Məhkəmə qərarları › İş №2(009)-2043/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2043/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2043/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və "xxxx" ASC-yə (Maraqlı şəxs 3-cü şəxs qismində göstərilməklə) qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı- cavabdehlər “X1 Mərkəzi” MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekun nəticələri barədə protokolun və 09 aprel 2021-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinə tutmanın iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə iddiaçının 20219,11 ABŞ dolları məbləğində borcunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən verilmiş hərracın nəticələri haqqında YP-87 nömrəli, 09.03.2021-ci il tarixli protokola əsasən mübahisəli evin ilkin satış qiyməti 44,000 manat, son satış qiyməti isə 28,050 manat qiymətlədirilərək "xxxx" ASC-yə satılmışdır. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya məlumat verilməmişdir. O, mənzilin hərracda satılan və qiymətləndirilmə yolu ilə müəyyənləşdirilmiş qiymətindən narazıdır və hesab edir ki, həmin qiymətlər real bazar dəyərinə uyğun deyildir. Göstərilənlərə əsasən qiymətləndirilmə barədə hesabatın və hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın tamamilə əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. İddiaçı tərəf hərracın keçirilmə tarixi və yeri barədə məlumatlı olmuşdur. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X1 Mərkəzi” MMC və Maraqlı şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılaraq satılması və hərracın keçirilməsi barədə ona məlumat verilməməsi hallarına istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 44.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda 28,050 manata "xxxx" ASC-yə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli qətnaməsi, 09.03.2021-ci il tarixli və YP-87 nömrəli protokolla təsdiqlənir. Məhkəmə iddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 2-ci maddəsinə əsasən fəaliyyətləri bu qanunla tənzimlənən fiziki və ya hüquqi şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər. İş materillarında olan Abşeron rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 44.000 manat təşkil edir. “X1 Mərkəzi” MMC sözügedən mənzili məhz ilkin satış qiyməti 44.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiyməti mənzilin hərracdaki ilkin satış qiyməti ilə eynidir. Məhkəmə iddiaçının tələbinin əmlakın əsl dəyərindən aşağı qiymətə satılması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur; 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hərracın nəticələri haqqında protokoldan görünür ki, sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda-15%-25% enmiş faizlə 19125 manata satılmışdır (44.000x15%=37,400; 37,400x25%=9,350; 37,400- 9,350=28,050). Göründüyü kimi, əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 209696, 264055, 264054 və digər nömrəli qəbzlərdən görünür ki, X1 Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişləri İddiaçı ünvanına Smart Ekspress sürətli poçt vasitəsi ilə məktublar göndərilmiş və xəbərnamələrə imza olunmaqla iddiaçı tərəfindən qəbul edilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və "xxxx" ASC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar