Məhkəmə qərarları › İş №2(009)-2177/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2177/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2177/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı, Cavabdeh3 (eyni zamanda Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında Filialının nümayəndəsi) iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında Filialına və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında Filialına və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 18 saylı evi 3 nömrəli mənzili seriya ÖM 010983 qeydiyyat vəsiqəsinə əsasən 52 kv.m. 3 otaq qeyd edilməsinə baxmayaraq faktiki olaraq Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən evin faktiki həcmi dəqiqləşdirmə aparılarkən müəyyən edilmişdir ki, evin faktiki ölçüləri qeydiyyat vəsiqəsində qeyd edildiyindən xeylək fəqlidir və ona görə də icra hakimiyyətinin 07.04.2006-cı il tarixli 171 nömrəli sərəncamı ilə onun mülkiyyətində olan Dadaşov küçəsi, 18 saylı evin 3 nömrəli mənzilinə dair akt tərtib edilmiş, onun mənzilinin ümumi sahəsi 106,91 kv.m., yaşayış sahəsi 71,44 kv.m., köməkçi sahəsi isə 35,47 kv.m. olmaqla 4 otaqlı hesab edilməsi barədə sərəncam verilmiş və dövlət orqanlarında bu qaydada qeydiyyat aparılması göstərilmişdir. Bakı şəhəri Nərimanov rayonu ərazisində dövlət proqramına uyğun olaraq pilot lahiyələr üzrə evlərin tikintisi ilə əlaqədar olaraq Cavabdeh1 MMCnin səlahiyyətli nümayəndəsi Cavabdeh3 ilə onun arasında 30.01.2018-ci il tarixdə, AN-İ No ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən onun evinin 46,16 kv.m. olan hissəsi tam mülkiyyət hüququ əsasında alıcının mülkiyyətinə verilməsi və eləcə də onlar tərəfindən həmin 46,16 kv.m. sahə üçün 208793 manat ödənilməsi müqavilədə qeyd edilmişdir. Həmin müqavilə imzalanarkən o, həmin şirkətin nümayəndəsi Cavabdeh3 bildirmişdir ki, onun evi faktiki olaraq qeydiyyat vəsiqəsində 52 kv.m. qeyd edilməsinə baxmayaraq icra hakimiyyətinin 07.04.2006-cı il tarixli 171 nömrəli sərəncamı ilə faktiki olaraq 106,91 kv.m. olması təsdiq edilmişdir. Lakin Cavabdeh3 ona bildirmişdir ki, bu pilot layihələr dövlət proqramı çərçivəsində həyata keçirildiyindən vergi ödənilməsi və eləcə də digər səbəblər göstərilməklə müqavilədə belə yazılmasının olması göstəriş verilmişdir. Cavabdeh3 ona bildirmişdir ki, onun evinin qalan kv.m. üçün gələcəkdə 60 kv.m. üçün hər kv.m. təxminən 1500 manat manatdan hesablanmaqla ona əlavə olaraq Abşeron rayon Məmmədli kəndində həmin şirkət tərəfindən inşa edilən binada həmin məbləğin həcminə uyğun olaraq 3 və ya 4 otaqlı mənzil veriləcəkdir. Ona görə də həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dövlət proqramı olduğuna görə və həmin şəxslər xarici bir şirkəti təmsil etdiklərinə görə inanaraq qol çəkmişdir. Bir neçə müddətdən sonra "xxxx" MMC Abşeron rayonu Məmmədli kəndində inşa etdiyi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 4, mənzil 2-də yerləşən mənzil ona təklif edilmişdir. Lakin o, onlara bildirmişdir ki, onlar 3-4 otaqlı mənzil verilməsini bildirmişlər, lakin həmin ev cəmi 53 kv.m.-dir. Həmin evi onların borcuna görə götürməkdən imtina etdiyinə görə belə razılığa gəlmişlər ki, həmin mənzilin dəyəri 49.000 manatı o, onlara ödəyir və gələcəkdə onlar ona Məmmədli kəndində yeni inşa ediləcək binalardan birində söz verdikləri kimi 3-4 otaqlı mənzil verəcəklər. Ona görə də o, onlarla razılaşaraq onların təqdim etdiyi İ.Qutqaşınlı küçəsi, ev 14 ünvanında yaşayan X2 ilə 08.02.2018-ci il tarixdə AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh1 MMC şirkətə və onun nümayəndələrinə dəfələrlə ona söz verdikləri mənzilin verilməsini xahiş etdiyinə baxmayaraq, onlar hər dəfə hələ bina tikilmir, tikilən kimi verəcəyini bildirmişlər. Sonradan o, başa düşmüşdür ki, qeyd edilən şirkətin rəhbərliyi və onun nümayəndəsi Cavabdeh3 onun hüquqi cəhətdən mükəmməl savadı olmadığından istifadə edərək və tikintinin dövlət proqramı çərçivəsində aparılmasını ona bildirdiklərindən o, onlara inanmışdır və sonradan başa düşmüşdür ki, onlar onu aldadaraq qeydiyyat vəsiqəsində 52 kv.m. qeyd edilən lakin icra hakimiyyəti tərəfindən 07.04.2006-cı il tarixli 171 nömrəli sərəncamla faktiki olaraq 106,91 kv.m. olan mənzilinin bir hissəsinin pulunu ödəməklə qalan 60 kv.m. sahəni 1500 manatdan ödəməyi və ya Məmmədli kəndində 3-4 otaqlı mənzil vermələrinə yalandan söz verməklə bu günə kimi nə mənzilin, nə də pulun verilməsinə boyun qaçırırlar. Bu barədə özlərinə və müxtəlif dövlət orqanlarına etdiyi müraciətlər cavabsız qalmışdır. Onun rəsmi nümayəndəsi X3 da hüquq şirkəti adından həm Cavabdeh1 MMC şirkətə və eləcə də şirkətin onunla müqavilə bağlamış nümayəndəsi Cavabdeh3 ünvanına rəsmi məktub göndərsə də, Cavabdeh1 MMC şirkətinin həmin ünvanda olmadığına görə məktub geri qayıtmış.Cavabdeh3 isə telefonla əlaqə saxladıqda ona bildirmişdir ki, həmin şirkət ləğv edilib və bundan sonra onu narahat etməyək və onun ünvanına göndərilmiş rəsmi müraciətə heç bir cavab verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh1 MMC şirkətin nümayəndəsi Cavabdeh3 ilə onun arasında şifahi razılaşma yolu ilə ona 60 kv.m. sahə üçün ev vermək öhdəliyi götürməklərinə baxmayaraq uzun müddətdir ki, bu öhdəlikdən boyun qaçırırlar. Ona görə də pozulmuş hüquqlarını məhkəmə qaydasında bərpa etməyə məcbur qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 MMC şirkəti tərəfindən onun mülkiyyətində olan Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 18, mənzil 3də qalan 60 kv.m. sahənin hər kv.m. 1500 manat hesabı ilə cəmi 90.000 Cavabdeh1 MMC şirkətindən və yaxud onun təmsilçisi Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, şirkətin səlahiyyətli şəxslərinə dəfələrlə bu mübahisə ilə bağlı müraciət etmiş, 3 il hüquqlarının bərpa edilməsini tələb etmiş, heç bir nəticə əldə olunmadığı üçün məhkəməyə müraciət etmişdir. Cavabdehlə razılıq yalnız şifahi formada olmuş, bununla bağlı hər hansı yazılı razılaşma tərtib edilməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 (eyni zamanda Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında Filialının nümayəndəsi) iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 26.10.2016-cı il tarixli sərəncamı ilə hündürmərtəbəli binaların tikilməsi məqsədilə "xxxx" MTK-nın icarəsinə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində yerləşən mənzil sakinləri ilə danışıqlar aparılmış, o şəxsən 200 sakinin köçürülməsi ilə məşğul olmuş və hamısı ilə müvafiq razılıq əldə edib alğı-satqı etmişlər. İddiaçıla ona məxsus evin alğı-satqısını həyata keçirməsi üçün 208793 manat müqabilində razılıq əldə edilmiş, ailə üzvlərinin razılığı ilə ev satılmışdır. Doğrudur həmin ərazidə yerləşən bəzi ev sakinlərinə bir qədər artıq məbləğdə pul kompensasiyası verilmişdir. Bu o sakinlər olmuşdur ki, söküntü işlərinin sonuna qalıb tikintinin başlanmasına maneçilik törətmişlər, şirkət məcburiyyət qarşısında qalıb müvafiq güzəştlərə getmişdir. İddiaçı həmin sakinlərdən artıq məbləğdə pul verilməsini eşitdikdən sonra belə bir tələblə müraciət etmişdir. Lakin İddiaçıla alğı-satqı müqaviləsində razılaşdırılmış məbləğdən başqa şirkət tərəfindən hər hansı əlavə kompensasiyanın veriləcəyi və yaxud mənzil verilməsi barədə heç bir razılıq olmamışdır. İddiaçı bir otaqlı mənzilin pulunu ödəməklə almış, sonradan onu satmışdır. İddiaçı şirkətə müraciət edərək mənzilin daha yuxarı mərtəbədə verilməsi, 2 otaqla əvəz olunmasını bildirsə də, ona deyilmişdir ki, artıq bu mümkün deyil. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 010983 №-li çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən 18 saylı evin, ümumi sahəsi 52 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 3 saylı mənzili tam mülkiyyət hüququ üzrə 07.08.1999-cu il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. İş üzrə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 07.04.2006-cı il tarixli, 171 nömrəli sərəncamın kserosurətindən görünür ki, İddiaçı ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilin faktiki yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilərək sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən onun yaşadığı xüsusi mülkiyyətdə olan mənzilin ümumi sahəsi 46,6 kv.m., yaşayış sahəsi 36,0 kv.m, köməkçi sahəsi isə 10,6 kv.m. olmaqla 2 otaqlı göstərilmişdir. Rayon İcra hakimiyyətinin Mənzil məsələləri üzrə ictimai komissiyası 07.04.2006-cı il tarixdə mənzilə baxış keçirərək müəyyən etmişdir ki, onun yaşadığı mənzilin faktiki olaraq ümumi sahəsi 106,91 kv.m., yaşayış sahəsi 71,44 kv.m. olmaqla 4 otaqlıdır. Komissiya sözügedən mənzilin yaşayış və köməkçi sahələrinin mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair müsbət rəy vermişdir və bu barədə akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə ictimai komissiyasının B.Dadaşov küçəsindəki 18 saylı evin 3 saylı mənzilinə dair 07.04.2006-cı il tarixli aktın təsdiq edilməsi, B.Dadaşov küçəsindəki 18 saylı evin 3 saylı mənzilinin ümumi sahəsi 106,91 kv.m., yaşayış sahəsi 71,44 kv.m., köməkçi sahəsi isə 35,47 kv.m. olmaqla 4 otaqlının hesab edilməsi, sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılmasının 36 saylı MKİS-nə tapşırılması, sərəncamın 2-ci bəndinə uyğun olaraq İddiaçı adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Bakı şəhər Tİ və MHQ İdarəsinə tövsiyə olunması qərara alınmışdır. İş üzrə Bakı şəhər 9 saylı notariat ofisində təsdiq edilmiş 30.01.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 46,6 kv.m. olan 3 saylı mənzilini Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında filialına 208.793 manata satmışdır. İş üzrə Bakı şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 08.02.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,1 kv.m. olan mənzilini İddiaçı 49.000 manata satmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən 18 saylı evin, 3 otaqlı, sahəsi 52,0 kv.m olan 3 saylı mənzili onun mülkiyyətində olmuşdur. Həmin mənzilin sahəsi 52,0 kv.m göstərilməsinə baxmayaraq ümumi sahəsi 106,91 kv.m (71,44 kv.m yaşayış, 35,47 kv.m köməkçi sahəsi) olmuşdur. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin 07.04.2006-cı il tarixli 171 saylı sərəncamı ilə Mənzil məsələləri üzrə ictimai komissiyanın aktı ilə iddiaçının mülkiyyətindəki mənzilin 4 otaqlı və ümumi sahəsinin 106,91 kv.m olması təsdiq edilmiş və həmin mənzilin mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparımlası daşınmaz əmlakın dövlət reyestrinə (Bakı şəhəri Tİ və MHQİ) tövsiyyə olunmuşdur. İddiaçı lə cavabdeh CZECHCONSTRUCTİONSERVİCE” MMC arasında bağlanmış 30.01.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətindəki həmin evi 208793 manat satmış və alğı-satqı müqaviləsində mənzilin sahəsi 46,6 kv.m kimi göstərilmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh çıxarışda göstərilməyən sahə üçün (60 kv.m üçün) əlavə olaraq ona Abşeron rayonk, Məmmədli kəndində yeni inşa ediləcək binalardan birində 3-4 otaqlı mənzil verməli idilər. Lakin cavabdehin ona təklif etdiyi mənzilin sahəsi 53,0 kv.m olduğu üçün belə razılığa gəlmişlər ki, həmin mənzilin 49000 manatını iddiaçı ödəyəcək və gələkcə cavabdeh ona Məmmədli kəndində yeni inşa ediləcək binalardan birində söz verdikləri 3-4 otaqlı mənzili verəcəklər. Bu şərtlərlə razılaşıb mülkiyyətindəki mənzili satmış və sonradan Abşeron rayonu, Məmmədli kəndində yerləşən sahəsi 53 kv.m olan mənzili almışdır. Hazırda cavabdeh üzərinə götürdüyü öhədliyi icra etmir, yəni nə mülkiyyətində olmuş və satılmış mənzilin 60 kv.m hissəsinin 1500 manatdan ödəmir, nə də ki, Məmmədli kəndində 3-4 otaqlı mənzili təhvil vermir. Bu səbəbdən iddiaçı CZECHCONSTRUCTİONSERVİCE” MMC tərəfindən onun mülkiyyətində olan Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 18, mənzil 3-də qalan 60 kv.m sahənin hər kv.m üçün 1500 manat hesabı ilə 90000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələblərə görə Cavabdeh1 MMC üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək öhdəliyin məcburi qaydada icra edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, öhdəliyin yaranması əsasları Mülki Məcəllə ilə müəyyən edilmişdir və həmin əsaslardan biri müqavilədir. İddiaçının iddia etdiyinə görə cavabdeh müqavilədən irəli gələn öhdəliyi icra etmir. Yəni hazırki mübahisə müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi ilə bağlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış nə 30.01.2018-ci il tarixli AN-İNo0664223 saylı müqavilədə, nə də iddiaçı ilə X2 (etibarnamə əsasında Cavabdeh3 tərəfindən təmsil olunurdu) arasında bağlanılmış 08.02.2018-ci il tarixli müqavilədə iddiaçının iddia etdiyi şərt və ya öhdəlik barədə razılaşma olmamışdır. Yəni tərəflər arasında iddiaçının mülkiyyətindəki mənzilin faktiki sahəsinə (Nərimanov rayon İcra hakimiyyətinin sərəncamı ilə müəyyən edilmiş mənzilin sahəsinə dair) dair hər hansı razılaşmanın olması bağlanmış müqavilələrdə öz əksini tapmamışdır. Eyni zamanda bunnula bağlı ayrı razılaşmanın bağlanması ilə bağlı da hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə digər tərəfdən qeyd edir ki, tərəflər arasında iddiaçının mülkiyyətindəki mənzilin faktiki sahəsinin ödənilməmiş hissəsi üçün (60 kv.m) əlavə olaraq mənzilin verilməsi barədə şifahi qaydada razılaşmanın olması da öz təsdiqini tapmamışdır. AR Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Tərəflər arasında bağlanılmış 30.01.2018-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, həmin mənzil 208793 manatа satılmışdır. Nəzərə alınsa ki, mənzilin ümumi sahəsi rəsmi sənəd olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 46,6 kv.m göstərilmişdir, bu halda hər kv.m üçün ödənilən məbləğ 4480 manat, icra hakimiyyətinin sərəncamında müəyyən edilən sahə üçün isə təxminən 2000 manat təşkil edir. Bu məbləğ iddiaçının hər kv.m üçün hazırda tələb etdiyi 1500 manatdan çoxdur. Göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzilin sahəsinə görə kifayət qədər yüksək məbləğ almışdır və cavabdehin həmin məbləğdən başqa əlavə olaraq iddiaçıya sahəsi 60 kv.m mənzil verməsi barədə öhdəlik götürməsi ağlabatan və məntiqli deyil. Yəni tərəflər arasında bununla bağlı şifahi razılaşmanın olması onların rəftarından məlum olmur. AR MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə cavabdehin iddiaçı qarşısında Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən 18 syalı evin 3 saylı mənzilinin rəsmi qeydiyyata alınmayan 60 kv.m sahəsi ilə bağlı əlavə mənzil və ya hər kv.m üçün 1500 manat pul ödənilməsi ilə bağlı hər hansı öhdəliyin və ya şifahi razılaşmanın olması müəyyən olunmadığından, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında Filialına və Cavabdeh3 qarşı cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasında Filialı tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 18, mənzil 3də qalan 60 kv.m. sahəsinin hər kv.m.1500 manat hesabı ilə cəmi 90.000 manat Cavabdeh1 MMCnin Azərbaycan Respublikasında Filialından və yaxud onun təmsilçisi Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar