Məhkəmə qərarları › İş №2(009)-2185/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2185/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2185/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barədə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7655,53 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Praqa şəhərinə turizm səyahətinin təşkili məqsədilə iddiaçıdan 05.02.2020-ci il tarixdə avia biletə görə 812 manat, 27.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixədək Praqa şəhərində yerləşən X4 otelində qalacağına görə isə 6843,53 manat olmaqla cəmi 7655,53 manat pul alınmışdır. Eyni zamanda həmin turizm səyahətinin sığortalanması məqsədilə "xxxx" şirkəti ilə iddiaçı arasında “Səyahət sığortası” müqaviləsi bağlanmışdır. Lakin sığortanın müddəti bitmiş, cavabdeh tərəfindən isə üzərinə götürmüş olduğu öhdəlik yerinə yetirilməmişdir. Artıq bir ildən çoxdur ki, səyahət baş tutmadığına görə pul iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda pandemiya ilə bağlı ölkədə hava uçuşlarının və eləcə də Çexiya Respublikasında təşkil edilən turizm şirkətinin bağlı olması bəhanə gətirilməklə pulun qaytarılmasından imtina edilmişdir. İddiaçının hazırda 70 yaşı var, səhhəti yaxşı deyil və bundan sonra o, səyahət etmək marağında deyildir. Eyni zamanda sağlamlığını qorumaq məqsədi ilə o, bundan sonra digər ölkəyə səyahət etmək niyyətində deyildir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmədə iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən həqiqətən iddia ərizəsində qeyd edilən pul vəsaiti cavabdehə ödənilmişdir. Lakin məlum pandemiya səbəbindən uçuşlara icazə verilməmişdir. Buna görə də iddiaçının planlaşdırılmış səyahəti fors-major hal səbəbindən baş tutmamışdır. Cavabdehin sözügedən razılaşmadan qazancı 250 avro civarındadır. Qalan məbləği cavabdeh istirahət-sağlamlıq mərkəzinə ödəmişdir. Həmin mərkəz isə pulu bugünədək cavabdehə geri qaytarmadığından cavabdeh iddiaçıya pulunu qaytara bilməmişdir. Uçuşlar bərpa olunduqdan sonra cavabdeh razılaşdırılmış səfəri həyata keçirəcəkdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: TİOGQ-40580 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı qəfil xəstəliyə məruz qalma, bədən xəsarəti alma, baqajın itməsi və digər risklərdən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 1201 nömrəli hesab-fakturanın surətindən görünür ki, İddiaçı tərəfindən Karlova Vary istirahət mərkəzində müalicə və istirahət üçün 6843,53 manat məbləğində cavabdehə ödəniş edilmişdir. Aviabiletlərin surətindən görünür ki, İddiaçı tərəfindən biletlərin dəyəri olaraq ümumilikdə 812,07 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Karlova Vary otelinə səyahət etmək məqsədilə cavabdehə müraciət etmiş və bundan sonra onların arasında razılıq əldə edilmişdir. Razılığa əsasən tur-paketin və avia-biletlərin dəyəri iddiaçı tərəfindən cavabdehə tam şəkildə ödənilmişdir. Lakin sözügedən razılaşmadan 1 il müddət keçməsinə baxmayaraq razılaşdırılmış səyahət baş tutmamışdır. İddiaçı artıq həmin səyahətdə maraqlı olmadığını qeyd edərək cavabdehə ödəmiş olduğu pulun qaytarılması üçün müraciət etməsinə baxmayaraq, cavabdeh pulun geri qaytarılmasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən maddi hüquq normalarına istinad edərək məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə razılaşdırdığı və üzərinə götürmüş olduğu öhdəliyi vaxtında yerinə yetirməmişdir. Hazırda isə iddiaçının artıq sözügedən razılaşmaya olan marağının itirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı icranı tələb etməməkdə və dəymiş zərərin ödənilməsində haqlıdır. Bu səbəbdən iddia təmin edilərək, iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respbulikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respbulikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi halda və hazırkı iddia tələbi isə təmin olunduğu üçün, ödənilmiş 30 AZN dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 7655,53 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar