Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2219/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi R.T.Hüseynovanın iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın əsassız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon Enerji Təchizatı və Satış İdarəsinə qarşı aktın əsassız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mülkiyyətində olan və yaşadığı evin elektrik enerjisinə aid **********50011 nömrəli kodu olan sayğaca "xxxx" ASC-nin Səbail RETSİ tərəfindən əsassız olaraq xx.xx.2022-ci il tarixli, Rİ 257160 nömrəli akt yazmaqla üzərinə qanunsuz olaraq 625,11 manat cərimə borc hesablamışlar. xx.xx.2022-ci il tarixli, Rİ 257160 nömrəli aktın yazılmasından ümumiyyətlə xəbərsiz olmuşdur. Elektrik enerjisinə görə 634,31 manat borcunun olması barədə ona qəbz təqdim edildikdən sonra məsələni araşdırılmasını və hansı səbəbdən bu qədər məbləğdə pul hesablanmasının səbəblərini öyrənmək üçün rəsmi qaydada "xxxx" ASC-yə poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. "xxxx" ASC-nin Müştəri xidmətlə idarəsinin xx.xx.2022-ci il tarixli, 0199/A-554/2/7190 nömrəli cavab məktubunu aldıqdan sonra ona məlum olmuşdur ki, Səbail RETSİ tərəfindən ona xx.xx.2022-ci il tarixli, Rİ 257160 nömrəli akt yazılmışdır. Orada yalan olaraq qeyd olunmuşdur ki, guya onun tərəfindən elektrik enerjisinə qanunsuz müdaxilə olunduğuna görə akt tərtib edilmişdir. O, gözəl xatırlayır ki, cavabdehlər yoxlama məqsədilə onun evinə gəlmişlər və o, onları elektrik xətlərin yoxlamaq üçün evinə buraxmışdır. Lakin həmin zaman da hər onun tərəfindən elektrik enerjisinə müdaxilə etməsi barədə hal və ya fakt aşkarlanmamışdır. Əməkdaşın biri şəxsi telefonu ilə ətləri çəkmişdir. Əgər o, qanunsuz olaraq elektrik enerjisinə müdaxilə etmişdirsə, o, yoxlamanı dəli deyildir ki, evinə sərbəst yoxlamağa buraxsın. Əgər hər hansı bir qanun pozuntusu aşkarlanmışdırsa, nədən cavabdeh gizli, ondan xəbərsiz qanuna zidd, şahidsiz akt tərtib etməsi heç də aydın deyildir. O, bu günə kimi həmin mübahisəli aktdan xəbərsiz olmuşdur və həmin aktı ona bu günə kimi hələ də nədənsə cavabdeh təqdim etməmişdir. Məlumdur ki,akt tərtib edilməsində qanunvericiliyinə əsasən ən azı 2 hal şahidi olmalıdır və ona təqdim edilməli idi. Təəssüflər olsun ki, xx.xx.2022-ci il tarixli Rİ 257160 nömrəli akt tərtib edilərkən qanunla müəyyən olunmuş tələblərə əməl olunmamaqla qanunazidd şəkildə tərtib edilmişdir. Ümumiyyətlə o, yaşadığı həmin evdə qanunsuz heç vaxt elektrik enerdisini istifadə etməmişdir və hər hansı qanunsuz müdaxilələrə yol verməmişdir. Qanuna zidd şəkildə ondan xəbərsiz və hal şahidi olmadan tərtib olunmuş mübahisəli aktı on bu günə kimi təqdim etməməklə cavabdeh eyni zamanda onun həmin aktdan şikayət vermək hüquqlarını məhdudlaşdırmağa çalışmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən qanuni zidd şəkildə tərtib edilmiş xx.xx.2022-ci il tarixli Rİ 257160 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 625,11 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh Səbail rayon Energi Təchizatı və Satış İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, dəfələrlə cavabdehə müraciət etmişdir ki, elektrik xəttində olan qüsuru və axıntını aşkar edib aradan qaldırsınlar, lakin onlar bunu etməmişlər. X2 bağlansa da, o, hazırda vəfat etmişdir və evin mülkiyyətçisi özüdür. Evinə daxil olan cavabdehin əməkdaşları “rozetkaya” amper yoxlayan “otvyorkanı” daxil edib, oradan elektrik keçməsini müəyyən etmişdir. Halbuki, kənar xətt yoxdur, faza üst-üstə düşdüyü üçün bu hal baş verir. Nöqsan isə cavbadeh tərəfinjən aradan qaldırılmır. Akt idarədə tərtib edilmiş, onun imzası alınmamışdır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan evə əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacdan kənar xətti mövcud olması səbəbindən müvafiq akt tərtib edilmiş, yoxlama zamanı həmin xətdən elektrik enerjisinin axması ampermaşa vasitəsi ilə ölçülmüşdür. Həmin akt əsasında “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17.2-ci maddəsinin tələblərinə uyğun 180 gün müddətinə əlavə sərfiyyatla bağlı hesabat aparılmış, 5455 kvt.əlavə sərfiyyat hesablanmış və iddiaçının abunə hesabına 625,24 manat borc yazılmışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə R№ 257160 №-li xx.xx.2022-ci il tarixli akta əsasən abonent Niyazi Yusifova məxsus Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi, 75 saylı (abonent kodu **********50011) ünvan üzrə yerləşən mənzilinə aid elektrik sayğaca baxış keçirilərkən sayğacdan kənar xətt aşkar olunduğunu göstərilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı hal şahidləri və abonent iştirak etməmişdir. İş üzrə"xxxx" ASC-nin Akt komissiyası tərəfindən R№ 257160 №-li xx.xx.2022-ci il tarixli akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarına əsasən kənar xətt işlədici qüsuru ilə 8,2 Amper yük axınının mövcud olması səbəbi ilə 180 gün üçün aparılmış hesabata əsasən əlavə sərfiyyat kimi 625,24 manat (8,2 A x 0,22 x 24s x 180 g x 0,7 = 5455 kvt.) pul hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışdan görünür ki, abonentə xx.xx.2022-ci il tarixli R№ 257160 saylı akt əsasında xx.xx.2022-ci il tarixdə abunə hesabına cəmi 625,24 manat əlavə ödəniş hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, **********50011 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Səbail RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus sayğac sxemindən kənar xətdən istifadə olunması aktı aşkarlanaraq, Rİ 257160 nömrəli akt tərtib edilmiş, 5454 kvt.s. (624,11 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktın hesabatı ölçülən yükə (8,2A) əsasən “Elektrik enerjisindən İstifadə Qaydaları”na uyğun, tarif fərqi nəzərə alınmaqla aparılmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, **********50011 saylı abonent Niyazi Yusifovun ödəməli olduğu məbləğ 634,31 manat təşkil edir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, **********50011 saylı abonent Niyazi Yusifovun ödəməli olduğu məbləğ 735,15 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, elektrik enerjisinin verilişi ilə bağlı müqavilə evin əvvəlki mülkiyyətçisi X3 ilə bağlansa da, o, vəfat etdiyindən və həmin evin hazırki mülkiyyətçisi İddiaçı olduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə aid olan hesablaşma elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən 10 avqust 2022-ci il tarixdə baxış keçirilmiş və həmin baxışın nəticəsi olaraq 257160 No-li akt tərtib etmişlər. Həmin aktda qeyd olunmuşdur ki, baxış zamanı abonentin mənzilinə aid olan sayğacdan kənar xətt aşkar edilmişdir. Həmin akt əsasında "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və iddiaçının abonent hesabına əlavə olaraq 625,24 manat borc yazılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinə növbəti baxış keçirilərkən abonentə sayğacdan kənar xəttin çəkilməsi aşkar olunmuş, lakin həmin hal rəsmiləşdirilib akt tərtib edilərkən iddiaçının və iki hal şahidlərinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya aid evə elektrik enerjisinin verilməsi ilə bağlı baxış keçirərkən ən azı iki hal şahidinin və abonent iştirakını təmin etməli idilər. Məhkəmə qeyd edir ki, evə sayğacdan kənar elektrik xəttinin çəkilməsi aşkar çıxarılsa da, akt tərtib edilərkən iki hal şahidinin iştirakı təmin olunmadığı üçün, yuxarıda göstərilən qaydaların tələbləri pozulmuşdur. Lakin tərtib edilmiş akt Qaydaların tələblərinə zidd tərtib edildiyi üçün hər hansı hüquq və vəzifə yaratmadığından, yəni əqd olmadığı üçün həmin aktın etibarsız hesab edilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, 10 avqust 2022-ci il tarixli R257160 nömrəli aktın etibarsız hesab edilməsi ilə bağlı tələb təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı tərəfindən evinə sayğacdan kənar xəttin çəkilməsi faktı təsdiq olunmasa da və iddiaçı həmin xətdən istifadə etməsini bildirməsə də, tərtib edilən aktdan sayğacdan kənar xətdən axan yük amper vasitəsi ilə ölçülərkən həmin yükün 8,2 Amper olması, yəni elektrik sayğacından kənar xəttin mövcud olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunsuz olaraq sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən əlavə sərfiyyat hesablanarkən əsas tutulan dövr düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin qaydaların 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay elektrik enerjisinin sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməli, eyni zamanda elektrik xəttinə sayğacdan kənar müdaxilənin olması ilə bağlı da yoxlama həyata keçirilməlidir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları mübahisəli ünvanda yoxlama həyata keçirərkən iddiaçının evinə sayğacdan kənar xəttin mövcud olmasını aşkara çıxarmış, bu barədə müvafiq akt tərtib edilmiş və əlavə sərfiyyət kimi iddiaçının abunə hesabına 625,24 manat borc yazılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, həmin borc hesablanarkən hesablama müddəti 180 gün üçün aparılmışdır. Məhkəmə yuxarıda qeyd edilən normativ hüququ aktların tələblərini nəzərə alaraq hesab edir ki, kənar xətt işlədicisinin mövcudluğu ilə bağlı aşkara çıxarılmış qüsur səbəbindən aparılmış hesabatın 180 gün üçün götürülməsi əsassız olmuş və həmin hesabat 30 gün müddəti üçün aparılmalı idi. Belə olan halda hesabat aşağıdakı kimi olmalıdır: 8,2 A x 0,22 x 24 s x 30 g x 0,7 = 909,216 kvt.; 909,216 kvt x 0,13 man = 118,20 manat. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab edilməli, iddiaçının abunə hesabına artıq yazılmış 507,04 (625,24-118,20) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi isə qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi iddianın təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan mənzilə (abunə kodu **********50011) dair əlavə sərfiyyat kimi hesablanmış 507,04 (beş yüz yeddi manat, dörd qəpik) manat məbləğində borc **********50011 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2219/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2219/2022
24.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver