Məhkəmə qərarları › İş №2(009)-2140/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2140/2023

29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2140/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun siliməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li, 31 may 2023-cü il tarixli aktının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li, 31 may 2023-cü il tarixli aktı ilə 1540 manat məbləğində cərimə edilmişdir. Bunu aşağıdakı səbəblərdən əsassız hesab edir. Azəriqaz işçiləri yeni sayğacı quraşdırmağa gəldikdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt imzalamalı olduğunu dedilər. İşə tələsdiyindən işçilərin sayğacı quraşdırıb işlərini bitirmələrini gözləyə bilməyəcəyini dedikdə işçilərdən biri boş akt vərəqini imzalamağını, onlar işlərini bitirdikdən sonra özləri aktı doldurub tamamlayacaqlarını və evə verəcəklərini dedilər. Boş akt vərəqini imzalamaqla bağlı narahatçılığını səsləndirdikdə bununla bağlı narahat olmağa ehtiyac olmadığına inandıraraq arxayın etdilər. İşindən qayıdandan sonra yeni sayğaca baxmağa yaxınlaşanda sayğacın yanından sızıntı olduğunu gördü. Sürətli şəkildə sayğacı quraşdıran işçiləri axtarıb yan məhəllədə onları tapdı. İşçilərə belə bir sızıntı olduğunu dedikdə, ona xəbərləri olduğunu və kimisə sızıntını bağlamaq üçün lazım olan materialı almağa göndərdiklərini dedilər. Sızıntı nəticəsində ödəniş onun hesabına yazılacağından narahatçılığını bildirdikdə onu bir növ yola verdilər. Artıq tam doldurulmuş aktı da həmin ərəfədə evə vermişdilər. 2023-cü ilin sentyabr ayında hər ay olduğu kimi ayın əvvəlində gələn qaz komunal vergisindən əlavə olaraq ay boyunca dəfələrlə müxtəlif məbləğlərdə qaz komunal vergisi gəldiyindən Qaz Xidmətinə (104) zəng edib bunun səbəbini öyrəndi. Beləki, aktı o imzaladıqdan sonra işçilər tamamlayarkən “sayğacın sol yan tərəfində cızıq izləri vardır. Plomb şübhəlidir” qeydi yazılmış, bu əsasla da “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li, 31 may 2023-cü il tarixli aktı qəbul edilərək onu 1540 manat məbləğində cərimə etmişlər. 2007-ci ildən mütəmadi olaraq gecikdirmədən ödənişləri etmişlər. Sayğaca müdaxilə etmək onların marağında deyildir. İddia tələbi əsaslı olduğundan təmin olunmasını xahiş etmişdir. 17 oktyабр 2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, Cavabdeh tərəfindən ona verilən 1540 manat məbləğində cərimənin ləğv olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin əsassız olduğundan rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00001 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1005AQ**********8 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-5696/Q001 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məluç olmayan plomb aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü- il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555, 20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3’nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00001 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan qaz sayğacının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən abonent İddiaçı aid olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-5696/Q001 nömrəli aktına əsasən G-4 markalı 05073161 nömrəli sayğacın hesablama mexanizminin qoryuycu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi üçün İddiaçı akt əsasında 12960 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abonent: **********00001 saylı İddiaçı abonentin saldosundan görünür ki, qazın sərfi 12960 (m3), ödəniş 1540 manat təşkil edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, 14-2-2/3-5-5696/Q001 Noli G-4 markalı 05073161 nömrəli sayğacın hesablama mexanizminin qoryuycu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu.Saygac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh X1 Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Akt No MSK-14-2-2/3-5-5696 saylı akta əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, sayğacda xətalar normaya uyğundur. Sayğacın hesablama mexanizminin qoryuycu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılaraq ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoryuycu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Həmin akt əsasında Cavabdeh Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 12960 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac yenisi ilə əvəz edilmiş, həmin vaxt sayğacda qüsurlar olması barədə aktda hər hansı qeyd olmamış, sayğacın dəyişdirilməsi ilə bağlı iddiaçıya 1540 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sayğacın dəyişdirilməsi ilə bağlı əlavə olaraq 1540 manat cərimə əsassız olmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cü bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Beləliklə məhkəmə iclasında qaz sayğacında baş verən qüsurun iddiaçının təqsiri ucbatından yaranması və sayğaca müdaxilənin edilməsi halı müəyyən edilmədiyindən, yeni quraşdırılmış sayğaca görə sayğac haqqının istehlakçıdan tələb edilməsi əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi sayğacın dəyişdirilməsi ilə bağlı yazılmış 1540 manat borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının evində aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi cavabdeh təşkilat qanunda nəzərdə tutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin məhkəmə qeyd edir ki, iddiaçıya hesablanmış əlavə sərfiyyat normadan hər hansı normativ hüquqa akta əsaslanmamışıdr. Yuxarıda göstərilən Qanundan isə görünür ki, həmin qanunda cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X4 Reyestrinə (bundan sonra – X4 Reyestri) daxil edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində itirilmiş qazın bərpası ilə əlaqədar hesablanmış əlavə sərfiyyat hər hansı normativ hüquqi akta əsaslanmadığından, eyni zamanda sayğacın zədələnəmsi faktı istehlakçının təqsiri ucbatından baş verməsi müəyyən olunmadığından, iddiaçıya itirilmiş qazın bərpası ilə bağlı əlavə hesabatın aparılması qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 1540 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvan üzrə **********00001 saylı abonent hesabına hesablanmış 1540 (bir min beş yüz qırx) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar