Məhkəmə qərarları › İş №2(009)-219/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-219/2023

24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-219/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Ü.R.Zeynalovun iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar İdarəsinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Açıq Səhmdar İdarəsinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, mənzil 4 onun xüsusi mülkiyyətindədir. Mənzili alandan sonra bir neçə il orada yaşamamışdır. 2011-ci ildən isə mənzildən çıxmışdır, həmin tarixdən orada yaşayış yoxdur və yalnız qeydiyyatda olan odur. Mənzilə su sayğac olmadan verilirdi. O, suyun verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlamamış, üzərinə öhdəlik götürməmişdir. Sadəcə olaraq yaşadığı müddətdə nəzarətçinin təqdim etdiyi bildiriş üzrə sudan istifadə ilə bağlı haqqı ödəyirdi. 2011-ci ildən mənzildə yaşayış olmamasına baxmayaraq, Cavabdeh ASC onun üçün açdığı abunə kodu üzrə borc hesablamağa başlamışdır. Bu barədə Cavabdeh ASC-nin Səbail rayon Su Kanal İdarəsinə müraciət edərək, hesabdan çıxarış əldə etmişdir. Çıxarışdan görünür ki, cavabdeh təşkilat heç bir qanuni və ya müqavilə əsası olmadan onun adına illər üzrə cəmi 330,64 manat borc hesablamışdır. Hətta, mənzilinə baxış zamanı aşkar etmişdir ki, onun xəbəri olmadan mənzilə suyun verilməsi üçün xx.xx.2022-ci il tarixdən sayğac quraşdırılmışdır. Quraşdırıdan bu sayğacdan da onun xəbəri olmamış, onunla müqavilə bağlanmamışdır. Cavabdeh təşkilatla onun arasında müqavilə bağlanmış olsaydı və o, qeyd olunan şərtlərlə bağlı üzərinə öhdəlik götürmüş olsaydı, bu zaman cavabdeh təşkilatın tələb hüququ yaranmış olardı. İndiki halda isə o, cavabdeh qarşısında belə öhdəlik götürməmiş, razılaşma əldə etməmişdir. Ona görə hesab üzrə yaranmış borc silinməli, hesabıma 330 manat borcun yazılması cavabdeh müəssisənin qanunsuz hərəkəti kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC tərəfindən onun üçün (abunə kodu **********40) hesablanmış 330,64 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mənzilində 2010-cu ildən yaşayış olmasa da, bu barədə Cəmiyyətə məlumat verilmədiyi üçün qanunda müəyyən edilmiş həddə 1 nəfər hesabı ilə sərfiyyatla bağlı borc hesablanmışdır. Əgər abonent yaşayış olmaması barədə ərizə ilə müraciət etsə idi, bu nəzərə alınmalı idi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 166146 nömrəli, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 saylı evin 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş **********040 saylı abonent İddiaçı «Abonent kartı» kompyüterdən çıxarışdan görünür ki, abonentə 330,64 manat borc hesablanmışdır. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ödəməli olduğu məbləğ 330,64 manat təşkil edir. İş üzrə “Abonent saldosu” və “Abunə haqqında” kompyuter çıxarışlarından belə məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 saylı evin 4 saylı mənzili üzrə qaz və işıq sərfiyyatı ilə bağlı 2010-cu ilin fevral ayından sonra borc müəyyən edilməmiş və abonentin bununla bağlı abunə hesabına hər hansı məbləğ qeyd edilməmiş, sayğac göstəricisi kimi “0” rəqəmi qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 saylı fərdi evin mülkiyyətçisidir, onun tərəfindən həmin ev üzrə təqdim olunmuş abonent kartında onunla cavabdeh Səbail rayon Su Kanal İdarəsi arasında su təchizatı sistemindən istifadə ilə əlaqədar xx.xx.1997-ci il tarixdə 12751729 saylı müqavilə bağlanılması qeyd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, su təchizatı ilə bağlı iddiaçının mənzilinə onun qeyd etdiyi tarixə - xx.xx.2022-ci il tarixədək sayğac quraşdırılmamış, həmin tarixədək verilmiş suyun və axıdılmış tullantı sularının həcmi abonentin ailə üzvlərinin sayına uyğun 5 kub.m. nəzərə alınmaqla aylar üzrə hesabat aparılmış və iddiaçının mənzili üzrə ödənilməli olan vəsaitin 330,64 manat olması müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mülkiyyətində olan mənzildə 2011-ci ildən yaşamır. Yaşadığı müddətdə nəzarətçinin təqdim etdiyi bildiriş üzrə sudan istifadə ilə bağlı haqqı ödəyirdi. Cavabdeh təşkilat heç bir qanuni və ya müqavilə əsası olmadan onun adına illər üzrə cəmi 330,64 manat borc hesablanmışdır. Həmçinin ona məlum olmuşdur ki, onun xəbəri olmadan mənzilə suyun verilməsi üçün xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmışdır. Quraşdırılmış sayğacdan da onun xəbəri olmamış, onunla müqavilə bağlanmamışdır. Bu səbəbdən iddiaçı hesablanmış borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır (bənd 6.2). Yaşayış binalarının mənzillərində yerləşən su dayaqlarının və suölçən cihazların pilləkən qəfəslərində STKM tərəfindən quraşdırılması ilə daxili su təchizatı sistemlərinin yenidən qurulması işləri icra olunmalıdır (bənd 6.3). Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına,o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır (bənd 6.4). İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir (bənd 6.5). Həmin Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir (bənd 7.5). Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır (bənd 8.4). Məhkəmə iclasında müəyyən edilmişdir ki,iddiaçının mənzilində 2011-ci ildən yaşayış olmamış və bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlar – qaz və işıqdan istifadə ilə əlaqədar hesabdan çıxarışlarla (həmin hesabatlarda iddiaçının mənzili üzrə işıq və qazdan 2010-cu ilin fevral ayından sonra istifadə edilməməsi və həmin müddət ərzində hər hansı sərfiyyatın mövcud olmaması müəyyən edilir) təsdiq olunur. Beləliklə məhkəmə iddiaçının mənzildə yaşamadığı və sudan istifadə etmədiyi halda cavabdeh təşkilatı tərəfindən hər ay yuxarıda qeyd edilən qaydada hesabat aparılaraq borcun müəyyən edilməsini əsassız hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının abonent hesabına yazılmış 330,64 manat məbləğində borc onun abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi iddianın təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********040) yazılmış 330,64 (üç yüz otuz manat, altmış dörd qəpik) manat borc silinsin. Cavabdeh ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar