Məhkəmə qərarları › İş №2(009)-2217/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2217/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2217/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzil tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilin yenidən qiymətləndirilməsi, həmin qiymətə uyğun qalıq borcunun müəyyən edilməsi, həmin borca uyğun ödənilməmiş pulun cavabdehdən alınması və yaxud mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pulun bölüşdürülməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhərində ev almaq üçün bankdan kredit götürmüşdür. Bakı şəhərində yerləşən bir çox mənzillərə baxmışdır. Maddi imkanına uyğun ev axtarırdı. Xəbər tutmuşdur ki, Cavabdeh adlı xanım ona məxsus olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağını,yəni 23 kv.m.hissəsini satdığını eşitmişdir.Bununla əlaqədar olaraq həmin mənzilə baxmış və xoşuna gəlmişdir. Bu mənzilin 30.000 manata satılmasına razılaşmışlar. Onunla Cavabdeh arasında ona məxsus olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağının, yəni 23 kv.m. hissəsinin ona satılmasına dair Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09.07.2014-cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09.07.2014-cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-İ No ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinin aşağıda qeyd olunan şərtlərinə görə:

4. Satıcı(lar) daşınmaz əmlakı 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) qiymətinə satdı(lar). Alıcı(lar) isə həmin qiymətə aldı(lar). - Alıcı İddiaçı satıcı Cavabdeh satdığı tam hissəni (23 kv/m) ondan 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) qiymətinə aldı.

5. Tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: - Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya (satıcılara) nəğd ödəyir.

6. Tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: - Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğindən 10000 (on min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyir, 20.000 (iyirmi min) manatı isə 09 iyul 2015-ci il tarixinə ödəməyi öhdəsinə götürdü.

7. Müqavilənin predmeti olan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir.

8. Alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka aid sənədləri alıcıya verməyə borcludur.

9. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür.

10. Satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir.

11. “Alıcı”nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “Satıcı”nın üzərinə düşür.

12. “Satıcı(lar)” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə “Alıcı(lar)”-nın bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə müqavilədə qeyd olunduğu tarixdən: - Satıcı Cavabdeh 31.03.2015-ci il tarixinədək Alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürür.

13. Daşınmaz əmlakın “Alıcı”-ya təhvil verilməsinin akt tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü tərəflərə izah olundu.

14. Müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra: - Satıcı Cavabdeh 31.03.2015-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

15. “Alıcı”nın sahibliyinə və istifadəsinə verilənədək satılmış daşınmaz əmlakın təsadüfən məhv olması və təsadüfən zədələnməsi ilə bağlı məsuliyyət “Satıcı”nın üzərinə düşür. Həmin müqavilənin 6-cı bəndində ödənilməsi göstərilən tək 10.000 manat pulu deyil, həmin gün 10.000+10.000=20.000 manat ödəmişdir. Onun cavabdehə müqavilədən irəli gələn cəmi 10.000 manat borcu qalmışdır. Qalan pulu 09.07.2015-ci il tarixə ödəməli idi. Lakin 10.08.2015-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində törətdiyi əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə qalan 10.000 manat pulu ödəyə bilməmişdir. 10.08.2020-ci il tarixdə həbsdən azad olunmuşdur. Bundan sonra cavabdehə müraciət etdikdə hər dəfə yaxın vaxtlarda evi boşaldaraq ona verəcəyinə vəd vermişdir. Həmin müqavilənin 12-ci bəndinin tələblərindən irəli gələn öhdəliyi cavabdeh yerinə yetirməmişdir. Belə ki, satıcı Cavabdeh 31.03.2015-ci il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Bugün-sabaha salaraq mənzili ona təhvil verməyi yubadırdı. Müqavilənin bu bəndində göstərilən öhdəliyi cavabdeh yerinə yetirməmiş həmin tarixdən o, mənzildən istifadə edə bilməmişdir. Sonradan başına gələn yuxarıda qeyd etdiyi 10.08.2015-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində törətdiyi əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə və 10.08.2020-ci il tarixədək həbsdə cəza çəkdiyinə görə ondan evi boşaltmağı tələb edə bilməmişdir. Həbsdən azad olunduqdan sonra o, cavabdeh qalan 10.000 manat borcunu ona verməklə evi boşaldaraq ona təhvil verməyi xahiş etmişdir. Sonuncu dəfə cavabdeh ona bildirmişdir ki, “evi satmıram sənin evin alınması üçün ödədiyin pulun qaytarmağa pulum da yoxdur”. Onunla Cavabdeh arasında bağlanmış ona məxsus olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otaq yəni 23 kv.m. hissəsinin ona satılmasına dair Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09.07.2014-cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-İ No ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394,567,568,646 və 647-ci maddələrinin tələblərinə tam əməl edilməklə bağlanmışdır.Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında ona məxsus olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağının, yəni 23 kv.m. hissəsinin ona satılmasına dair Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09 iyul 2014-cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə 30000 manat puldan 20.000 manatını ödədiyini nəzərə alaraq qalan 10.000 manat pulu ödədiyi anda ona məxsus mənzilin boşaldaraq ona təhvil verilməsi, cavabdehlə onun arasında bağlanmış müqavilədən irəli gələn tələbləri yerinə yetirmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman dövlət rüsumu kimi ödədiyi 30 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı mənzilin yenidən qiymətləndirilməsi, həmin qiymətə uyğun qalıq borcunun müəyyən edilməsi və s. qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki,ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən (indiki 1 saylı Bakı Ərazi İdarəsi) 20.11 2007-ci il tarixdə ona verilmiş **********31-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ½ hissə, yəni 23 kv.metrlik sahəsi olan bir otaq, cavabdehlə onun arasında bağlanmış, 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti olub. Lakin həmin müqavilə şərtləri, eləcə də cavabdehlə aralarında olan sonrakı razılaşmalar ilk iddianın dəlillərini təkzib edir və bu dəlillər yuxarıda qeyd etdiyi kimi onlar tərəflər arasında yaranmış mübahisəli məsələnin həqiqi halları kimi qiymətləndirilə bilməz. İşin həqiqi halları, yəni cavabdehlə arasında olan qarşılıqlı münasibətlər isə belə cərəyan edib ki, qarşılıqı iddia üzrə cavabdeh İddiaçı 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsi şərtlərinə görə ona borclu qaldığı 10.000 manatı, müqavilədə göstərilən 09.07.2015-ci il tarixə qədər ona ödəməli idi və bu səbəbdən də məhz onun xahişi ilə aralarında razılaşma belə olmuşdur ki, İddiaçı pulu vəd olunan 09.07.2015-ci il tarixə kimi ona ödədikdən sona mənzil onun tərəfindən boşaldılaraq ona təhvil veriləcək. Hətta o, İddiaçı mənzilə görə ona olan 10.000 manat qalıq borcunu verə bilməyəcəksə, indidən bildirməsi və onlar mənzili sataraq, o, öz pulunu götürməsi, İddiaçı da öz pulunu götürməsi təklif etmişdir. Lakin cavabdeh israrla buna razı olmadığını bildirmiş və bunu onunla izah etmişdir ki, mənzillərin qiyməti qalxır, sonra o, bu qiymətə mənzil tapa bilməyəcək. Bu danışıqdan sonra 09.07.2015-ci il tarixli müqavilə üzrə qalıq 10.000 manatın ona ödəniləcəyi 09.07.2015-ci il tarixə yaxın günlərdə o, yenə də cavabdehdən bu barədə soruşmuş və ona bildirmişdir ki, o, da özünə ev almaq məqsədi ilə beh vermişdir, vəd olunan tarixdə onlar hesablanmış olsun və o, problem yaşamasın. İddiaçı isə yenə də israrla pulun ona yaxın günlərdə veriləcəyini bildirmişdir.Lakin həmin vəd olunan 09.07.2015-ci il tarixdə də cavabdeh evə görə ona ödəməli olduğu qalıqn pulu verə bilməmiş və həmin tarixdən qısa müddət sonra da o, cinayət hadisəsi törətdiyi üçün həbs olunmuşdur. Hadisə ilə əlaqədar gedən istintaq ərəfələrində İddiaçı qardaşına etibarnamə verdiyini və bu məsələlərlə onun məşğul olacağını ona desə də bütün bu ötən müddətdə heç kəs bu barədə ona müraciət etməmişdir. Nəticədə o, almaq istədiyi evi ala bilməmiş və verdiyi 1000 manat beh pulu batmışdir. Hazırda da evin dəyəri bu günkü bazara görə 50.000 manatdan yuxarıdır. Bu isə o deməkdir ki, cavabdehin iddiası işin bu həqiqi hallarına münasibətdə əsaslı sayıla bilməz və belə bir iddianın təmin olunması mümkün deyil. O, qarşılıqlı iddia tələbi olaraq hesab edir ki, cavabdehlə arasında olan mübahisəli məsələnin obyektiv həlli üçün cavabdehlə arasında bağlanmış 09.07.20144-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti təşkil edən **********31-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə adına olan ½ hissə, yəni 23 kv.metrlik sahəsi olan bir otaq qiymətləndirilməli və həmin qiymətə uyğun cavabdehin ona olan qalıq borcu müəyyən edilməlidir. Bundan sonra cavabdeh ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin ev ona verilə bilər. Əgər cavabdeh bununla razılaşmazsa o zaman mənzil məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılmalı, satılmalı və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan zərərlər çıxıldıqdan sonra, yerdə qalan hissəsi cavabdehə qaytarılmalıdır. Cavabdeh ona verdiyi 20000 manata görə təzminat tələb edə bilməz. Çünki baş verənlərin, yəni 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin vaxtında icra olunmamasının təqsirkarı məhz cavabdehin özüdür. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı ilə onun arasında bağlanmış 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən, **********31-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət üzrə adına olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin ½ hissəsini təşkil edən 1 otağı məhkəmə tərəfindən yenidən qiymətləndirilməsi və həmin qiymətə uyğun cavabdehin iddiaçıya olan qalıq borcu müəyyən edilməsi, bundan sonra cavabdeh ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin evin ona verilməsi, əgər cavabdeh bununla razılaşmazsa o zaman mənzilin məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılması, satışın və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan maddi zərər olaraq 1000 manat (beh verdiyi pul) çıxıldıqdan sonra, yerdə qalan hissəsi, yəni 19.000 manat pulun cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini,qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin izahatında göstərmişdir ki, müqaviləyə görə cavabdeh 2015-ci ilin mart ayında evi ona təhvil verməli olduğu halda evdən çıxmamış, pulun hamısının verilməsini tələb etmişdir. O, bildirmişdir ki, pulun verilməsinin son tarixi iyul ayının 9-dur. Həmin iilin yayında ehtiyatsızlıqdan cinayət törətdiyinə görə məhkum olunmuş, bu səbəbdən pulun yerdə qalan 10000 manat hissəsini ödəyə bilməmişdir. Azadlığa çıxdıqdan sonra cavabdehlə əlaqə saxlamış, müqavilə şərtinin icrasını tələb etmiş və yaxud təklif etmişdir ki, evi satıb ona verdiyi pulu geri qaytarsın. Bu şərtlər cavabdeh tərəfindən qəbul edilməmişdir. Qarşılıqlı iddiada evin qiymətini hazırda baha olması qeyd olunur. Lakin bununla bağlı sübut yoxdur. Həmin ərazidə evlərin qiyməti qalxmamışdır. Digər tərəfdən cavabdehin 1000 manat hansısa şirkətə beh şəklində pul verməsinin ona heç bir aidiyyəti yoxdur. Qarşılıqlı iddia tam əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddiasına da baxılmasını tələb etmiş və məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin (qarşılıqlı iddia tələbi üzrə iddiaçının) iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.11.2007-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli, 2 mərtəbəli binada 43 kv.m. ümumi sahəsindən ibarət 1 otaqlı 25 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 1 otaq (y/s 23 kv.m.) X2, 1 otaq X5 mülkiyyətindədir. İş üzrə Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 28.01.2008-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Koçgürbüz Ahmet ilə X3 arasında 28.01.2008-ci il tarixdə nikah bağlanılmış, nikahdan sonra ərə Koçgürbüz, arvada Koçgürbüz soyadı verilmişdir. İş üzrə Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş 09.07.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, ümumi sahəsi 43 kv.m., yaşayış sahəsi 23 kv.m. (1 otaq) olan 166 saylı evin 25 saylı mənzilini İddiaçı 30.000 manata satmışdır. Müqavilənin 6-cı bəndinə əsasən tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğdən 10.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyir, 20.000 manatı isə 09.07.2015-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh tərəfindən 2 saylı Notariat Kontoruna ünvanlanmış 09.07.2014-cü il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, o, İddiaçı ilə ona məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın y/s 23 kv.m. bir otağının 30.000 manata satılması barədə razılığa gəlmişlər. Həmin məbləğdən 10.000 manat nisyə müqaviləsinə əsasən depozit hesabı vasitəsilə ödənilmişdir, 20.000 manatı 09.07.2015-ci il tarixdə alqı-satqıda ödəməyi öz üzərinə götürmüşdür. İş üzrə AR DİN tərəfindən verilmiş 01.06.2021-ci il tarixli arayışından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 15.01.2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 263-1.3,264,66.3-cü maddələrinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 05.01.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, 4 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.10.2019-cu il tarixli qərarı ilə 3 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 10.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə verilmiş ilkin olaraq İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 166 saylı evin 25 saylı mənzilinə dair 09.07.2014-cü il tarixdə notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanılmışdır. Alğı-satqı müqaviləsinin 6-cı bəndinə əsasən alıcı əmlakın bu müqavilənin 4cü bəndində (30000 manat) nəzərdə tutulan məbləğindən 10000 manat notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəməyi, 20000 manat isə 09.07.2015-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən alğı-satqı müqaviləsinin 6-cı bəndi qismən, yəni müqavilə ilə razılaşdırılmış məbləğin yalnız bir hissəsi, yəni 20000 manatı cavabdehə (satıcıya) ödənilmiş, yerdə qalan məbləğ isə ödənilməmişdir. Həmin öhdəliyin tam yerinə yetirilməməsini isə iddiaçı həmin vaxt ehtiyatsızlıqdan cinayət törətməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqələndirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı 10.08.2015-cı il tarixdə AR CM-nın 263-1.3cü və 264-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra iddiaçı alğı-satqı müqaviləsi üzrə cavabdehə ödənilməmiş 10000 manat məbləğində pulun qəbul edilməsi və evi boşaldaraq ona təhvil verilməsini təklif etmişdir. Lakin cavabdeh bundan imtina etmiş və bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur(568.2). Qeyd edilən Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər(maddə 569.2). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alğı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcıya verməyə borcludur. Alıcı isə öz növbəsində müqavilə ilə müəyyən edilən pulu satıcıya öədməlidir. Əgər müqavilədə əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti pozulmuşdursa və alıcı aldığı əşyadan imtina etməmişdirsə, bu halda satıcı alıcının razılığı ilə müqaviləni icra edə bilər. AR Mülki Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdimüəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər(maddə 575.2). Həmin Məcəllənin 452.1-ci maddəsiən əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Qanunvericiliyin bu tələbindən isə göründüyü kimi satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı müqavilənin icrasından imtina edə bilər. Alıcı müqavilənin icrasından imtina etmirsə və satıcı əşyanı verməkdən imtina edirsə, bu halda alıcı həmin satılmış əşyanı satıcının əlindən alınmasını və ona verilməsini tələb edə bilər. Hazırki mübahisədən göründüyü kimi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 6cı bəndinə əsasən alıcı müqavilənin qiymətini (30000 manat) 09.07.2015-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı həmin vaxtadək öhdəliyini qismən, yəni müqavilə üzrə yalnız 20000 manatı cavabdehə ödəmiş, yerdə qalan 10000 manatı isə ödəməmişdir. Sonradan 2015-ci ilin avqust ayında iddiaçı ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş və yalnız 2020-ci ilin avqust ayında azadlığa buraxılmışdır. Həmin müddət ərzində cavabdeh öhdəliklərin icrası və ya müqavilənin icrasından imtina etməsi ilə bağlı iddiaçıya hər hansı etiraz irəli sürməmişdir. Hazırda isə cavabdeh satılmış əmlakın qiymətinin artmasını əsas tutaraq müqavilənin icrasından imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən satılmış əşyanın dəyəri tam ödənilməsə də, iddiaçı öhdəliyin icrasından imtina etməmişdir və cavabdeh tərəfindən bu müddət ərzində müqavilənin pozulması ilə bağlı iddiaçıya hər hansı etiraz irəli sürülmədiyi üçün, iddiaçı müqavilə üzrə öhdəliyi tam icra edilməsini təmin etməklə satılmış əşyanı cavabdehdən tələb edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı satılmış əşyaya hər hansı marağının itməsini də bildirmir və bu səbəbdən satıcının hazırda müqavilənin icrasından imtina etməsi qanuni hesab edilə bilməz. İddiaçının irəli sürdüyü tələbdən göründüyü kimi o, müqavilə üzrə ödənilməmiş qalmış 10000 manatı ödəməyə razıdır və məhkəmədən həmin məbləğin ondan tutulmaqla satılmış əşyanın ona verilməsini tələb edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hesab edir ki, iddiaçının bu tələbi tam qanunidir və bu səbəbdən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə E.Köçgürbüzün irəli sürdüyü tələblər üzrə qeyd edir ki, həmin tələblər təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia tələbində iddiaçı satılmış əşyanın yenidən qiymətləndirilməsini və həmin qiymətə uyğun cavabdehin ona borcunun müəyyən edilməsini, müəyyən edilmiş qiymət ona ödənildikdən sonra satılmış əşyanın İddiaçı verilməsi, əks halda (cavabdeh pulu verməkdən imtina edərsə) satılmış əşyanın açıq hərracdan satılmaqla əldə olunmuş vəsaitdən alıcının satıcıya verdiyi 20000 amnatdan 1000 manat ziyan kimi çıxılmaqla yerdə qalan 19000 manatın alıcıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının alğı-satqı müqaviləsi bağlandıqdan sonra alıcıya qarşı belə tələbləri irəli sürməyə hüququ müəyyən edilməmişdir. AR Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598.3). Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi satıcı müqavilənin icrasında o halda imtina edə bilər ki, alıcı əşyanı qəbul etməkdən və ya onu ödəməkdən imtina etsin. Əgər alıcı əşyanı vaxtında ödəməzsə, bu halda satıcı AR Mülki Məcələlnin 449-cu maddəsinə əsasən faizlərin ödənilməsini tələb edə bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə əşyanın qiymətini əmlakı təhvil verilən ana olan qiymətə görə ödənilməsi barədə razılaşma da olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının irəli sürdüyü tələbləri əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, pulun verilməsi ilə mənzilin təhvil verilməsi eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnaməni icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

Q Ə T E T D İ:

İlk iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 2 sylı notariat kontorunun Xüsusi X1 tərəfindən 4Ə-51 No-li reyestr üzrə təsdiq edilmiş 09.07.2014-cü il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi üzrə “Alıcı” İddiaçı “Satıcı” Cavabdeh xeyrinə 10000 (on min) manat tutulmaqla Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzili (evin 1/2 hissəsi) boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə İddiaçı Cavabdeh xeyrinə 10000 (on min) manatın tutulması və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzili (evin 1/2 hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi hissələrində eyni vaxtda icra edilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddiaçı Cavabdeh İddiaçı qarşı 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən, **********31-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət üzrə adına olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin ½ hissəsini təşkil edən 1 otağının məhkəmə tərəfindən yenidən qiymətləndirilməsi və həmin qiymətə uyğun cavabdehin iddiaçıya olan qalıq borcunun müəyyən edilməsi, bundan sonra cavabdeh tərəfindən ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin evin ona verilməsi, əgər cavabdeh bununla razılaşmazsa o zaman mənzilin məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılması, satışın və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan maddi zərər olaraq 1000 manat (beh verdiyi pul) çıxıldıqdan sonra, yerdə qalan hissəsi, yəni 19.000 manat pulun cavabdehə qaytarılması barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar