Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2198/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh MTK-ya qarşı “protokoldan çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı “protokoldan çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 35 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “protokoldan çıxarış”ın ona təqdim edilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə 18 fevral 2020-ci il tarixində müqavilə imzalamışdır. Qeyd olunan müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisi Cavabdeh MTK-ya həvalə edilmişdir. Həmin müqaviləyə əsasən o, podratçıya 150.000 manat ödəməyi öz öhdəsinə götürmüş, podratçı isə həmin pul müqabilində tikilən çoxmərtəbəli binadan 3 otaqlı mənzili ona ayırmağı öz öhdəsinə götürmüşdür. O, öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 150.000 manat pulu MTK-ya vermiş və bu barədə ona X1 imzası ilə maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. MTK öz növbəsində tikilmiş binanın 1 girişinin (blok) 13-cü mərtəbəsində yerləşən 154,8 kv.m olan 3 otaqlı 35 saylı mənzili ona təhvil vermişdir. Cavabdeh MTK-nın 14.01.2001-ci il tarixli məktubunda ona cari ilin iyul-avqust aylarında binada yekunlaşma işlərinin başa çatacağı və çıxarışların veriləcəyi bildirilmişdir. Lakin dəfələrlə müraciətlərinə baxmayaraq həmin mənzili dövlət qeydiyyatından keçirilməsi üçün (çıxarış alınması üçün) MTK ona protokoldan çıxarışın verilməsində maneələr yaradır. Sonuncu dəfə rəsmi olaraq 01.06.2021-ci il tarixində yazılı şəkildə MTK-ya müraciət edərək protokoldan çıxarışın verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulan müddət ərzində MTK ona cavab verməmiş və məsələnin həllində köməklik göstərməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 18.02.2020-ci il tarixli müqavilədən görünür ki, «Payçı» ona düşən 1-ci blok 13-cu mərtəbə (yaşayışın 12 mərtəbəsində), 3 (üç) otaqlı, tam sahəsi 154,8 kv.m olan mənzilin hər kv.m üçün 969 (doqquz yüz altımış doqquz) manat, cəmi 150.000 (yüz əlli min) manat məbləğində pulu podratçıya ödəməyi, «Podratçı» da Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanı tikib mənzili «Payçı»ya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh MTK tərəfindən verilmiş 14.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasında 18 fevral 2021ci il tarixli müqavilə ilə İddiaçı (şəxsiyət vəsiqəsi AA 0086847) adına 1 giriş (blok) 13-cü mərtəbədə (yaşayışın 12 mərtəbəsində) yerləşən və 154,8 kv.m sahəsi olan 3 otaqlı, 35 saylı mənzil rəsmiləşdirilmişdir. Həmin mənzil hal-hazırda İddiaçın adınadır və ona məxsusdur. Şirkətdə yaranmış müəyyən maliyyə çətinlikləri ilə əlaqədar işlərin və binanın son təhvili, o cümlədən çıxarışın verilməsi cari ilin iyul-avqust ayında bitiriləcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MTK tərəfindən verilmiş 18.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş 13-cü (yaşayşın 12-ci mərtəbəsində) mərtəbəsində yaşayış sahəsi 154,8 kv.m olan, 3 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, Mənzil Tikinti Kooperativinə borcu yoxdur. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 01.06.2021-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ev 17 mənzil 35 dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Protokoldan Çıxarışın ona təqdim edilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 18.02.2020-ci il tarixli müqaviləyə əsasən «Payçı» ona düşən 1-ci blok 13-cu mərtəbə (yaşayışın 12 mərtəbəsində), 3 (üç) otaqlı, tam sahəsi 154,8 kv.m olan mənzilin hər kv.m üçün 969 (doqquz yüz altımış doqquz) manat, cəmi 150.000 (yüz əlli min) manat məbləğində pulu podratçıya ödəməyi, «Podratçı» da Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanı tikib mənzili «Payçı»ya təhvil verməyi öhdəsinə götürmüş, Cavabdeh MTK tərəfindən verilmiş 18.02.2021-ci il tarixli maliyyə arayışına əsasən ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binasının 1ci giriş 13-cü (yaşayşın 12-ci mərtəbəsində) mərtəbəsində yaşayış sahəsi 154,8 kv.m olan, 3 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, onun Mənzil Tikinti Koperativinə borcu yoxdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MTK ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş 13-cü (yaşayşın 12-ci mərtəbəsində) mərtəbəsində yaşayış sahəsi 154,8 kv.m olan, 3 otaqlı mənzili İddiaçı təhvil versə də, iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq MTK tərəfindən mənzilin dövlət qeydiyyatına alınması üçün (çıxarış alınması üçün) “protokoldan çıxarış” iddiaçıya verilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. (MM 139-1.1, 139-1.1.6) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. (Mənzil Məcəlləsi 113.2) Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. (Mənzil Məcəlləsi 113.3) “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu»nun 2.2-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 8.0.6. bəndinə əsasən, mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilərək mənzilin dəyəri ödənilmiş, cavabdeh tərəfindən isə həmin mənzil faktiki olaraq iddiaçının istifadə və sahibliyinə verilsə də, həmin mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçıya “protokoldan çıxarış” verilməmişdir. Məhkəmə iclasının vaxtı barədə cavabdehə məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair etiraz və ya mülahizə, eləcə də iddiaçının iddia tələbini əsaslandırdığı halları təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarının tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün məhkəmə qaydasında cavabdehdən “protokoldan çıxarış”ın verilməsini tələb etməkdə tam haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 35 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “protokoldan çıxarış”ın İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 35 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “protokoldan çıxarış”ın İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2198/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2198/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver