Məhkəmə qərarları › İş №2(009)-2089/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2089/2023

07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2089/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********0084 nömrəli abonent koduna hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 29, mənzil 84 saylı mənzildə kirayə yaşayır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə D-100224 nömrəli müqavilə İddiaçı adınadır. ”Azəriqaz” İB-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0390711№ li akt tərtib edilmiş və həmin akta əsasən mənzilə yeni qaz sayğacı quraşdırılmışdır. Həmin aktda yaranmış problemin səbəbi kimi sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən aralanması göstərilir. Sayğac istismara yararsızdır. Həmin sayğaca heç kim müdaxilə etməmişdir. Akt tərtib olunarkən iddiaçının xəbəri olmamışdır. Həmçinin iddiaçıya təqdim olunmuş aktda heç kim tərəfindən imza olunmamışdır. İddiaçının bildirdiyinə görə həmin aktda yazılmış səbəblərin heç də sayğaca fiziki və ya digər müdaxilə nəticəsində mümkün olması sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 5 saylı notoriat ofisində imzalanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 2 otağını kirayəçi İddiaçı verir. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2023-cü il tarixli D-100224 nömrəli müqavilə Cavabdeh İB ilə İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın çıxarılma səbəbi kimi hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən aralanması və istifadəyə yararsız olduğu göstərilir. İddiaçı aktı imzalamamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilən qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 2 otağını kirayəçisidir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2023-cü il tarixli D-100224 nömrəli müqavilə Cavabdeh İB ilə İddiaçı arasında bağlanmışdır. İddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca cavabdeh təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən aralanması və istifadəyə yararsız olduğu göstərilmişdir. İddiaçı aktı imzalamamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, əsassız olaraq hesablanmış 1555.20 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Beləliklə iddiaçının evə aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından 1555.20 manat pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə olan halda məhkəmə hesab edir ki, 35.56 (otuz beş manat əlli altı qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı kirayə yaşadığı ünvan 1 ünvanında **********0084 nömrəli abonent koduna hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borcu abunə hesabından silinsin. 35.56 (otuz beş manat əlli altı qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar