərin pulunu ödəyəcəklər. İddiaçı ərizəsində bildirir ki, guya tikinti işlərinin sonuna kimi kranı cavabdehə, yəni ona icarəyə verib, o, 3 ay kranı işlətmiş, iddiaçıya 12000 manat məbləğində vəsait verməli olduğu halda, 10500 manat məbləği verməklə kifayətlənmiş, qalan 1500 manatı verməmişdir. Qeyd etmək istəyir ki, iddia ərizəsində yazılanlar tam yalandır. Yuxarıda qeyd etdiyi kimi, iddiaçıdan əlavə orada həmin şirkətdə tanışları olan Sevindik Baxşəliyev və Mahir Hüseynova məxsus avtosəbət texnikaları işləyib. Şirkət texnikanın icarə haqqı olaraq hamıya bir günə 150 manat ödəyirdi. Şirkətdə ilk olaraq o və oğlu işləməyə başlamışlar. İddiaçı daxil olmaqla digər şəxslər sonradan cəlb olunmuşdular, ona görə də, rahat olsun deyə, şirkət pulu onun oğlu Hüseyinin adına olan hesaba ödəyirdi. Onlar da hərəyə çatası pulu veririrdilər. Həmin texnikaları şirkət istədib, o heç kimdən icarəyə texnika götürməmişdir. Şirkətdə onların öz texnikaları işləyib və onlara da hamı kimi bir gün üçün 150 manat ödənilib. O necə icarəyə götürmüşdür ki, texnikasını tikintidə özü idarə edirdi. Əgər o iddiaçıdan texnika icarəyə götürsəydi, onu özü işlədərdi, iddiaçı yox. 2019-cu ilin oktyabrında şirkətin işi yekunlaşdı və onlara cəmi 5900 manat borclu qaldı. Həmin 5900 manat pulun 1500 manatı Baxşəliyev Sevindiyə, 1500 manatı Hüseynov Mahirə, 1500 manatı iddiaçıya və 1400 manatı ona məxsusdur. Şirkətdən bildirdilər ki, həmin məbləği ödəməyə hesablarında vəsaitləri qalmayıb, ADA universitetinin ərazisində yeni yataqxana korpusunun tikintişinə başlayacaqlar, işə başlayan kimi onlara olan borcu ödəyəcəklərinə söz verdlər. Şirkət 2020-ci il mart ayında başlayan Koronavirus epidemiyası ilə əlaqədər Bakıya gələ bilmədiyi səbəbindən bu günə qədər onların pullarını ödəyə bilməyib. Bunu “ST FACADE Technology” şirkətinin məlumat məktubu da təsdiq edir. O, şirkət Rusiyaya gedəndən bəri hal-hazıradək şirkətin nümayəndəsi Sergeylə “Whatsapp” vasitəsilə yazışır və borcluların şikayətini və pullarını tələb etdiklərini ona şatdırır. Sergey də, hər dəfə narahat olmamalarını, şirkət Bakıda tikinti işlərinə başlayan kimi onlara olan borclarını qaytaracağını vəd edir. O, həmin yazışmaları məhkəməyə təqdim etmişdir. Bir daha bildirir ki,o, iddiaçıdan texnika icarəyə götürməmişdir, iddia ərizəsində qeyd olunanlar düz deyil. İddiaçının pulunu mənimsəməmişdir. İş üzrə cavabdehliyi “ST FACADE Technology” şirkət daşımalıdır. Bütün bunları nəzərə alaraq hesab edir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanladığı izahatından görünür ki, təxminən 2018-ci ildə ADA universitetində fəaliyyət göstərən “ST FACADE Technology” şirkətinin layihə rəhbəri Sergey Lemba korpus tikintisi üçün avtosəbət texnikası istəmiş və o da, universitetin tikintisində işləyən texnikasını icarəyə vermişdir. Ondan sonra əlavə texnika tələb olunanda Fərruxun avtosəbətini 4 günlük ora dəvət etmişdir. Onun xəbəri olmadan Fərrux 4 gündən əlavə 26 gün, yəni 1 ay işləmişdir. 2019-cu ildə şirkət işlərini yekunlaşdırmış və onlara təxminən 20.000 manat borcu qalmışdır. Bu puldan hissə-hissə alaraq Fərruxa 2.500 manat vermişdir. Qalan 1500 manatını ST Facad şirkəti ödəmək üçün vaxt istəmişdir. 2020-ci il mart ayında koronavirus epidemiyası ilə əlaqədar şirkət Bakıya gələ bilmədi üçün bu günə qədər Fərruxun pulunu ödəyə bilməyib. ADA universiteti ərazisində yataqxana korpusunun tikilişinə başlanacağı vaxtı o pulu ödəməklərinə söz veriblər. İş materiallarında olan Azərbaycan Respublikasına ST Facad şirkəti tərəfindən göndərilmiş məktubdan görünür ki, ST Facad şirkətin göstərilmiş xidmətlərə görə Əhmədov Hüseynə 5.900 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh 2018-ci ildə ADA universitetində fəaliyyət göstərən “ST FACADE Technology” şirkəti korpus tikintisi üçün avtosəbət texnikası istəmiş, Cavabdeh öz texnikasını icarəyə vermiş, əlavə texnika tələb olunanda, iddiaçı Cavabdeh oğunu 4 günlək həmin şirkətdə öz texnikası ilə işləməyə dəvət etmişdir. Lakin iddiaçı bir ay həmin şirkətdə işləmişdir. Şirkət tərəfindən ona ödənilməmiş 1500 manat borc qalmışdır ki, Şirkət həmin məbləğdə borcunun olduğunu etiraf edərək, ADA universiteti ərazisində yataqxana korpusunun tikintisinə başlayacağı vaxtı qalan borcunu ödəməsinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qanunvericiliyin qeyd olunan müddəalarının qarşılıqlı təhlilindən aydın olur ki, müqavilə çərçivəsində bir şəxsin digər şəxsdən borcun ödənilməsini tələb etməsi üçün tərəflər arasında müqavilə münasibətlərinin yaranmasına istiqamətlənmiş qarşılıqlı iradə ifadəsi olmalıdır. Çünki tərəf iradə ifadəsi nəticəsində müqavilədən irəli gələn tələb üzrə öhdəlik daşıya bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən halın mülki mübahisənin hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınmalıdır. Məhkəmə bu qənaətə gəlir ki, Əhmədov X1 Amid Fərrux oğlu ilə hər hansı müqavilə bağlamamış, bu səbəbdən cavabdehin müqavilədən irəli gələn öhdəliyi yaranmamışdır. Məhkəmə iclasında iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıgını bildirmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iclasında iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə Fərrux oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Nümayəndə Fərrux oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2033/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2033/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver