Məhkəmə qərarları › İş №2(009)-2129/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2129/2025

14.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2129/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi R.A.Nəsirovun iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi və s. tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı istilik təchizatı xidmətləri üzrə ödəniş məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsmi, ev 2, mənzil 36-da yaşayır. Mənzil Cavabdeh ASC tərəfindən istiliklə tam təmin olunmur. Son 25 ildən çox, 2 otaqlı mənzilində yalnız 1 otaqda radiator işləyir, digər otaqdakı isə evindən keçən su boruya istilik verilmir. Bu barədə Cavabdeh ASC-yə dəfələrlə müraciət etmişdir və xx.xx.2025-ci il tarixli cavab məktubunda təsdiqlənmişdir ki, mənzilində otaqlardan biri istiliklə təmin olunmur. Otağında həm ümumi su borusu, həmçinin istilik radiatorlar tam işlək vəziyyətdədir, ancaq boruya isti su verilmir. Faktiki vəziyyət budur ki, o, yalnız bir otaqda istilik xidmətindən istifadə edə bilir. Keçmiş illərdə də bu hal nəzərə alınaraq yalnız bir otağın yaşayış sahəsinə görə ondan ödəniş rəsmi alınıb. Buna baxmayaraq, hazırda Cavabdeh ASC ondan bütün mənzil sahəsinə görə tam istilik haqqını tələb edir. Halbuki “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 9.2-ci bəndinə əsasən müəssisə göstərilən xidmətlərin dəyərini sayğac göstəricilərinə və ya normativlərə əsaslanaraq tam və düzgün hesablanmalıdır. Əgər xidmət qismən göstərilibsə, müəssisənin tam ödəniş tələb etməsi qanunsuzdur. Eyni qaydaların 9.8-ci bəndinə əsasən istehlakçı müraciət etdikdə, müəssisə hesablamaları üç iş günü ərzində yenidən gözdən keçirməli və uyğunsuzluq aşkar etdikdə hesablamalarda düzəliş etməlidir. Onun müraciətinə baxılmış lakin heç bir tədbir görülməmişdir. Beləliklə Cavabdeh ASC xidmətin qismən göstərilməsinə görə tam ödəniş tələb etməsi qanunsuzdur və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Göstərilənləri nəzərə alaraq iddiaçı mənzilində faktiki işləyən istilik sisteminə uyğun olaraq istilik təchizatı xidmətlərinə görə ödənişin yalnız mənzilin bütün sahəsinin yarısı hesablanması, Cavabdeh ASC tərəfindən bu günə qədər tələb olunan 89,09 manat məbləğinin yarısının hesablanması müəyyən edilməsi (borcun cəmi 24,55 manatın etməli, 20 manat artıq onun tərəfindən ödənilmiş) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ASC tərəfindən “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (“222-VİİQ, 2025) tələbləri pozulmaqla mənzilinə istilik enerjisi fasilələrlə və natamam şəkildə verilir, habelə qanunvericilikdə nəzərdə tutulmuş sayğac (ölçü qurğusu) quraşdırılmayıb. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh tərəfindən istilik təchizatı xidmətinin tam və qanunvericiliyə uyğun şəkildə həyata keçirilmədiyi və mənzilində istilik enerjisi sayğacının quraşdırılmadığı nəzərə alınaraq, mövcud borcun əsassız hesab edilməsi və onun silinməsi, cavabdeh tərəfindən mənzilinə istilik təchizatı tam şəkildə bərpa olunana və qanunla nəzərdə tutulmuş istilik enerjisi sayğacı quraşdırılanadək, onun istilik enerjisinə görə ödəniş etmə öhdəliyinin müvəqqəti olaraq dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, yaşadığı ünvana 25 il əvvəl köçmüşdür. Mənzildə yerləşən radiatorlara o, məsuliyyət daşıyır. İstilik boruları ona aid deyil, onlar özləri mütəmadi boruları yoxlamalıdırlar. 25 il əvvəl kommunal xərclərinin yarısını tuturdular, iki il əvvəl isə bildirdilər ki, yaşayış sahəsi üzrə kommunal xərc tam ödənilməlidir, bununla bağlı Nazirlər Kabinetinin yeni qərarı var. İddiaçı həmçinin izahatında göstərmişdir ki, mənzilinin daxilində yerləşən paylayıcı şəbəkə tam işlək vəziyyətdədir. Lakin cavabdeh tərəfindən “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq şəbəkəyə istilik daşıyıcısı verilməmişdir. Onun qanunla təsdit olunmuş hüququ var ki, şəbəkəyə qoşulmağı və istilik daşıyıcısının verilməsini tələb edir. Lakin onun mənzilində istilik daşıyıcısı verilmədiyi üçün müqavilə şərtlərinə əməl olunmamışdır. Ümumiyyətlə onunla müqavilə də bağlanılmamışdır. “İstilik təchizatı haqqında” AR Qanununa əsasən istilik enerjisinə görə ödəniş yalnız istehlakçıya faktiki verilmiş istilik enerjisinə görə həyata keçirilə bilər. Lakin mənzilində bu günədək fərdi istilik sayğacı quraşdırılmadığından, verilmiş istilik enerjisinin dəqiq uçotu və istifadə həcminin müəyyənləşdirilməsi mümkün deyil. Bu səbəbdən ona qarşı istilik enerjisinə görə ödəniş tələbinin irəli sürülməsi qanuna ziddir, çünki xidmətin faktiki verilməsi və həcmi qanuni qaydada sənədləşdirilməyib və ölçməyib. O, yalnız fərdi istilik sayğacı quraşdırıldıqdan və mənzilinə fasiləsiz və tam şəkildə istilik enerjisi verildikdən sonra ödəniş edə bilər. Cavabdeh ASC-nin ona qarşı istilik enerjisinə görə borc tələbini əsassız hesab edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil və Mülki Məcəllərinin müvafiq maddələrinin tələblərinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mövcud qanunvericilik və normativ-hüquqi aktlara əsasən binadaxili mühəndis kommunakasiyaların, o cümlədən istilik sistemlərinin saxlanılması və bərpası mənzil mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən paylanılan istilik xəttinin yalnız binanın girişinə qədər olan hissəsi cəmiyyətin balans mənsubiyyətinə daxildir. İstilik isə normal vəziyyətdə verilmişdir. “İstilik enerjisinin istifadə qaydaları”nın 9.5.1-ci bəndinə əsasən istilik təchizatı xidmətləri ilə bağlı hesablaşmalar istehlakçının mənzilinin ümumi sahəsinə görə tarif şurası tərəfindən müəyyən edilmiş tariflərə uyğun həyata keçirilir. Abonentin istilik xidməti ilə bağlı borcu tarifə uyğun hesablanmışdır. Bu səbəbdən qaldırılan iddianı əsassız hesab və məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, K.Səfərəliyeva küçəsi, 2 saylı yaşayış binası cari və əvvəlki payız-qış mövsümlərində Cavabdeh ASC tərəfindən istiliklə təmin olunmuşdur. Aparılan araşdırmalar zamanı İddiaçı məxsus 2 otaqlı mənzilin 1 otağının normal istiliklə təmin olunduğu, 1 otağının isə girişin digər mənzillərində istilik xətlərinə qeyri-qanuni müdaxilə edilərək texnoloji ardıcıllığın pozulması nəticəsində istiliklə təmin olunmadığı müəyyən edilmişdir. İstilik xətlərin üzəri örtüldüyündən həmin istilik xətlərinə baxış keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq binadaxili və mənzildaxili istilik sistemləri bina və mənzil mülkiyyətçiləri tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 303 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “istilik enerjisindən istifadə qaydaları”nın 9.5.1-ci bəndinə əsasən istilik təchizatı xidmətləri ilə bağlı hesablaşmalar istehlakçının mənzilinin ümumi sahəsinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə həyata keçirilir. xx.xx.2025-ci il tarixinə mənzilində istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə İddiaçı 69,09 manat borcu vardır. Qısa müddət ərzində borcunun ödənilməsini xahiş edirlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 2 saylı evin 36 saylı mənzili üzrə İddiaçı abonent kimi qeydiyyata alınmış və ona həmin mənzil üzrə istilik haqqının əvəzi kimi borc hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, ev 2, mənzil 36-da yaşayır. Mənzil Cavabdeh ASC tərəfindən istiliklə tam təmin olunmur. Son 25 ildən çox, 2 otaqlı mənzilində yalnız 1 otaqda radiator işləyir, digər otaqdakı isə evindən keçən su boruya istilik verilmir. Bu barədə Cavabdeh ASC-yə dəfələrlə müraciət etmişdir və xx.xx.2025-ci il tarixli cavab məktubunda təsdiqlənmişdir ki, mənzilində otaqlardan biri istiliklə təmin olunmur. Otağında həm ümumi su borusu, həmçinin istilik radiatorlar tam işlək vəziyyətdədir, ancaq boruya isti su verilmir. Faktiki vəziyyət budur ki, o, yalnız bir otaqda istilik xidmətindən istifadə edə bilir. Keçmiş illərdə də bu hal nəzərə alınaraq yalnız bir otağın yaşayış sahəsinə görə ondan ödəniş rəsmi alınıb. Buna baxmayaraq, hazırda Cavabdeh ASC ondan bütün mənzil sahəsinə görə tam istilik haqqını tələb edir. Beləliklə Cavabdeh ASC xidmətin qismən göstərilməsinə görə tam ödəniş tələb etməsi qanunsuzdur və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Cavabdeh ASC tərəfindən “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (“222-VİİQ, 2025) tələbləri pozulmaqla mənzilinə istilik enerjisi fasilələrlə və natamam şəkildə verilir, habelə qanunvericilikdə nəzərdə tutulmuş sayğac (ölçü qurğusu) quraşdırılmayıb. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən istilik təchizatı xidmətinin tam və qanunvericiliyə uyğun şəkildə həyata keçirilmədiyi və mənzilində istilik enerjisi sayğacının quraşdırılmadığı nəzərə alınaraq, mövcud borcun əsassız hesab edilməsi və onun silinməsi, cavabdeh tərəfindən mənzilinə istilik təchizatı tam şəkildə bərpa olunana və qanunla nəzərdə tutulmuş istilik enerjisi sayğacı quraşdırılanadək, onun istilik enerjisinə görə ödəniş etmə öhdəliyinin müvəqqəti olaraq dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın 6.1.5-ci maddəsinə əsasən istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək istehlakçıların vəzifələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçılarınistilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatının təşkil etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, cavabdeh istehlakçını müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik təchizatı xidmətləri ilə təmin etmək vəzifəsinin daşıyıcısı olduğu kimi istehlakçı da istilik təchizatı xidmətlərinin hesabını vaxtında tam məbləğdə ödəmək vəzifəsini və öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında cavabdeh təşkilatı araşdırma aparılmış və iddiaçıya məxsus 2 otaqlı mənzilin 1 otağının normal istiliklə təmin olunduğu, 1 otağının isə girişin digər mənzillərində istilik xətlərinə qeyri-qanuni müdaxilə edilərək texnoloji ardıcıllığın pozulması nəticəsində istiliklə təmin olunmadığı müəyyən edilmiş, istilik xətlərin üzəri örtüldüyündən həmin istilik xətlərinə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı istilik təchizatı xidmətinin tam və qanunvericiliyə uyğun şəkildə həyata keçirilmədiyi və mənzilində istilik enerjisi sayğacının quraşdırılmadığını nəzərə alınaraq, məhkəmədən mövcud borcun əsassız hesab edilməli olmasını bildirmişdir. Məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh təşkilat istiliyin binanın girişinədək verilməsində məsuliyyət daşıdığı kimi onun mənzillərə ötürülməsi mənzil mülkiyyətçilərinin üzərinə düşən öhdəlikdir. Yəni 2 otaqlı mənzilin 1 otağının girişin digər mənzillərində istilik xətlərinə qeyri-qanuni müdaxilə edilərək texnoloji ardıcıllığın pozulması nəticəsində istiliklə təmin olunmadığına Cavabdeh ASC cavabdehlik daşımır. AR Mülki Məcəlləsinin: Maddə 227.1 Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: Maddə 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; Maddə 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; Maddə 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. AR Mənzil Məcəlləsinin: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğuların və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 303 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 9.5.1-ci bəndinə əsasən istilik təchizatı xidmətləri ilə bağlı hesablaşmalar istehlakçının mənzilinin ümumi sahəsinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə həyata keçirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin istilik enerjisindən istifadə ilə əlaqədar Tarif Şurası tərəfindən müəyyən edilmiş iddiaçının mülkiyyətində olmuş mənzil sahəsinə uyğun borcun hesablanması tam qanuni olmuşdur. Məhkəmə iddiaçının sayğacın quraşdırılmaması ilə bağlı borcun silinməli olmasına dair dəlilləri üzrə qeyd edir ki, “İstilik enerjisindən istifadə qaydaları”nın 25.3-cü bəndinə əsasən bu Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək, istilik təchizatı sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayır və həmin aktların tələblərinə riayət olunmalıdır. xx.xx.2025-ci il tarixli “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən Paylayıcı istehlakçıya verdiyi istiliyin və isti suyun miqdarını yalnız sayğacın göstəricilərinə (sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə istilik enerjisindən istifadə qaydalarına) əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 13.4-cü maddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi istilik enerjisinin dəyərini tam hesablayaraq satıcının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi istilik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 13.4-cü maddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab satıcı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Həmin Qanunun 25.1-ci maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Qanun 2025-ci ilin iyun ayından qüvvəyə mindiyi üçün ondan əvvəlki müddətə şamil edilə bilməz. Bu səbəbdən məhkəmə iddiaçının qeyd edilən qanunvericilik normasına istinad edərək borcun silinməsi barədə tələbini də əsaslı hesab etmir. Beləliklə iddiaçı tərəfindən iddiasının əsası kimi istinad etdiyi halların əsaslı olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdeh tərəfindən istilik təchizatı xidmətinin tam və qanunvericiliyə uyğun şəkildə həyata keçirilmədiyi və mənzilində istilik enerjisi sayğacının quraşdırılmadığı nəzərə alınaraq, mövcud borcun əsassız hesab edilməsi və onun silinməsi, cavabdeh tərəfindən mənzilinə istilik təchizatı tam şəkildə bərpa olunana və qanunla nəzərdə tutulmuş istilik enerjisi sayğacı quraşdırılanadək, onun istilik enerjisinə görə ödəniş etmə öhdəliyinin müvəqqəti olaraq dayandırılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar