Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2070/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25 avqust 2022-ci il tarixli NDM № 029599 nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********103X4 nömrəli abonent koduna hesablanmış 877 manat borcun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslanrdırmışdır ki, ünvan 1 ünvanında o, qızı ailəsi ilə və oğlu ilə birlikdə yaşayırlar. 25 avqust 2022-ci il tarixdə gecə saat 22-30-da onlar evdə olarkən mənzilin işıqları söndü. Oğlu Elçin dərhal bayıra çıxıb sayğaca baxmaq istədi ki, işığın sönmə səbəbini aydınlaşdırsın. Həmin vaxt 4-5 nəfər özünü Azərişığın işçisi kimi təqdim edən şəxslər bildirdilər ki, sayğaclara kənar qoşulmanın olub olmamasını yoxlayırlar. Həmin vaxt onlar bildirdilər ki, səhəri gün gəlib yenə də yoxlayacaqlar. Ancaq gəlmədilər, lakin hər zaman evlərə gəlib enerji sərfiyyatını qeydə alan əməkdaş 2 gün sonra gəlib bildirdi ki, onun mənzilinə akt yazmaq istəyirlər. X1 nəzarət şöbəsinə gedib aktın yazılma səbəbəini aydınlaşdırmaq istədi. Elçinə oradan bildirdilər ki, araşdırıb nəticəsini bildirəcəklər. xx.xx.2022-ci il tarixdə qızı Mehriban telefonla elektrik enerjisi sərfiyyatına görə ödəməni etmək istəyərkən artıq 877 manat cərimə yazıldığını görmüş. Oğlu Elçin yenidən Azərişığa getdi ki, cərimə yazılmasını aydınlaşdırsın, orada ona bildiriblər ki, artıq akt tərtib olunub və buna görə də 877 manat cərimə yazılıb, həmin cəriməni ödəməsələr elektrik enerjisi sərfiyyatını dayandıracaqlar. xx.xx.2022-ci il tarixdə onlar bacısının doğum günündən qayıdarkən evdə artıq işıqların söndüyünü görmüşlər, kürəkəni buna görə qaynar xəttə məlumat vermiş, orada isə bildirmişlər ki, cərimə yazılıb ona görə elektrik enerjisinin verilişi dayandırılıb. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və eləcə də bildirmişdir ki, mübahisələndirdiyi akt onun iştirakı ilə tərtib olunmayıb, ona təqdim olunmayıb. Onun bacısı gedib idarədən aktı tələb edib və yalnız bir həftədən sonra akt ona təqdim olunmuşdur. O, hadisədə iştirak etmiş, lakin qanunsuz qoşulma xətti ona göstərilməyib. İşıq idarəsindən gələndə onlara məlumat verilməyib, yalnız işıq sönən zaman, o, evdən çıxanda gələn əməkdaşlar ona bildirdilər ki, aşağıda olan gül mağazasını yoxlamağa gəliblər. O, onlardan xahiş etdi ki, yoxlamanı onun yanında etsinlər və onlar onun yanında işığı yoxladıqda fakt müəyyən olunmadı. Onlar aktı həmin vaxtı tərtib etmədilər. Ona bildirdilər ki, səhəri günü gəlib hamısını yerində təzədən yoxlayacaqlar, lakin səhərsi günü gəlmədilər, yalnız iki gündən sonra ona sahə nazərətçisi dedi ki, onlarda əlavə xətt var, o, buna etiraz etdi. İşıq əməkdaşları çəkiliş edəndə o orada olmamışdır. Onun xahişi ilə ikinci dəfə işığa baxanda çəkiliş olmayıb. Onlar qanunsuz qoşulmanı ona göstərməyiblər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək göstərmişdir ki, 25 avqust 2022-ci il tarixində Azərişıq ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib və mənzilə sayğac sxemindən kənar xəttin daxil olması haqqında akt tərtib olunmuşdur. Baxış keçirilməsi zamanı videoçəkiliş də olub. Hesab edir ki, akt qanuni əsaslarla tərtib edilmiş və onun ləvğ edilməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən hesablanmış borc da qanuni əsasla olmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, Azərişıq ASC-də satışa nəzarət idarəsinin mühəndisi vəzifəsində işləyir. Balans sayğaclarla yerlərdə satış sayğacları arasında qeyri-balans yarandığı hallarda, balans idarəsi tərəfindən göstərilir ki, hansı rayonda, hansı xətlərdə kommersiya itkiləri olur, onlar ərazidə sayğaclara baxırıllar, mənzillərə, kommersiya obyektlərinə baxış keçirirlər, orada texniki qüsurlar olur, bilərəkdən müdaxilələr olur. O məqsədlərlə sayğaclara baxış keçirilir. Növbəti baxışlardan biri mübahisəli ünvandakı şitə olub. Baxış zamanı görmüşlər ki, giriş xəttindən giriş kabeli var, avtomat var, giriş kabeli gəlib sayğaclara daxil olur, oradan mənzillərə gedir. Orada gördülər ki, giriş xəttinin üzərində əlavə sayğacsız kabel çıxır, qoşulur, faktiki olaraq elektrik enerjisindən istifadə olunur, yükü var. Enerji sayğacsız getdiyi üçün, hara getməsini təyin etmək üçün həmin qoşulan xətti şəbəkədən açdılar. Şəbəkədən açan zaman iddiaçının mənzillində işığı söndü, orada su nasosu var idi, o da dayandı. Mənzildə işıq söndüyü üçün sakinlər evdən çıxdılar. İşıq sönəndə kənarda olan gül dükanının fasad işıqları da söndü. Orada gecə heç kim yox idi. Onlar belə təyin elədilər ki, həm mənzil, həm də gül dükanı bu xəttdən qidalanır. Dükanın nümayəndəsi ilə telefon əlaqəsi saxladılar, o, bildirdi ki, gül dükanının daxilində sayğacı vardır. Həmin bu xətt gül dükanına gedir. Yolda xətt damın üstü ilə getdiyinə görə gecə vaxtı onlar onu ayırd edə bilmədilər. Həmin o xətdən həm mənzilə, həm də gül dükanına elektrik gedirmiş. Xətt gül dükanına gedir və oradakı sayğaca daxil olur. Həmin kabelə qoşulma sayğacdan kənar olduğu üçün qanunsuzdur. O, iddiaçının oğluna qanunsuz qoşulma barədə məlumat verəndən sonra ikinci dəfə işığı qoşanda həmin yük sayğaca keçdi. Onlar həmin günü iddiaçının oğluna məlumat verdilər ki, kənar xəttin ləğv edilməsi ilə bağlı akt tərtib edəcəklər. İddiaçının oğlu bununla razılaşmadı. O, aktı öz maşınında tərtib etdi. Akt tərtib olunduqdan sonra iddiaçının oğlunun aktı qəbul etməyəcəyini bildikləri üçün ona aktı təqdim etməyə ehtiyac duymadılar və aktı ona təqdim etmədilər. Bir neçə gündən sonra onlar gəlib xəttə baxanda damın üstündə onun zədəli yerini müəyyən etdilər, hansı ki, oradan götürülmə etimalı var, həmin xəttin izolyasiyası pozulub, yeni olaraq izolyasiya xətti ilə sarılıb. Ehtimal olundu ki, cərəyan oradan götürülüb. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan 029599 NDM nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərişıq ASC-nin əməkdaşları tərəfindən EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, ünvan 1 ünvanına sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt birbaşa 0,4 kv-luq şəbəkədən götürülmüşdür. Kənar xətt ləğv edilmişdir. İş materiallarında olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin təchizatı üzrə birtipli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC abonent İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan "Azərişıq” ASC-nin komissiyanın xx.xx.2022-ci il tarixli aktından görünür ki, 029599 NDM nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən abonent İddiaçı mənzilinə sayğac sxemindən kənar xətt daxil olduğu üçün 7258 kvts itirilmiş elektrik enerjisinin bərpası ilə əlaqədar 877,8 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Yuxarıda qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş mübahisələndirilən xx.xx.2022-ci il tarixli 029599 NDM saylı aktda göstərilən 0,4 kv-luq şəbəkədən götürülən kənar xəttin iddiaçıya məxsus mənzilə daxil olmasına dair kifayət qədər sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan videoçəkilişə baxış zamanı da bu hal öz təsdiqini tapmadı. Digər tərəfdən məhkəmə iclasında tərəflərin izahatları və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olaraq, mübahisələndirilən 029599 NDM nömrəli, xx.xx.2022-ci il tarixli aktın surəti iddiaçıya təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, 51 saylı evin 18 saylı mənzili üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029599 №-li akt etibarsız hesab edilməli və həmin mənzil üzrə **********103X4 №-li abonent koduna hesablanmış 877 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, 51 saylı evin 18 saylı mənzili üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029599 №-li akt etibarsız hesab edilsin və həmin mənzil üzrə **********103X4 №-li abonent koduna hesablanmış 877 (səkkiz yüz yetmiş yeddi) manat borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2070/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2070/2022
31.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver