Məhkəmə qərarları › İş №2(009)-2230/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2230/2020

12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2230/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh X1 və Səbail rayon Sukanal İdarəsinə qarşı istehlakçı hüquqlarının pozulması ilə əlaqədar tərtib edilmiş aktın ləğv edilməsi və həmin akt əsasında yazılmış cərimənin abonent hesabından silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X1 və Səbail rayon Sukanal İdarəsinə qarşı istehlakçı hüquqlarının pozulması ilə əlaqədar tərtib edilmiş aktın ləğv edilməsi və həmin akt əsasında yazılmış cərimənin abonent hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ASC su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələblərinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar öhdəlik götürmüşdür. Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktına əsasən guya ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ünvana keçirilən baxış zamanı sayğacdan uzun müddət istifadə olunmadığı aşkarlanmışdır. Lakin obyektə məxsu su çənləri su ilə doludur. D=20 mm-lik su xəttindən sayğacdan keçmədən qeyriqanuni sudan istifadə olunduğu aşkarlanmışdır. Bu səbəbdən həmin obyektə d=20-lik boruya hesablanmış cərimə olunması məqsədə uyğun hesab edilmişdir. Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsinin əməkdaşlarının tərtib etdiyi həmin akt əsasında onun hesabına 4200 manat cərimə yazılmış və hazırda hesabına yüklənən hər məbləğdən müəyyən məbləğ cərimənin hesabına silinir. Hesab edir ki, cavabdeh təşkilatın tərtib etdiyi akt qanunsuz olduğu üçün ləğv edilməli və həmin aktın hüquq nəticələri etibarsız hesab edilməlidir. Belə ki, onunla Cavabdeh ASC arasında bağlanılmış müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə istehlakçının su təchizatı texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15mm olan boru vasitəsi ilə həyata keçirir. Göründüyü kimi, onun istehlak etdiyi su müqaviləyə əsasən diametri 15 mm olan su borusu vasitəsi ilə həyata keçirilir. Lakin tərtib edilmiş akt həmin su xəttinin diametri 20 mm kimi qeyd edilmişdir. Digər tərəfdən akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş və aşkar edilmiş pozuntunun həqiqətən də uzun müddət davam etməsi hər hansı sübutla təsdiq olunmur. Cavabdeh təşkilatın əməkdaşları aktda qeyd etmişlər ki, guya ki, uzun müddətdir ki, sayğacdan kənar su xəttindən istifadə olunması barədə fakt aşkar etmişlər. Lakin bu müddətin konkret olaraq nə qədər təşkil etməsini aktda göstərməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi aşkar edilmiş pozuntu ilə bağlı akt tərtib etmək hüququ var. Aşkar edilmiş pozuntuya uyğun olaraq da su təchizatı və kanalizasiya müəssisəsi qaydalara 4 No-li əlavəyə əsasən sərf edilmiş suyun həcminə uyğun olaraq dəymiş ziyan üzrə hesablaşma aparır və həmin ziyanı ödənilməsini istehlakçıdan tələb edir. Lakin su təchizatı və kanalizasiya müəssisəsi həmin həmin qaydalara zidd olaraq tərtib edilmiş aktda sayğacdan kənar xəttdən hansı müddət ərzində istifadənin həyata keçirilməsini göstərməmişdir. Həmin müddət aktda göstərilmədiyi üçün cavabdeh təşkilat heç bir əsas olmadan və yuxarıda göstərilən qaydalara zidd onun hesabına cərimə yazılmış və nəticədə onun üçün əlavə öhdəlik yaratmışdır. Cavabdeh kommersiya təşkilatdır və onunla cavabdeh arasında müqavilə əsasında mülki hüquqi münasibətlər yaranmışdır. Cavabdeh də onun kimi müqavilə tərəfi hesab edilir və mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə üzrə tərəflər bərabərdilər. Yəni müqavilə üzrə hər hansı tərəfin digər tərəfə münasibətdə heç bir üstünlük hüququ yoxdur. Tərəflər müqavilə üzrə hüquqlarını həyata keçirir və üzərlərinə götürdükləri öhdəlikləri icra edir. Belə olan halda müqavilənin bir tərəfi öz öhdəliklərini yerinə yetirmədikdə digər müqavilə tərəfinin ona cərimə tətbiq etməsi müqavilənin prinsiplərinə ziddi və yolverilməzdir. Cərimə tətbiq etmək dövlət inhisarından və belə bir sanksiya tətbiq etmək səlahiyyəti yalnız dövlətə (müvafiq icra hakimiyyəti orqanlarına) məxsusdur. Cavabdeh ASC isə dövlətin yaratdığı kommersiya təşkilatıdır və dövlət orqanı hesab edilmir. Bu səbəbdən həmin təşkilatın müqavilə tərəfinə hər hansı cərimə sanksiyası tətbiq etmək səlahiyyəti yoxdur. Ona görə hesab edir ki, cavabdeh təşkilatın onun barəsində tətbiq etdiyi cərimə sanksiya etibarsız hesab edilməlidir. Cavabdeh ASC-nin kommersiya təşkilatı kimi müqavilə tərəfi olan istehlakçıya (abonentə) cərimə tətbiq etmək səlahiyyəti olmadığı üçün, belə bir öhdəliyin yaranmasına səbəb olan hər hansı qərar və yaxud hərəkət qanunsuzdur və etibarsızdır. Cavabdeh yalnız müqavilə tərəfinin öz öhdəliklərini pozduğuna görə yaranmış ziyanın ödənilməsini tələb edə bilər. Lakin cavabdeh buna səlahiyyəti olmadığı halda müqavilə münasibətlərində olan tərəfə qarşı ziyanın ödənilməsi ilə məhkəmə iddia qaldırmaq əvəzinə, onun hesabına cərimə yazmış və bununla da mənə məcburi olaraq həmin cərimənin ödənilməsi ilə bağlı öhdəlik yaratmışdır. Beləliklə, onun abonent hesabına xx.xx.2020-ci il tarixli akt əsasında yazılmış əlavə hesabat qanunun tələblərini pozulmaqla qəbul edildiyi üçün əhəmiyyətsiz əqd hesab edilir və bu səbəbdən həmin əqd özü-özlüyündə etibarsızdır. Yəni məhkəmə tərəfindən həmin əqdin əlavə torpaq etibarsız hesab edilməsinə lüzum yoxdur. Həmiq əqd qanunundan irəli gələn tələblərə görə özü-özlüyündə etibarsızdır. Lakin həmin etibarsız əqdin hüquqi nəticəsi onun hesabına əlavə olaraq əlavə borcun yazılması olmuşdur. Belə olan halda abonent hesabına akt əsasında borcun yazılması ilə bağlı qəbul edilmiş qərar (birtərəfli əqd) özü-özlüyündə etibarsız olduğu üçün həmin qərar əsasında yazılmış borc onun abonent hesabından silinməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASCnin Səbail rayon Sukanal İdarəsinin tərtib etdiyi xx.xx.2020-ci il tarixli 007502 saylı aktın ləğv edilməsi, həmin akt əsasında abonent hesabına borcun yazılması barədə qərarın etibarsız hesab edilərək abonent hesabına (adonent kodu 062134) yazılmış 4200 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh ASC-nin və Səbail rayon Sukanal İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə İddiaçı Taptıq oğlu ilə Cavabdeh ASC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşbul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2974-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə istehlakçının su təchizatı texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=15 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirir. İş üzrə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007502 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən istehlakçı İddiaçı yaşadığı ünvana baxış keçirilən zaman sayğacdan uzun müddət istifadə olunmadığı aşkarlanmışdır. Lakin obyektə məxsus su çənləri su ilə doludur. D=20 mm-lik su xəttindən sayğacdan keçmədən qeyri-qanuni sudan istifadə olunduğu aşkarlanmışdır. Həmin obyektə d=20 mm-lik boruya hesablanmış cərimə olunması məqsədəuyğun göstərimlişdir. Abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş üzrə Cavabdeh ASC-nin Səbail rayon X3 tərəfindən verilmiş hesab fakturaya əsasən fiziki şəxs İddiaçı abunə hesabına 4.104 manat borc yazılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Səbail rayon Sukanal İdarəsi arasında xx.xx.2008-ci il tarixdə su təchizatı sistemindən lazımi miqdarda, tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələblərinə uyğun, məişət – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı barəsində 007502 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən Səbail rayon Sukanal İdarəsinin əməkdaşalrı tərəfindən ünvana baxış keçirilən zaman sayğacdan uzun müddət istifadə olunmadığı aşkar edilmişdir. Lakin su çənləri su ilə dolu olması müəyyən edilmişdir. Diametri 20 mm olan su xəttindən sayğacdan keçmədən qeyri-qanuni sudan istfiadə olunduğu aşkar edilmiş və həmin obyektdə (istehlakçıya) d=20 mm-lik boruya hesablanmış cərimə olunması məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Səbail rayon Sukanal İdarəsinin əməkdaşlarının tərtib etdikləri xx.xx.2020-ci il tarixli 007502 saylı akt əsasında iddiaçıya cərimə hesablanmış və abonent hesabına yazılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh təşkilat tərəfindən akt tərtib olunarkən onun iştirakı təmin olunmamış, müqaviləyə əsasən ona verilən su diametri 15mm olan su borusu vasitəsi ilə həyata keçirilir(akt tərtib edilərkən su xəttinin diametri 20 mm kimi qeyd edilmişdir) və aktda sudan uzun müddət sayğacından kənar istifadə edilməsi göstərilsə də, həmin müddət konkret göstərilməmişdir. Eyni zamanda cavabdeh mülki müqavilə tərəfi olduğu üçün onun müqavilənin digər tərəfinə cərimə yazmaq və hesablamaq səlahiyyəti olmamışdır və cavabdeh yalnız vurulmuş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb edə bilərdi. Bu səbəbdən iddiaçı tərtib edilmiş aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının aktın ləğv edilməsi ilə bağlı irəli sürdüyü dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Məhkəmə qeyd edir ki, aşkar edilmiş pozuntular barədə akt tərtib etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həmin akt tərtib edilərkən abonent iştirak etməmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə bu aktın surətini tərtib edilməsi onu göstərir ki, abonentə həmin akt təqdim olunmuşdur. Digər tərəfdən həmin akt tərtib edilərkən onun yuxarıda göstərilən Qaydalara zidd və pozulması ilə tərtib edilməsi müəyyən edilmədiyindən və iddiaçı bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin aktın ləğv edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə aktda su borusunun diametrinin düzgün göstərilməməsi ilə bağlı qeyd edir ki, həmin hal aktın ləğv edilməsi və onun qanunsuz sayılması üçün əsas ola bilməz. Belə ki, su borusunun diametri dəymiş ziyanın hesablanması və müəyyən edilməsi üçün istifadə edilir və aktda su borusunun diametrinin səhv göstərilməsi həmin aktın ləğvi və qanunsuz hesab edilməsi üçün əsas deyil. Bu hal ziyan hesablanarkən nəzərə alınmalıdır. Məhkəmə aşkar edilmiş pozuntu ilə bağlı su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən iddiaçının abonent hesabına yazılmış cərimə (əlavə hesabat) ilə bağlı qeyd edir ki, həmin cərimə qanunsuz yazılmışdır. Belə ki, yuxarıda göstərilən qaydalardan (3.1.1) da göründüyü kimi su təchizatı və kanalizasiya müəssisəsi qanunsuz (özbaşına) qoşulma halları aşkar etdikdə dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ var. AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Qaydaların bu tələbindən görünür ki, su təchizatı və kanalizasiya müəssisəsi qanunsuz (özbaşına) qoşulma halları aşkar etdikdə vurulmuş ziyanın hesablanması Qaydaların 6.15-ci bəndinə uyğun olaraq aparılır. Lakin qeyd olunmalıdır ki, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən qanunsuz qoşulma halların aşkar edilməsi ilə bağlı abonentə hər hansı cərimə tətbiq edilməsi Qaydalarda nəzərdə tutulmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, abonent və su təchizatı və kanalizasiya müəssisəsi arasında olan münasibətlər mülki xarakter daşıyır və bu münasibətlər bağlanmış mülki müqavilə əsasında yaranır. Belə olan halda su təchizatı və kanalizasiya müəssisəsinin müqavilə tərəfi kimi müqavilənin digər tərəfinə hər hansı cərimə tətbiq etmək hüququ yoxdur. AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən мülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, su təchizatı və kanalizasiya müəssisəsi alqı-satqı müqaviləsinə əsasən suyun alqı-satqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən sudan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş suyun bərpası üçün abonentin hesabına əlavə borc yazılmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. Belə səlahiyyət (cərimə tətbiq edilməsi) yuxarıda göstərilən qanuna əsasən yalnız müvafiq icra hakimiyyətinə verilmişdir. Su təchizatı və kanalizasiya müəssisəsi yalnız bununla bağlı dəymiş ziyanın ödənilməsini müqavilənin digər tərəfindən tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, su təchizatı və kanalizasiya müəssisəsinin aşkar edilmiş pozuntu ilə bağlı abonentə cərimə və yaxud abonent hesabına əlavə hesabat yazmaq səlahiyyətində olmadığından, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli 007502 saylı akt əsasında abonentə yazılmış cərimə qanunsuz əqd kimi etibarsız hesab edilməlidir. Belə ki, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən iddiaçının abonent hesabına əlavə cərimənin yazılması, həmin cərimənin ödənilməsi ilə bağlı iddiaçıya əlavə öhdəlik yaratmışdır. Əlavə öhdəlik isə birtərəfli qaydada su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən qəbul edilmiş qərar əsasında yarandığı üçün, həmin qərar birtərəfli əqd hesab olunur. AR Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər(324.2). Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Qeyd edilən Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, su təchizatı və kanalizasiya müəssisəsi tərəfidən iddiaçı barəsində birtərəfli qaydada tətbiq edilmiş cərimə (və ya abonent hesabına yazılmış əlavə borc) mülki qanunvericiliyin tələblərini pozulmaqla qəbul edildiyindən (bağlanıldığından), həmin əqd bağlandığı andan etibarsız hesab edilməlidir. Bu səbəbdən iddia tələbi həmin əqdin etibarsız hesab edilməli və həmin əqd (qərar) əsasında iddiaçının abonent hesabına yazılmış əlavə borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ona qərar əsasında yazılmış əlavə borcun 4200 manat olmasını iddia etsə də, bununla bağlı konkret sübutlar təqdim etməmişdir. Məhkəməyə təqdim edilən Cavabdeh ASC-nin Səbail rayon X2 hesab fakturasına əsasən isə abunə hesabına yazılan borc məbləği 4104 manat kimi qeyd edilmişdir. Cavabdeh ASC-nin rəsmi internet saytından əldə olunan məlumatdan isə görünür ki, iddiaçının abonent hesabında 3858,1 manat borc mövcuddur. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş cərimə əsasında yazılmış borcun iddia tələbində göstərilən həddə olması müəyyən olunmadığından, iddiaçının abonent hesabından 4200 manat borcun silinməsi ilə bağlı tələb qismən əsaslı hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin İddiaçı barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli 007502 saylı akt əsasında qəbul edilmiş qərar qanunsuz olduğu üçün etibarsız hesab edilsin və həmin qərar əsasında iddiaçının abonent hesabına (Abonent kodu 062134) yazılmış cərimə (əlavə borc) – 4104 (dörd min yüz dörd) manat ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar