Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2072/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-dən bildiriş gəlmişdir ki, onun borcu yoxdur, lakin xx.xx.2024-cü ildə isə heç vaxt borcu olmadan ona 289,85 manat borc yazıblar. Məsələni araşdırmaq üçün əvvəlcə Səbail rayonun Qaz İdarəsinə getmiş, orada ona bildirmişlər ki, Cavabdeh Satış Departamenti smart sayğacın plombu ilə bağlı onu xx.xx.2018-ci ildə cərimə etmişlər. Departamentdə isə bildirmişlər ki, verilən cəriməni ləğv edə bilməyəcəklər, cəriməyə aid 4 vərəq sənəd vermişlər və təklif etmişlər ki, şikayəti məhkəməyə versin. Sayğacın plombu ilə bağlı hadisə belə olub. 2013-cü ildə blokda ona smart sayğacı quraşdırılmışdır. Ustalar gecə təxminən saat 22-də gəlmişdirlər. Gedəndə demişlər ki, hələlik qazı açmırlar ona görə ki, işlərini tam qurtarmayıblar, sabah gələcəklər. Nə sabah, nə də sonra gəlməmişlər. O, bir həftədən çox qazsız qalmışdır. Nəhayət, çox zəng edəndən sonra Səbail rayon Qaz İdarəsinin işçisi gəlmişdir. O, blokda olan qaz ventili açandan sonra bloku qazın iyisi basmışdır. Deməli, sayğacı quraşdıranlar birləşmələrdə qazın sızmasını hiss edərək, qaz ventilini bağlayıb, işi qurtarmamış, ona sayğacı quraşdırılma aktı verməmiş, çıxıb getmişlər. 2018-ci ilin mart ayında Cavabdeh İB-nin komissiyası evinə gələrkən sayğacın qlyans hissəsində plomb aşkarlanmamasını qeyd etmişdir. Texniki baxış keçirəndə ona qarşı sözləri olmayıb. Komissiyanın üzvü həmən vaxtı plombu vurmuşdur. Onlar gələnədək sayğacda nə problem olduğundan xəbəri yox idi. Sayğac blokda, yüksəkdə, qutusuzdur. Onun təqsiri olsaydı, Cavabdeh İB-dan ona həmin 2018-ci ildə cərimə gələrdi. Cavabdeh İB-dan ona verilən “Gasper” sənədindən görünür ki, onun, tənha qadının, illər boyu (2010-2024) qazın sərfiyyatı dəyişdənə azdır, bu da sübut edir ki, sayğacın plombuna toxunmaq onun marağı yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı Regional Qazın Satışı Departament tərəfindən ona yazılan cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, 58/0805 saylı aktın surətindən görünür ki, sayğacın qlyans hissəsində plom aşkarlanmamışdır. İstehlakçının nümayəndəsi İddiaçı aktın imzalamaqdan imtina etmişdir. İş üzrə Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair qərarından belə məlum olur ki, istehlakçı İddiaçı 58/0805 saylı, xx.xx.2018-ci il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 45 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1782 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə “Azəriqaz“ İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, abonent İddiaçı (kod **********00050) borcu olmaması qeyd edilmişdir. İş üzrə “Azəriqaz“ İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, abonent İddiaçı (kod **********00050) 289,85 manat borc hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00050) abonent saldosundan görünür ki, ona 2018-ci ilin mart ayında 356,40 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzilə aid olan və pilləkən qəfəsində yerləşən sayğaca baxış keçirilərkən sayğacın qlyans hissəsində plomb aşkarlanmamış, iddiaçı barəsində xx.xx.2018-ci il tarixdə 58/0805 saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-cü il tarixli qərarı əsasında iddiaçıya 1782 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 356,40 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 356,40 manat borc xx.xx.2018-ci il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2018-ci il tarixli 58/0805 saylı akt əsasında qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Ona məxsus mənzildən kənarda quraşdırılmış qaz sayğacı 2018-ci ildə Cavabdeh İB-nin əməkdaşları baxış keçirilmiş, sayğacın qlyans hissəsində plomb aşkarlanmamasını qeyd etmişdir. Texniki baxış keçirəndə ona qarşı sözləri olmamış, cavabdehin əməkdaşı həmin vaxtı plombu vurmuşdur. Cavabdehin əməkdaşları gələnədək sayğacda nə problem olduğundan onun xəbəri yox idi. Sayğac blokda, yüksəkdə yerləşir, qutusuzdur. Onun təqsiri olsaydı, Cavabdeh İB-dan ona həmin 2018-ci ildə cərimə gələrdi. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə akt əsasında iddiaçının abunə hesabına yazılmış borcla bağlı qeyd edir ki, həmin borcun silinməsi barədə tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək bu nəticəyə gəlmək olur ki, iddiaçının yaşadığı mənzilə quraşdırılmış və mənzildən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəzyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırkı işin araşdırılan halları ilə iddiaçının evindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı sübuta yetməmişdir. Məhkəməyə təqdim olunan abonentin saldosundan məlum olur ki, edilən ödənişlər aylar üzrə kəskin fərqlənmir. Belə ki, qaz sayğacına qanunsuz müdaxilə halı mövcud olsaydı, həyata keçirilən ödənişlər arasında kəskin fərq mövcud olardı. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya qaz sayğacına müdaxilə etməsi ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış borcun (356,40 manat) iddiaçının abunə hesabından silinməsi barədə tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 71 saylı evin 5 saylı mənzilə dair Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçının abunə hesabına (**********00050) yazılmış 356,40 (üç yüz əlli altı manat, qırx qəpik) manat borc silinsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2072/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2072/2024
18.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver