Məhkəmə qərarları › İş №2(009)-2136/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2136/2020

30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2136/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublı̇kası Müdafı̇ə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublı̇kası Müdafı̇ə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun N92-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 223 saylı Hərbi Hissəsinin tərkibində Ağdam rayonu ərazisində xidmət etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş ərizəçinin müraciətinə verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli 9/2-16628 nömrəli cavab məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 309 nömrəli əmrində (əsas: səh.-2 bənd-7; qeyd: əmrdə adı Gülü yazılmış, atasının adı yazılmamışdır) Ərizəçi reanimasiya şöbəsinə “kiçik tibb bacısı’’ vəzifəsinə götürülməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 339 nömrəli əmrində (əsas: səh.-522, bənd-3; qeyd: əmrdə adı Gülü yazılmış, atasının adı yazılmamışdır). Cərrahiyyə şöbəsinin kiçik tibb bacısı Ərizəçi Anesteziologiya-reanimasiya şöbəsinə “kiçik tibb bacısı" vəzifəsinə götürülməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində X1 xidməti barədə məlumat aşkar olunmamışdır. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2018 və 20Ncu ildə ərizəçinin müraciətinə cavab olaraq ünvanlanmış məktublarında bildirilmişdir ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət keçmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması mümkün hesab edilməmişdir; Hərbi qulluqçu statusuna malik olmadığından “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət edilməsinin məqsədə uyğun olduğu göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Hesab edir ki, iddiaçı Ərizəçi N92-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 223 saylı Hərbi Hissəsinin tərkibində Ağdam rayonu ərazisində xidmət etməsi faktının müəyyən edilməsi məhkəmə - xüsusi icraat qaydasında deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət etməklə həll edilə bilər. Ona görə də, Ərizəçi ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından tələbin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxx 20N-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, “müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.” Həmçinin qeyd edilməlidir ki, iddiaçı Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə tələblə məhkəməyə iddia ərizəsi ilə (iddia icraatı qaydasında) müraciət etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini də pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. (MPM-306.2) Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu baxımdan, qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyivə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti inzibati orqan hesab edilir. Qeyd edilənlərə əsasən belə hesab edir ki, iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublı̇kası Müdafı̇ə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalı və ona müvafiq (səlahiyyətli) icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə) müraciət etmək, mübahisənin həllindən narazı qaldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublı̇kası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədəiddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. İddiaçıya izah olunsun ki, onun müvafiq (səlahiyyətli) icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə) müraciət etmək, mübahisənin həllindən narazı qaldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar