Məhkəmə qərarları › İş №2(009)-2197/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2197/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2197/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı2, İddiaçı1 vəkili və nümayəndəsi K.N.Əliyevanın, Cavabdehin nümayəndəsi E.A.Kərimovun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, onlar birgə nikahda olduqları dövrdə Bakı şəhəri, X2 küçəsi, 76, mənzil 21 ünvanda mənzil almış və uzun müddət həmin mənzildə yaşamışlar. xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə onlar “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə imzaladılar və mənzili boşaldaraq cavabdehə təhvil vermişlər. Belə ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarına əsasən binaların sökülməsi, ərazidə abadlıq işlərinin aparılması, müasir tələblərə uyğun binaların tikilməsi ilə məşğul olduğu üçün Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli Sərəncamı əsasında binanın olduğu yerdə yeni binaların tikintisi ilə məşğul olurdu və binanı sökərək yerində yeni bina tikintisi, həmin binada yeni mənzillə təmin etmə, mənzil təhvil verənə kimi kirayə pulunun ödənilməsi təklifi etmiş, onlar da digər sakinlər kimi bu təklifə razılaşaraq məlum müqaviləni bağladılar. xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə onlar “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin 1-ci bəndinə əsasən cavabdehə yaşayış kompleksinin tikintisi məqsədili ilə mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (“Zirvə Rezidens” tikinti kompleksinin Q.Abbasov küçəsi, 76 ünvandakı binadan) təmirli olmaq şərti ilə (verilən artıq sahəyə görə ödəniş alınmamaq şərti ilə) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Təhvil verdikləri mənzilin cəmi sahəsi müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndinə əsasən 35 kv.m. olmasını cavabdeh təsdiq etmiş və müqavilə şərtlərinə əsasən 20 faiz artıq olmaqla 42 kv.m.-dən az olmayaraq və binanın söküldüyü yerdə tikilmiş binadan onlara mənzil verilməli idi. Həmin müqavilə 5 saylı Notariat Kontorunda təsdiq edilmişdir. Cavabdeh həmin Müqavilənin 3.3.1-ci və 3.3.2-ci bəndinə əsasən vergilər çıxıldıqdan sonra hər ay 350 manat məbləğində pulu müqavilə bağlandığı vaxtdan etibarən bina tikilənə kimi müvəqqəti olaraq digər yaşayış sahəsində yaşaması üçün kirayə haqqı olaraq kompensasiya ödəməyi öhdəsinə götürmüş və xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə kimi 8.443,6 manat pul ödəmişdir. Beləliklə də, 2018-ci ilin iyun ayından 2020-ci ilin may ayı daxili kirayə haqqı ödənilmiş və kirayə haqqının ödənilməsi də dayandırılmışdır. Mübahisəli hal ondan ibarətdir ki, cavabdehin tikdiyi binada ən kiçik sahəli mənzillər 50-53 kv.m.-dən ibarət olmaqla cavabdeh 42 kv.m.-lik mənzili olmaması əsası ilə həmin kvadratdan ibarət mənzil verməkdən imtina edir. Bundan başqa, təklif etdiyi mənzil cəmi 38 kv.m.-lik və onları binanın yerində deyil arxa hissədəki evdən mənzil təklif edir. Halbuki, bağladıqları Müqavilənin 4-cü bəndinə əsasən yeni mənzil həmin mənzilin layihəsinə uyğun vəziyyətdə və həmin layihədə nəzərdə tutulmuş şəraitdə onlara təhvil verilməli idi. Cavabdeh xx.xx.2020-ci il tarixdə 28/20 saylı məktubla onlara müraciət edərək Bakı şəhəri, Neftçi Qurban 72, 74, 76, 76a ünvanlada çoxmərtəbəli binaların layihələndirilməsi və tikintisi üçün Sərəncama əsasən onlarla bağladığı müqaviləyə əsasən mənzilin sahəsini 24,9 kv.m. olmasını göstərmiş və müqavilə şərtlərini təhrif etməklə yeni mənzilin ümumi sahəsinin təhvil verilən mənzilin sahəsindən az olmamaqla təhvil verilməli olması əsası ilə təklif etdiyi mənzili təhvil götürmədikləri və təmir edə bilməməsi əsası ilə kirayə haqqının kompensasiyasının dayandırılması barədə xəbərdarlıq edərək kirayə haqqının 2020-ci ilin iyun ayından etibarən vermir. Halbuki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə onlar “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin 1ci bəndinə əsasən cavabdehə yaşayış kompleksinin tikintisi məqsədili ilə mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (“Zirvə Rezidens” tikinti kompleksinin Q.Abbasov küçəsi, 76 ünvandakı binadan) təmirli olmaq şərti ilə (verilən artıq sahəyə görə ödəniş alınmamaq şərti ilə) mükiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə müqavilədə qeyd edilən ünvandakı binadan deyil, başqa arxa hissədə tikdiyi başqa ünvandakı binadan müqavilə üzrə 42 kv.m-dən az olmamaq şərti ilə və mənzili təhvil verdiyi vaxta kimi kirayə haqqı ödəmək şərti ilə müqavilə üzrə vəzifələr götürməsinə baxmayaraq, hazırda müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndə əsasən cəmi sahəsinin 35 kv.m. olmasını təsdiq etməsinə baxmayaraq, hazırda müqavilə şərtlərindən yayınaraq guya 24,9 kv.mdən az olmayaraq və 20 faiz əlavə sahə ilə birlikdə cəmi 35 kv.m-lik mənzili onlara təklif etməklə (oxdat oxa bu sahə onların mənzilin sahəsindən də az olur) qəsdən müqavilə şərtlərinə əməl etmir, hazırki vaxta artıq hər ay 350 manat olmaqla 4 aylıq (1400 manat) kirayə haqqını da ödəməmişdir. Mənzilinin olduğu bina Səbail rayonu, Neftçi Qurban 76 ünvanda yolun kənarı və dənizə panaraması olan bir binadan idi, təklif etdikləri bina isə həmin binanın arxa hissəsindən başqa bir bina başqa bir ünvandakı binadan təklif edilir. Cavabdeh müqavilə şərtlərinə əmək etməməklə hüquqlarını pozmuş və mənafelərinə toxunmuş, ən azı 42 kv.m.-lik mənzil sahəsi ilə mənzilini sökdüyü binanın yerindən onları təmin etməli, mənzil təmirli şəkildə təhvil verilən günə kimi onlara kirayə haqqı ödəməlidir. Cavabdeh onunla müqavilə bağlayarkən artıq binanın layihəsi var idi və bilirdi ki, binasındakı mənzillərin ən kiçik ölçüsü 35 kv.m. və 53 kv.metrdən ibarətdir. Onlara 42 kv. metrdən az olmayaraq mənzil vermək öhdəliyi götürərkən cavabdeh mövcud sahədən az olmayaraq deyil, mövcud sahə və 20 faiz artıq verilməklə 42 kv.metrdən az olmayaraq mənzil vermək öhdəliyi götürmüşdür. Hazırda öhdəsinə götürdüyü sahədən az verməklə onları öz öhdəliklərini icra etməkdən imtinada təqsirləndirərək aylıq kirayə haqqını dayandırması da cavabdehlə bağlanmış müqavilə şərtlərinin pozulmasıdır. Belə ki, onlar müqavilə şərtlərinə əsasən 42 kv.metrdən az olmayaraq mənzil tələb edir bu əsasla 35 kv.metrlik mənzili təhvil almaqdan (müqavilə şərtlərinin pozulmasına etiraz) imtina edirlər. Onlar öhdəliklərinə uyğun olaraq ən azı 42 kv.m. olmaqla binanın yerindən və müqavilədə qeyd edilən ünvanda tikilmiş binadan mənzil təhvil almaqdan imtina etmirlər və təmirli şəkildə belə mənzil onlara təhvil verilən günə kimi kirayə haqqını tələb edirlər. Hazırda cavabdeh müqavilə şərtlərini pozmaqla hər ay 350 manat olmaqla onlara ziyan vurur. Göstərilənləri nəzərə alaraq iddiaçılar Cavabdeh MMC-nin üzərinə xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə onlar “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanda tikiləcək binadan 42 kv.metrdən az olmayaraq (oxdan oxa) layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 manat olmaqla kirayə haqqının onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin göstərmişdir ki, müqavilə şərtinə əsasən cavabdeh iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın söküləcəyi yerdə tikəcəkləri binadan mövcud sahədən 20% artıq olmaq şərti ilə mənzillə təmin etmə öhdəliyini götürmüş, lakin hazırda cavabdeh iddiaçılara onlara məxsus sökülən binadan daha uzaq inşa edilmiş binada daha az sahəli mənzil təklif edir. yerində müayinə zamanı da müəyyən edildi ki, ikinci bina iddiaçıların binasına yaxın inşa edilə bina olacaqdır, iddiaçılar məhz həmin binadan mənzil istəyirlər. Cavabdehin satışla bağlı internetdə yerləşdirdikləri fotolarda da binaların yerləşmə vəziyyəti əks olunmuşdur. Həmin görüntülər məhkəməyə təqdim olunmuşdur. Cavabdehin məhkəmə iclasında iddianın rədd edilməsi üçün gətirdiyi dəlillərin heç bir hüquqi əsası yoxdur. Ünvanın dəyişilməsi ilə bağlı mövqeləri tam əsasızdır. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli müvafiq qərarına əsasən şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədilə Cavabdeh MMC Səbail rayon İcra Hakimiyyətinin sərəncamı əsasında və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 76, mənzil 21 ünvanında Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 72-74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü həyata keçirilməli və həmin binalarda yaşayan sakinlər iki il müddətində tikintisi başa çatdırılmalı olan binalarda mənzillərlə təmin edilməlidir. Həmin qərarın icrası ilə əlaqədar bir sıra mülkiyyətçilərlə razılıq əldə olunmuş, müvafiq müqavillər bağlanmışdır. Eyni zamanda İddiaçı1 ilə mülkiyyətçisi olduğu Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 76, mənzil 21 ünvanında yerləşən istismar müddəti ötmüş mənzilin söküntüsünün və bu sahədə yaşayış binasının tikintisinin həyata keçirilməsi ilə bağlı “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və eyni mənzillə təmin edilməsi haqqında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə, cavabdeh həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20 faizlə qədər sahəni təmirli olmaq şərtilə mülkiyyətçinin mülkiyyətinə təhvil verir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası kimi 1 aylıq kirayə xərclərinin məbləğini 399 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz - 59 manat vergi çıxılmaqla, qalan 350 manat mülkiyyətçiyə verilir. Müqavilənin şərtlərinə görə kirayə xərclərinin ödənilməsi ayda bir dəfə, həmin ay başa çatanadək nağd və ya köçürmə yolu ilə kirayə xərclərinin kompensasiya məbləği yeni mənzil sakinə təhvil verilənə qədər davam edəcəkdir. Layihələndirilən bina artıq tikilmiş, istismara təhvil verilmişdir. Lakin,iddiaçılar yeni tikilən binada mənzili təhvil almaq istəmirlər, müqavilədə nəzərdə tutulmayan şərtlər irəli sürərək, əlavə qazanc əldə etmək istəyirlər. Halbuki, ilk iddia ərizəsində qeyd edildiyi kimi, yeni bina istismara verilənədək Cəmiyyət tərəfindən kirayə haqqı hər ay vaxtı-vaxtında mülkiyyətçinin müqavilədə nəzərdə tutulan bank hesabına köçürülmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə Cəmiyyət tərəfindən tam əməl edilmişdir. Müqavilənin 2.1.1-ci maddəsinə görə mövcud mənzilin ünvanı Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 76, 21 saylı mənzildir. Müqavilənin 4.1-ci bəndinə görə yeni mənzilin ümumi sahəsi təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Göründüyü kimi, iddiaçıya məxsus olmuş mənzilin ümumi sahəsi 24,9 kv.m., əlavə tikilisi isə 10,1 kv.m., cəmi 35 kv.m. olmuş, Cəmiyyət tərəfindən iddiaçıya müqavilənin 1-ci və 4.1.1-ci bəndlərinin tələblərinə uyğun olaraq, daha artıq 38,6 kv.m. mənzil təklif etmişdir. Lakin, iddiaçı müqavilədə nəzərdə tutulmadığı halda, cəmiyyətdən 42 kv.m.-dən az olmayaraq mənzil tələb edir. Halbuki, müqavilənin 1-ci bəndində aydın şəkildə Cəmiyyətin həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20 faiz deyil, 20 faizə qədər sahəni təmirli olmaq şərti ilə mülkiyyətçinin mülkiyyətinə təhvil verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, bu halda da Cəmiyyət müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmişdir. Əksinə, iddiaçı arasında bağlanmış müqavilənin şərtlərini pozmuş, mənzil istismara hazır olduğu halda, mənzili təhvil almamış, müqavilədə nəzərdə tutulmayan şərtlər irəli sürərək, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan başqa, iddiaçılar iddia tələbində qurban Abbasov 76 ünvanında tikiləcək binadan mənzillə təmin edilmələrini xahiş etsələr də, həmin ünvan faktiki mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan da göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq Səbail rayonu İcra Hakimiyyətinin Başçısının verdiyi xx.xx.2016-cı il tarixli, 117 nömrəli sərəncamında göstərilən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72, 74, 76, 76A ünvanında yerləşən, istismar müddəti ötmüş 1-4 mərtəbəli yaşayış binalarının yerində ”Cavabdeh” MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış kompleksinə Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 133 ünvanı verilmişdir. Başqa sözlə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72,74,76,76A ünvanında yerləşən, istismar müddəti ötmüş 1-4 mərtəbəli yaşayış binaları sökülmüş, həmin ünvanlar birləşdirilərək, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 133 ünvanı adını almış, həmin ünvanda da Cəmiyyət tərəfindən yaşayış kompleksi tikilmişdir. İddiaçıya da həmin ünvanlarda yaşayan sakinlər kimi, tikilmiş yaşayış kompleksində yeni mənzil təklif edilmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddia ərizəsində göstərilən halların heç biri iddianın təmin edilməsi üçün əsas olmayıb, yalnız formal mülahizələrdən ibarətdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, yerli baxış keçirib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İş üzrə xx xxxx 2017-ci il tarixli, RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 76 ünvanında yerləşən sahəsi 24,9 kv.m olan 21 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı1 Oktay oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən İddiaçı1 Oktay oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən 76 saylı binanın 21 saylı mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 24,9 kv.m. olmaqla, yaşayış sahəsi 22,5 kv.m.-dən ibarətdir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında bağlanmış və 5 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqaviləsindən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasəq Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlı-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əmək etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh MMC Azərbaycan Respubblikası Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx xxxxxx 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 76, mənzil 21 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 76 mənzil 21 ünvanında yerləşən, ümumi sahəsi 24,9 İddiaçı1 Oktay oğluna məxsus olan 21 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət” isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (Zirvə Residence tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) təmiri olmaq şərti ilə “Mülkiyyətçi” mülkiyyətinə təhvil verir (verilən artıq sahəyə görə ödəniş alınmır). Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 76, 21 saylı mənzilin çıxarış üzrə sahəsi 24,9 kv.m., əlavə tikilisi 10,1 kv.m. təşkil edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət Mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün Mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası aşağı şərtlərlə kompensasiya edir: 3.3.1. kirayə xərclərinin kompensasiya məbləği 1 (bir) aylıq 399 manat müəyyən edilir. Həmin məbləğdən 14% vergi - 49 manat vergiyə, qalan 350 manat Mülkiyyətçiyə ödənilir. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən yeni mənzilin ümumi sahəsi, təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Müqavilənin 4.1.2-ci bəndinə əsasən yeni mənzilin təhvil verilməli olduğu tarix 24-36 ay (dəqiq tarixlər Yeni Mənzilin yerləşdiyi binanın tikinti layihəsi ilə müəyyən ediləcək). Müqavilənin 4.2-ci bəndinə əsasən yeni mənzilin həmin mənzilin layihəsinə uyğun vəziyyətdə, həmin layihə ilə nəzərdə tutulmuş şəraitdə Cəmiyyət tərəfindən Mülkiyyətçiyə təhvil verilməlidir. Yeni Mənzilin Mülkiyyətçiyə təhvil verilməsi akt ilə rəsmiləşdirilir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2020-ci il tarixli 28/20 saylı məktubun kserosurətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2016-cı il 25 fevral tarixli 86 saylı Qərarını rəhbər tutaraq, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və istismar müddətini bitirmiş binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cavabdeh MMC-yə Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi, 72,74,76,76a ünvanlarında çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün xx.xx.2016-cı il tarixli 117 saylı Sərəncam vermişdir. İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsi imzalanmışdır. Müqavilə qanunvericiliyin tələbləri əsasında tərtib olunmuşdur. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC-nin vəzifələri: a) Sakinlərdən təhvil aldığı mənzilin əvəzində ümumi sahəsindən az olmamaq şərti ilə tikintisi başa çatmış, yaşayış üçün hazır olan binada yeni təmirli mənzil vermək; b) Yeni mənzil təhvil verilənə qədər xərclərinin kompensasiyasını ödəmək. İddiaçı2 vəzifələri: a) Köhnə mənzili təhvil vermək, yeni mənzili təhvil almaq. Belə ki, müqavilənin ümumi müddəalar bəndində İddiaçı2 mənzilinin sahəsinin 24,9 kv.m. ibarət olduğu və müqavilənin 4.1.1-ci bəndində isə veriləcək yeni mənzilin ümumi sahəsinin təhvil götürülən mənzilin sahəsindən az olmaması qeyd olunub. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən yeni mənzil layihədə nəzərdə tutulmuş vəziyyətdə və şəritlə mülkiyyətçiyə verilməlidir və həmin mənzilin verilməsini akt ilə rəsmiləşdirilməsi göstərilib. Cavabdeh MMC müqavilə şərtlərinə daima riayət edib və müqavilədə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Eyni zamanda Cavabdeh MMC ilə müqavilə bağlanan gündən bu günə kimi İddiaçı2 hər ay kirayə xərclərinin kompensasiyası ödənilir. İddiaçı2 dəfələrlə şifahi olaraq mənzilin təmirinə başlamaq üçün akt imzalamağa ofisinə dəvət etsələr də, gəlməmişdir. İddiaçı2 veriləcək mənzilin mərtəbəsi və sahəsi müəyyənləşdirilib və o barədə qabaqcadan məlumat verilmişdir. Bundan artıq 6 aydır ki, təmir işləri gedir. İddiaçı2 ilə akt imzalanmadığı üçün Cavabdeh MMC təmirə başlaya bilmir. Akt imzalanması üçün Bayıl qəsəbəsi, Neftçi Q.Abbasov küçəsi, 72,74 ünvanında yerləşən ofisinə gəlməsini xahiş etmişlər. Akt imzalanması üçün 5 iş günü ərzində gəlməməsi təqdirsə İddiaçı2 üçün ayrılmış mənzildə əlavə heç bir xəbərdarlıq olunmadan təmir işləri başlayacaqdır. Təmir işlərinin bitməsindən sonra İddiaçı2 məktub göndəriləcək ki, həmin gündən Cavabdeh MMC olaraq müqavilə ilə üzərinə götürdükləri öhdəliklər tərəflərindən tam icra edilmiş hesab olunacaqdır. Məktubu aldığı andan etibarən İddiaçı2 ödənilən kirayə xərclərinin kompensasiyasının ödənilməsi dayandırılacaqdır. Qeyd: iyunun 1-dən İddiaçı2 ödəniləcək kirayə haqqı dayandırılacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 76 saylı ünvanında yerləşən ümumi sahəsi 24,9 kv.m. olan 21 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 Oktay oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 76 saylı ünvanda yerləşən21 saylı mənzil Cavabdeh MMC tərəfindən sökülmüş və hazırda həmin yerdə çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqavilənin 1-ci bəndinə görə, cavabdeh həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20 faizə qədər sahəni təmirli olmaq şərtilə mülkiyyətçinin mülkiyyətinə təhvil verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası kimi 1 aylıq kirayə xərclərinin məbləğini 399 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz - 59 manat vergi çıxılmaqla, qalan 350 manat mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş və müqavilənin şərtlərinə görə kirayə xərclərinin ödənilməsi ayda bir dəfə, həmin ay başa çatanadək nağd və ya köçürmə yolu ilə kirayə xərclərinin kompensasiya məbləği yeni mənzil sakinə təhvil verilənə qədər davam edəcəkdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh müqavilənin şərtlərinə əməl etmir, yəni mülkiyyətlərində olan mənzilin yerində inşa ediləcək binadan mənzil vermir. Cavabdeh tərəfindən təklif olunan yeni mənzil sökülmüş binanın yanında inşa edilmiş başqa binada yerləşir, təklif olunan mənzilin sahəsi sökülmüş mənzilin sahəsindən əlavə 20 faiz daha çox olmalı olduğu halda, cavabdeh ona sahəsi 38,6 kv.m təşkil edən mənzil təklif edir. Eyni zamanda cavabdeh müqavilə üzrə mənzil təhvil verilənədək 350 manat kirayə haqqının verilməsini 2020-ci ilin may ayından dayandırmışdır və hazırda bu pulu ödəməkdən imtina edir. Bu səbəbdən iddiaçılar cavabdehin üzərinə müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanda tikiləcək binadan 42 kv.m-dən az olmayaraq layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 manat olmaqla kirayə haqqının onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təklif olunan mənzil müqavilə şərtlərinə əsasən sökülmüş binanın yerində inşa ediləcək binadan deyil, həmin binaya yaxın ünvanda olan cavabdeh tərəfindən yeni inşa edilmiş binadan təklif olunur. Eyni zamanda təklif olunan mənzilin sahəsi 38,6 kv.m təşkil edir və bu onunla əsaslandırılır ki, müqavilə şərtlərinə əsasən cavabdeh öz üzərinə əvvəlki mənzilin sahəsindən 20%-ə qədər artıq mənziln sahəsinin verilməsini öhdəsinə götürmüşdür. Bu səbəbdən də iddiaçılara 38,6 kv.m, yəni təklif olunan mənzilin sahəsindən daha artıq sahəli (əvvəlki mənzilin sahəsi 35 kv.m olmuşdur) mənzil təklif olunmuşdur. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən planlaşdırılan və tikiləcək ikinci bina iddiaçıların mülkiyyətində olmuş mənzilin yerləşdiyi və sökülmüş binaya daha yaxındır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə şərtlərini pozmuşdur və onun əvvəlki mənzilin yerləşdiyi binanın yerində inşa edilmiş yeni binadan deyil, həmin binaya yaxın inşa edilmiş yeni binadan mənzil təklif etməsi müqavilə şərtlərinə ziddir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, müqavilənin 1-ci bəndindən də göründüyü kimi Cavabdeh MMC Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 76, mənzil 21 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünün və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. Mülkiyyətçi mülkiyyətində olan Səbail rayonu, X2 küçəsi, 76, mənzil 21 ünvanında yerləşən mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə” təhvil verir, “Cəmiyyət” isə həmin mnzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (Zirvə Residence tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) təmirli mənzil təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi müqavilə şərtlərinə əsasən cavabdeh mübahisəli mənzilin yerində inşa ediləcək binadan yeni təmirli mənzil verilməsini öhdəsinə götürmüşdür və bu səbəbdən hazırda cavabdeh tərəfindən iddiaçıya hər hansı başqa yerdə mənzil təklif verməsi müqavilə şərtlərinə ziddir. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya sökülmüş mənzilin yerində inşa ediləcək yeni binadan mənzil verməlidir ki, bu həm müqavilənin şərtlərinə yuğun olsun, həm cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyin icrasının təmin etsin. Lakin bu şərt cavabdeh tərəfindən pozulduğu üçün, cavabdeh başqa bir binada iddiaçıya mənzil təklif verməkdə haqlı hesab edilə bilməz və bu səbəbdən də mənzil təhvil verilməyənədək cavabdeh iddiaçıya kirayə haqqı vermək öhdəliyi daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin üzərinə Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi, 76 ünvanda (hazırki ünvanı Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 133) olan və sökülmüş binaya daha yaxın məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binadan təmirli mənzilin verilməsi və mənzil təhvil verilənədək müqavilə şərtlərinə əsasən hər ay 350 manat kirayə haqqının ödənilməsi hissələrində əsaslıdır və təmin edilməlidir. Məhkəmə təhvil veriləcək mənzilin sahəsi ilə bağlı tərəflər arasında yaranmış mübahisəyə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Cavabdeh MMC-nin nümayəndəsi müqavilənin şərtlərinə istinad edərək bildirmişdir ki, müqavilədə təhvil veriləcək mənzilin sahəsinə əlavə olaraq 20%-ə qədər əlavə sahənin verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən “Cəmiyyət” bu şərtə uyğun olaraq əvvəlki mənzilin sahəsindən (35 kv.m) 20%-ə qədər artıq, yəni 38 kv.m təklif etməkdə tam haqlıdır. Yəni yeni mənzilin sahəsinə veriləcək əlavə sahənin miqdarını müəyyən etmək “Cəmiyyət”in hüququ olduğu üçün, o iddiaçıya 35 kv.m mənzilin əvəzinə 38 kv.m mənzil təklif etməkdə müqavilə şərtini pozmur. Lakn məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti müqavilə şərtlərinə uyğun deyil və öhdəliyin pozulması kimi şərh edilməlidir. Yəni cavabdehin bu təklifi müqavilə şərtlərindən suiistifadə kimi qəbul edilməlidir. Məlum olduğu kimi Cavabdeh MMC şəhərin mərkəzində yeni binaların inşası ilə məşğul olan tikinti şirkətidir və sakinlərin mülkiyyətindəki mənzillərin yerləşdiyi binaları sökərək yerində çoxmərtəbəli binalar inşa etməklə sahibkarlıq fəaliyyətini həyata keçrir. Bu fəaliyyəti həyata keçirmək üçün kifayət qədər maddi vəsaitə malik olmaq zəruri şərtdir və cavabdeh bu fəaliyyəti həyata keçirtdiyi üçün o, müqavilə tərəfi kimi iddiaçılara münasibətdə daha təmin edilmiş subyekt hesab edilir. Digər tərəfdən iddiaçıların iddia etdiyi kimi danışıqlar zamanı cavabdeh şirkət əvvəlki mənzilin sahəsinə 20%-ə qədər deyil, məhz 20% əlavə mənzil sahəsinin verilməsini bildirmiş və iddiaçılar bu şərtlə razılaşmışlar. Lakin hazırda cavabdeh müqavilədəki bu şərti istədiyi kimi təfsir edərək iddiaçıların mənafeyinə uyğun olmayan təlkif irəli sürür. AR Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, onların müqaviləyə qədərki danışıqları, cavabdehin iddiaçılarla müqayisədə maddi cəhətdən üstünlüyünü nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərti iddiaçıların mənafeyi nəzərə alınmaqla təfsir edilməlidir. Digər tərəfdən cavabdehin təklif etdiyi mənzilin sahəsi (38 kv.m) əvvəlki mənzilin sahəsinin (35 kv.m) təxmini 10% təşkil edir ki, bu da göründüyü kimi iddiaçıların mənafeyinə uyğun hal kimi qəbul edilə bilməz. Eyni zamanda sökülmüş mənzilin sahəsini nəzərə alsaq əlavə olaraq 20% sahə cəmi 7 kv.m təşkil edəcəkdir ki, bu da çox cüzidir və cavabdeh üçün əlavə olaraq bu sahənin verilməsi heç bir halda onun mənafeyinə zidd olan hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin müqavilə bağladıqları vaxt veriləcək mənzilin sahəsi ilə bağlı nəzərdə tutduqları şərt əlavə olaraq 20% sahənin verilməsi kimi təfsir edilməli və iddiaçılara xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yeni tikiləcək binadan 42 kv.m-dən az olmayaraq mənzil sahəsi verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanda (hazırki ünvanı Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 133) olan, sökülmüş binaya daha yaxın məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binadan sahəsi 42 kv.metrdən az olmayaraq (oxdan oxa) layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 (üç yüz əlli) manat olmaqla kirayə haqqının iddiaçılara ödənilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar