Məhkəmə qərarları › İş №2(009)-2164/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2164/2020

03.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2164/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, nəticələrin ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 24.04. 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anadan olduğu vaxtdan Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evdə yaşamışdır və hazırda da həmin ünvanda yaşayır. Ailəsi 4 nəfərdən - anasından, anasından, özündən və sənəd üzrə adı Günel, həqiqi adı Günay olan xx.xx.1975-ci il təvəllüdlü bacısından ibarət olmuşdur. X4 xx.xx.2014-cü il tarixdə, anası X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Anasından ona və adını hazırki iddia ərizəsi ilə mübahisələndirdiyi bacısı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0,03 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı ev; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evi; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evi miras qalmışdır. Bakı şəhəri 12 saylı notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə ilə - Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı ev; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evinin 0,06 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0,03 ha torpaq sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evi; həmçinin həmin notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsi ona və Cavabdeh bərabər 1/2 hissədə miras əmlak kimi bölünmüş, həmin əmlaklara mülkiyyət hüquqları qanuni şəkildə qeydiyyata alınmışdır. Qeyd olunan əmlaklarla bağlı adını mübahisələndirdiyi Günel adlı bacısı ilə onun qanunsuz hərəkətləri nəticəsində aralarında cari 2020-ci ildə məhkəmə mübahisəsi başlanılmışdır. Həmin məhkəmə işləri ilə bağlı “Günel” adlı ilə bağlı ona bir sıra məlumatlar məlum olmuşdur. Belə ki, onun bacısı əsl adı xx.xx.1975-ci il təvəllüdlü X7r. Bu gün də onlar onu “Günel”i “Günay” deyə çağırırlar. Hazırki mübahisənin mahiyyəti ondan ibarətdir ki, Günel onlar ailə üzvlərinə adını qanuna müvafiq surətdə “Günay” adının “Günel” adına dəyişdirdiyini bildirmişdi, ancaq onların ona olan etibarlarından istifadə edərək bu barədə onlara heç bir sənəd təqdim etməmişdi, sadəcə onlar da cavabdehin sözünə inanmışlar. Ancaq göstərdiyi kimi, cari 2020-ci ildəki mübahisə ilə bağlı onun tərəfindən qeydiyyat şöbəsinə ərizə ilə müraciət olunmuşdur və Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-04/15 və xx.xx.2020-ci il tarixli 05/Q-165/15 saylı arayışlarla onun Hüseynova (İsmayılova) Günel Mahmud qızı adlı bacısının olmaması müəyyən edilmişdir. İndi isə ona məlum olmuşdur ki, Günay ona aid olan doğum haqqında şəhadətnamədə vaxtı ilə saxtakarlıq etmiş, adını “Günel” kimi göstərmiş, bu adla sənədlər əldə etmişdir. Göründüyü kimi, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdə adı qeyd olunmuş “Cavabdeh” onun bacısı deyildir, mərhum anasından qalmış miras əmlaka varis ola bilməz və bu səbəbdən həmin şəhadətnamələr məhkəmə qaydasında etibarsız hesab edilməlidirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri 12 saylı notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməsinin və xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməsinin etibarsız hesab edilməsinə; Cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində 0,03 ha torpaq sahəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evə; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinə; Bakı şəhəri, Xəzər rayon, Qala qəsəbəsi sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinə; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evinə dair mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, doğum haqqında şəhadətnamədə adın dəyişdirilməsini təsdiq edən ekspert rəyi mövcuddur. Eyni zamanda iddiaçı və cavabdehin qeydiyyatda olduğu ünvan üzrə MKİs tərəfindən verilmiş arayışda cavabdehin adının Günay olması qeyd edilmişdir. Bütün sübutlar qaldırılan iddianın əsaslı olmasını təsdiq edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin qəbul etməyərək öz izahatında göstərmişdir ki, məhkəməyə yazılı etiraz təqdim etmişdir və eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı ərizə də təqdim etmişdir. İddiaçı hazırki iddia ərizəsində göstərdiyi cavabdehlə bacı qardaş olmalarını mübahisələndirmir, sadəcə vərəsəlik haqqında şəhadətnamədə “Günel” adının “Günay” adı ilə mübahisələndirir. Yəni qeyd edir ki, hazırki iş üzrə bacısı sənəd üzrə “Günel“ deyil “Günay”dır, bu əsasla vərəsəlik haqqında səhadətnamənin etibarsız sayılmasını tələb edir. Həmin əsasa görə vərəsəlik haqqında şəhadətnamə etibarsız sayıla bilməz. Çünki iddiaçı özü etiraf edir ki, cavabdeh onun bacısıdır və qanun üzrə ikisi vərəsəliyi qəbul etmişdirlər. Vərəsəlik haqqında şəhadətnamədə “Günay” və ya “Günel” adı ilə vərəsəliyin qəbul edilməsi İddiaçı heç bir maraqlarına toxunmur, çünki bütün halda iddiaçıya miras əmlaklardan pay yalnız ona yarısı çatırdı, digər hissəsi isə bacısına çatmalıdır, bacısının “Günay” və ya “Günel” olmasının miras paya iddiaçıya münasibətdə heç bir fərq etməyəcək və maraqlarına toxunmayacaq. Bundan başqa, Cavabdeh oxuduğu məktəbə sorğu vermişdir, cavab məktubundan məlum olmuşdur ki, Hüseynova (İsmayılova) Günel Mahmud qızı 1982-ci ildə T.Hüseynov adına 134 No-li orta məktəbin 1-ci sinifinə qəbul olunmuş və 1992-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Bundan başqa, Cavabdeh ilk dəfə pasport aldığı Nərimanov RPİ-nə sorğu vermişdir. Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Nərimanov rayonu, A.Gəraybəyli küçəsi, ev 67/71, mənzil 59 ünvanda qeydiyyatda olmuşdur. Ümumiyyətlə etiraza əlavə etdiyi bütün hüquqmüəyyənedici sənədlərdə cavabdehin adı “Günel” kimi qeyd olunmuşdur. Hazırda iddiaçının mübahisələndirdiyi arqumentin heç bir əsas yoxdur və onun heç bir maraqlarına toxunmur. Eyni zamanda İddiaçı vərəsəlik yolu ilə əldə etdiyi özünə məxsus olan əmlakları Cavabdeh bağışlamışdır. Qeyd olunan “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdə, istərsə də “Bağışlama müqaviləsində” cavabdehin adı “Günel” olaraq rəsmiləşdirilmişdir. Hər bir halda İddiaçı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri əldə edərkən, eləcə də “Daşınmaz əmlakın bağışlanması” müqavilələrinə imza atarkən sənədlərdə cavabdehin adını “Günay” deyil, “Günel” olaraq qeyd edildiyini görmüşdür və məhz Günelə əmlakları bağışlamışdır. Hazırda iddiaçı Bakı şəhəri 12 saylı notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhahətnaməsinin və xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməsinin etibarsız hesab edilməsinitələb edir. Göründüyü kimi həmin vərəsəlik haqqında şəhahətnaməsinin verildiyi gündən 2 il 4 ay keçmişdir, iddia müddəti keçmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi və vəkili iddia müddəti tətbiq edilərək, həmçinin iddia əsassız olduğu üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş Bakı şəhər 12 saylı notariat ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 öz ifadəsində göstərmişdir ki, o iddiaçı və cavabdehi tanıyır. İddiaçının dostudur. Nadirin bacısının adı Günay olmuşdur. həm ailə üzvləri, həm də onu tanıyanar ona Günay kimi müraciət etmişlər. Nadirin Günel adlı bacısını tanımır. İş üzrə xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, X4, X2r. İş üzrə xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, X4, X3r. İş üzrə xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X10 arasında arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanılmışdır. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş kserosurətlərindən görünür ki, X20 ilə Cavabdeh birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X21, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X15 adlı uşaqları var, ata qrafasında X22, ana qrafasında Cavabdeh göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Cavabdeh xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında qeydiyyatdadır. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.2014-cü ildə ölmüşdür. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə ölmüşdür. İş üzrə Bakı şəhər 12 notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X1 vərəsələri övladları Cavabdeh və İddiaçıdur və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: - Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/2 hissəsindən; - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 906B ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olar torpaq sahəsindən; - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsindən; - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal (keçmiş 28 Aprel) küçəsi, 10 ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. İş üzrə Bakı şəhər 12 notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X1 vərəsələri övladları İddiaçı və Cavabdehdır və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. İş üzrə Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini (34,95 kv.m.) Cavabdeh bağışlamışdır. İş üzrə Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini (0,015 ha) Cavabdeh bağışlamışdır. İş üzrə Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissəsini Cavabdeh bağışlamışdır. İş üzrə Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini Cavabdeh bağışlamışdır. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-04/15 saylı arayışından görünür ki, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X8” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci il tarixədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. Ata - X12 - xx.xx.1949 (vəfat edib);

2. Ana - X5 - xx.xx.1947 (vəfat edib);

3. Bacı - X11 - xx.xx.1975. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-04/15 saylı arayışından görünür ki, arxiv məlumatları “X8” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X8 üzrə yoxlama aparılmış və Cavabdeh barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş üzrə Nərimanov rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Vəkil1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Nərimanov rayonu, A.Gəraybəyli küçəsi, evv 67/71, mənzil 59 ünvanında oqeydiyyatda olmuşdur. Qeydiyyata alınmaya əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün Nərimanov RPİ tərəfindən məhv edildiyindən təqdim edilməsini mümkün deyildir. İş üzrə 132-134 nömrəli təhsil kompleksi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Hüseynova (İsmayılova) Günel Mahmud qızı 1982-ci ildə T.Hüseynov adına 134 No-li orta məktəbin 1-ci sinifinə qəbul olunmuş və 1992-ci ildə həmin məktəbin 11-ci sinifini A 172777 No-li attestat alaraq bitirmişdir. İş üzrə AB-İ seriyalı 061928 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X10 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxl olmuş və 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Mühasibat uçotu, nəzarət və T.F.T.” ixtisası üzrə tam kursu bitirmişdir və ona “İqtisadçı” ixtisası verilmişdir. İş üzrə ******* seriyalı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, həmin kitabça Cavabdeh adına verilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh öz adını “Günay”dan “Günel”ə qanuna müvafiq qaydada dəyişdirilməsini ona və ailə üzvlərinə bildirsə də, onların ona olan etibarından istifadə edərək bu barədə heç bir sənəd təqdim etməmişdir. Lakin sonradan 2020-ci ildəki mübahisə ilə bağlı qeydiyyat şöbəsinə müraciət edərkən və rəsmi cavab alarkən məlum olmuşdur ki, onun Hüseynova (İsmayılova) Günel İbrahim qızı adlı bacısı yoxdur. Ona indi məlum olmuşdur ki, Günay ona aid olan doğum haqqında şəhadətnamədə vaxtı ilə saxtakarlıq etmiş, adını Günel kimi göstərmiş və bu adla sənədlər əldə etmişdir. Beləliklə xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdə adı qeyd olunmuş “X16” onun bacısı deyildir və bu səbəbdən mərhum anasından qalmış miras əmlaka varis ola bilməz. Bu səbəbdən iddiaçı həmin vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir və fiziki şəxsin adının dəyişdirilməsi əvvəlki adla əldə etdiyi hüquq və vəzifələrin xitamına səbəb olmur. AR Mülki Məcəllənin 26.1-ci maddəsiən əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir(madəd 26.2). Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Digər tərəfdən fiziki şəxsin mənşəyi, yəni valideynləri onun doğum haqqında şəhadətnaməsi ilə müəyyən olunur və fiziki şəxsin doğum haqqında şəhadətnaməsində adının dəyişdirilməsi, valideynlərinin uşağa münasibətdə hər hansı hüquq və və vəzifələrinin xitamına səbəb olmur. AR Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Cavabdeh” adlı şəxs haqqında “X8” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar edilməmiş və bu adda fiziki şəxs qeydiyyata alınmamışdır. Eyni zamanda xx.xx.1975-ci il tarixdə “26 Bakı Komissarı adına” (hazırda Səbail rayonu) rayonu VVAQ şöbəsi tərəfindən verilmiş və 180 saylı doğum haqqında akt qeydi ilə icra edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, həmin şəhadətnamədə X6 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olması, valideynlərinin isə X12 və X5 olması göstərilmişdir. Bundan başqa qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan da görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlü X11 adlı bacısı var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “ASAN 1” Xidmət tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən X23 xx.xx.1975-il tarixdə Bakı şəhərində anadan omluş və Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11-də yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda iddiaçı məktəbə gedərkən onun adı “Günel” kimi qeydə alınmış, adına verilmiş digər hüquqmüəyyənedici sənədlərin hamısında adı “Günay” deyil, ”Günel” kimi qeydə alınmışdır. Göründüyü kimi həm iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, həm təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, qeydiyyat orqanında qeydiyyatdan keçmiş doğum haqqında akt qeydləri kitabında cavabdeh X9 adı “Günay” kimi qeyd edilmişdir. Onun mənşəyi və bioloji valideynlərinin X12 və X5 olması mübahisəsizdir və bu halları təkzib edən hər hansı sübut mövcud deyil. Belə olan hada məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh iddiaçının doğma bacısı olması faktı tam təsdiq olunur və onun adının doğum akt qeydləri kitabında “Günay” kimi göstərilməsi, onun həmin şəxs yox, başqa şəxs olmasına dəlalət edə bilməz. Beləliklə Cavabdeh iddiaçının doğma bacısı olması, iddiaçı və cavabdehin mənşəyinin bir olması, yəni valideynlərinin eyni olması tam təsdiq olunduğu üçün, məhkəmə hesab edir ki, iddiaçının cavabdehin onun bacısı olmaması ilə bağlı gətirdiyi dəlillər tam əsassızdır və qəbul edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydləri kitabında adının “Günay” kimi göstərilməsi, doğum haqqında şəhadətnaməsində isə “Günel” kimi göstərilməsi və bu dəyişikliyin qeydiyyat orqanında qeydə alınmaması, onun başqa şəxs olması və adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hazırki iş üzrə mübahisə predmeti qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir və həmin əqd birtərəfli əqd hesab edilir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat orqanı tərəfindən verilir və notarius vərəsəlik işi açarkən ilk növbədə müraciət edən şəxsin şəxsiyyətini müəyyən edir. Qanunvericiliyin tələbinə əsasən fiziki şəxsin şəxəsiyyəti onun adına olan şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur və həmin sənəd hüquqmüəyyənedici sənəd hesab olunur. Şəxsiyyət vəsiqəsi şəxsin mənşəyini təsdiq edən doğum haqqında şəhadətnamə əsasında verilir və göstərilən həmin sənədlər əsasında şəxs hüquq və vəzifələr əldə edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 31-ci bəndinin 5-ci yarımbəndinə əsasən notariat hərəkətləri aparılması üçün müraciət etmiş fiziki şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatların nümayəndələrinin və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin şəxsiyyətini və səlahiyyətini, habelə hüquqi şəxsin hüquq qabiliyyətini və qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədlər surəti saxlanılmadan onları təqdim etmiş şəxslərə qaytarılır, lakin reyestrə sənədin adı, nömrəsi, verilmə tarixi və sənədi vermiş idarənin adı yazılır. Həmin Təlimatın 13-cü bəndinə əsasən notarius informasiya sistemi vasitəsilə barəsində notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır. Məhkəmə qeyd edir ki, notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cavabdehin şəxsiyyəti müəyyən edilmiş, doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi yoxlanılmış və onlar arasında uyğunsuzluq müəyyən olunmadığı üçün notariat orqanı tərəfindən cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilmişdir. Notariat orqanı şəxsin mənşəyini, yəni miras qoyana münasibətdə vərəsə olmasını hüquqmüəyyənedici sənədlərlə yoxlayır və təqdim edilmiş bu sənədlərlə cavabdehin doğum haqqında akt qeydləri kitabında uyğunsuzluğun olmasını notariat orqanı bilə bilməzdir. Digər tərəfdən cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sonradan o halda etibarsız əqd hesab edilə bilərdi ki, cavabdehin mənşəyi mübahisəli olardı və onun miras qoyanın bioloji övladı olmaması müəyyən edilərdi. Eyni zamanda qeyd olunmalıdır ki, sivilistika doktrinasında əqdin etibarlı olması üçün dörd şərtin olması vacibdir. Bu şərtlər qanunda göstərilmişdir: əqdin subyekt tərkibinə aid şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradənin ifadə etmənin vəhdətinə aid edilən şərt və əqdin formasına aid edilən şərt. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Mülki qanunvericilik əqdlərin etibarsızlığı haqqında vacib və prinsipial əhəmiyyətə malik olan ümumi hüquqi prinsip müəyyən edir: Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Aksioma xarakterinə malik olan bu prinsip imperativ qaydadadır: bu qayda heç kimi tərəfindən dəyişdirilə bilməz. Konkret mülki-hüquqi mübahisəni həll edən məhkəmənin göstərilən qaydadadan kənara çıxmaq hüququ yoxdur. Məhkəmələr əqdin etibarsıl olması şərtlərinə cavab verən, lakin qanunun tələblərinə zidd olan əqdi etibarlı əqd saya bilməzlər. Əqdlərin etibarsızlığı, əqdlərin etibarlı omlası şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdin elementinin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir: - subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər; - idarəsi qüsurlu olan etibarsız əqdlər; - forması qüsurlu olan əqdlər; - məzmunu qüsurlu olan əqdlər. Əqdin subyekt tərkibi barədə şərt belədir: əqd iradəvi hərəkət olduğuna görə onu yalnız tam mülki fəaliyyət qabiliyyətli subyektlər bağlaya bilər. Əqdlərin formaca qüsurla olması əqdin qanunla (Mülki Məcəllə ilə) və ya tərəflərin razılaşması ilə müəyyən edilmiş sadə yazılı formasına və ya notarial formasına əməl edilməməsindən, habelə əqdlərdən əmələ gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət olunmamasından ibarətdir. Əqdin məzmunu dedikdə, onun bütün bağlanma şərtlərinin məcmusu başa düşülür. Şərtlər isə qanun və digər hüquqi aktların tələblərinə zidd olmamalıdır. Bu isə o deməkdir ki, əqd onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilən, əqd iştirakçıları üçün məcburi olan qaydada (imperativ normalara) uyğun gəlməlidir. Mübahisə edilən əqdlər odur ki, onlar məhkəmə tərəfindən etibarsız sayılmasına görə yox, mübahisə edilməsinə görə etibarsız sayılır. AR Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Beləliklə qeyd etmək olar ki, etibarsız əqd tərəflərin arzu etmədikləri hüquqi nəticələrə səbəb olur. Hazırki işdən görünür ki, iddiaçı birtərəfli əqdlərin (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr) subyekt tərkibini mübahisələndirir. Yəni iddiaçı cavabdehin onun bacısı olmadığını deyil, hüquqmüəyyənedici sənədlərə əsasən onun “Günel” adlı bacısının olmadığını bildirir. Məhkəmə qeyd edir ki, cavabdehin doğum akt qeydləri kitabında adının “Günay”, digər hüquqmüəyyənedici sənədlərdə isə adının “Günel” kimi göstərilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsas deyil. Bu uyğunsuzluq yalnız akt qeydlərində müvafiq dəyişikliyin aparılması üçün əsas ola bilər ki, bu da əqdin subyekt tərkibi şərtinin pozulması hesab edilmir. Eyni zamanda məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh məktəbə “Günel” adı ilə qəbul olunmuş və sonradan həmin adla fəaliyyət göstərmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh doğum akt qeydləri kitabında adının “Günay” kimi qeyd edilməsindən xəbərsiz olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin miras qoyanın doğma övladı olması mübahisəsiz təsdiq olunduğu üçün, onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin istinad etdiyi AR Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilən müddət iddia müddəti deyil, məhkəməyə müraciət etmək müddəti, yəni kəsici müddətdir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr xx.xx.2018-ci ildə və xx.xx.2018-ci ildə verilsə də, cavabdeh onların etibarsızlığı ilə bağlı bir il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı cavabdehin adının “Günel” deyil, “Günay” olmasını bilməsini, cavabdehin adının “Günel”ə dəyişdirilməsini qanuni əsaslarla etdiyini, lakin bu dəyişikliyin akt qeydlərində əks olunmamasını 2020-ci ildə bilməsini, bununla da iddia müddətinin ötürülməməsini iddia etsə də, məhkəmə qeyd edir ki, cavabdeh hələ uşaq yaşlarından (məktəb, ali təhsil və sonrakı həyatında) “Günel” adını daşımışdır (iş materiallarında olan sənədlərlə bu hal təsdiq olunur). Bu səbəbdən iddiaçının həmin dəlilləri əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehin onun doğma bacısı olmasını heç vaxt mübahisələndirməmiş və hazırki işdə də bunu mübahisələndirmir. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi cavabdehin adının doğum haqqında akt qeydləri kitabında “Günay” kimi qeyd edilməsi, mübahisəli əqdlərin (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr) etibarsız hesab edilməsi əsası kimi çıxış etmədiyi və əqdlərin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmək üçün bir illik müddət ötürüldüyü üçün, iddiaçının tələbləri bu əsasa görə də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər həm əsassız olduğu üçün, həmin məhkəməyə müraciət etmək müddətinin ötürülməsi ilə əlaqədar əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 12 saylı notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi; Cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində 0,03 ha torpaq sahəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evə; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinə; Bakı şəhəri, Xəzər rayon, Qala qəsəbəsi sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinə; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evi üzrə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar