Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-204/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilən X3 və X2) qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən 0.0557 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilən tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən 0.0557 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Mülkiyyətində olan həmin torpaq sahəsində cavabdeh qeyri-qanuni olaraq yaşayış sahəsi inşa etdirmişdir. Tikinti işlərinə başlanarkən cavabdehə torpaq sahəsinin ona məxsus olduğuna dair xəbərdarlıq etsə də buna əhəmiyyət verməmişdir. Mülkiyyət hüquqlarını pozaraq ona məxsus torpaq sahəsində cavabdeh fərdi yaşayış sahəsi inşa etdirdiyi üçün həmin tikili onun hesabına sökülməli və torpaq sahəsini əvvəlki vəziyyətə gətirməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia əsassız olduğuna görə rədd olunmalıdır. Belə ki, iddiaçı saxta sənədlər düzələrək onun və qonşuların torpağını əldə etmişdir. Bununla bağlı onlar prokurorluğa şikayət edəcəklər. O, evi 2021ci ildə tikmiş, 2021-ci ilin sonunda oraya köçmüşdür. Ona görə də hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməli və rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş 3-cü şəxslər X3 və X2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** nömrəli xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi 149 ünvanında yerləşən, ümumi sahəsi 0.0557 ha olan torpaq sahəsinin hüquq sahibi İddiaçı qeyd olunmuşdur. - Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-10/4969 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Şamil Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Mübahisəli olan torpaq sahəsinin relyefi mailidir. Sahənin bir hissəsi tökmə torpaq qatı ilə doldurulmuş ərazidə yerləşməklə dörd tərəfdən də daş hasarla sərhədlənmişdir. Faktiki sahəsi 620.0 kv.m təşkil edir. Üzərində digər şəxsə məxsus təmir işləri davam etdirilən iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisi inşa olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 620.0 kv.m sahənin 557.0 kv.m hissəsi iddiaçının (İddiaçı) adına **********01 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sahə üzərindəki tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** nömrəli xx.xx.2023-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi 149 ünvanında yerləşən, ümumi sahəsi 0.0557 ha olan torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-10/4969 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Şamil Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Mübahisəli olan torpaq sahəsinin relyefi mailidir. Sahənin bir hissəsi tökmə torpaq qatı ilə doldurulmuş ərazidə yerləşməklə dörd tərəfdən də daş hasarla sərhədlənmişdir. Faktiki sahəsi 620.0 kv.m təşkil edir. Üzərində digər şəxsə məxsus təmir işləri davam etdirilən iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisi inşa olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 620.0 kv.m sahənin 557.0 kv.m hissəsi iddiaçının (İddiaçı) adına **********01 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sahə üzərindəki tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri). “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-10/4969 saylı ekspertiza rəyini hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməsini mümkün sayır. Belə ki, ekspert rəyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə iş materiallarınında olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara, o cümlədən ekspert rəyinə, tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən inşa edilən tikililər iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törədir. Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi 149 ünvanında yerləşən, ümumi sahəsi 0.0557 ha olan torpaq sahəsində Cavabdeh tərəfindən təmir işləri davam etdirilən iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisi cavabdehin hesabına sökülərək, torpaq sahəsindən çəxarılmaqla torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 95 (doxsan beş) manat mütəxəssis rəyi üzrə çəkilmiş xərc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi 149 ünvanında yerləşən, ümumi sahəsi 0.0557 ha olan torpaq sahəsində Cavabdeh tərəfindən təmir işləri davam etdirilən iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisi cavabdehin hesabına sökülərək, torpaq sahəsindən çəxarılmaqla torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 95 (doxsan beş) manat mütəxəssis rəyi üzrə çəkilmiş xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-204/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-204/2024
12.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver