Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2152/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi E.T.Nəcəflinin, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4472 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil 17000 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə No 3) əsasən Cavabdeh illik 24,5% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 537,14 manat, ümumilikdə isə 22737 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22737 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1039 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4472 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə ümumilikdə 1359,93 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlinə (Əlavə No3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ilk dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zədənin əvəzini ödəmədən ləğv edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4472 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 603,90 manat gecikdirilmiş əsas, 470,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 285,96 manat dəbbə pulu, 1039 manat dəymiş zərər, ümumilikdə 2398,93 manat borcun və ödənilmiş 44,39 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, İddiaçı MMC-yə 2399 manat borcu olmasını etiraf edir. Məhkəmə iclasınadək iddiaçı təşkilatda olmuş, yaranmış borcu hissə-hissə ödəmək şərti ilə avtomaşını ona qaytarılmasını xahiş etmiş, lakin bununla razılaşmamışlar, borcun birdəfəyə ödənilməsi tələb edilmişdir. Onun həmin borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Khazar SD» minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə «Lizinq verən» qismində İddiaçı MMC ilə «Lizinq alan» qismində Cavabdeh arasında bağlanmış MAS-4472 №-li xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq Alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı - “Khazar SD” markalı avtomaşını - (Lizinq obyekti) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləğini 17.000 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənilmiş 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 24,5% həcmində mükafat məbləği hesablanır. İş üzrə xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus olan “Xəzər SD” markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. Avtomobildə heç bir pul və digər qiymətli əşyalar olmamışdır. Avtomobilin qabaq bufer sınmış, qabaq kapotun üç hissəsi əzilmişdir. İş üzrə İddiaçı MMC (Azərmaş Servis) tərəfindən verilmiş qüsur aktına əsasən «Khazar SD» markalı, ** PE *** dövlət qeydiyyat nişanı avtomaşına dəyən ziyanın aradan qaldırılması üçün 1039 manat tələb olunur. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 2527 nömrəli xəbərdarlığın (pretenziya məktubunun) surətindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2021ci il tarixli, MAS-4472 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, xx.xx.2022-ci il tarixə 1359,93 manat məbləğində gecikmə borcu yaranmış, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1039 manat məbləğində ziyan dəymişdir. Nəzərinə çatdırırlar ki, “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcək, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəkdir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4472 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 603,90 manat əsas, 470,07 manat faiz, 285,96 manat cərimə, cəmi 1359,93 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə lizinq alan Cavabdeh arasında «Khazar SD» markalı ** PE *** dövlət nömrə nişanlı avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə xx.xx.2021-ci il tarixdə MAS-4472 saylı Daxili Lizinq müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 24,5% hesablanmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla da onun 603,90 manat əsas, 470,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 285,96 manat dəbbə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, Lizinq verən iddiaçı təşkilat öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. AR Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin mübahisəsiz geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin əsas və mükafatın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahibilk və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə No3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesablanmaqla cərimə ödəyir. Məhkəmə qeyd edir ki, lizinq verənin mükafatı kimi maliyyəşdirilən məbləğə illik 24,5% ilə hesablanaraq ödənilməli olan məbləğ cavabdeh tərəfindən ödənilmədiyindən, həmçinin müqavilənin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 603,90 manat əsas borcun və 470,07 manat mükafat borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə (cərimə) borcu kimi 285,96 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəlləcbnin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə daxili lizinq müqaviləsi üzrə ödənilməli olan məbləğin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 22,64 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektinə dəymiş ziyanın əvəzi kimi 1039 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın cavabdeh tərəfindən istismar olunarkən avtomaşına ziyan dəymiş və avtomaşın ziyana uğramış şəkildə iddiaçıya təhvil verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan lizinq obyekti olan avtomaşına dəymiş ziyanın aradan qaldırmaq üçün 1039 manat məbləğində pul tələb olunur (Azərmaş Servis tərəfindən verilmiş qüsur aktına əsasən). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinin 4.4.2-ci maddəsinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, onun təmiri ilə bağlı bütün xərcləri ödəmək və ona dəymiş maddi ziyana görə lizinq alan məsuliyyət daşıdığından, avtomaşına dəymiş 1039 manat maddi ziyanın cavabdehdən tutulması ilə bağlı tələb də əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi və lizinq obyektinə vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı iddiaçının xeyrinə əsas borc kimi 603,90 manat, mukafat borcu kimi 470,07 manat, dəbbə borcu kimi 22,64 manat və vurulmuş ziyanın əvəzi kimi 1039 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə təmin olunmuş tələbə mütənasib olaraq 41,39 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli MAS-4472 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 603,90 manat əsas borc, 470,07 manat mükafat borcu və 22,64 manat dəbbə borcu, həmçinin vurulmuş ziyanın əvəzi kimi 1039 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,39 manat, cəmi 2177 (iki min yüz yetmiş yeddi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2152/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2152/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver