Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2242/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümyaəndəsi və vəkili A.Ə.Kərimovun, Cavabdehin nümayəndəsi Q.M.Qarayevin iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya tutma yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya tutma yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki,onunla cavabdeh arasında bağlanmış 19.07.2019-cu il tarixli, 19002-**********1/KL saylı krediti müqaviləsinə əsasən ona 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit limiti açılaraq həmin limit üzərindən 19.07.2019-cu il tarixli razılaşmaya əsasən illik 20% olmaqla 40.000 manat məbləğində, 10.10.2019-cu il tarixli razılaşmaya əsasən isə 10.000 manat kredit verilmişdir. Verilmiş kredit limiti üzrə yaranacaq öhdəliklərin qarşılanması məqsədilə onunla cavabdeh arasında 19.07.2019-cu il tarixli 19***-*******21/1 saylı ipoteka müqaviləsi bağlanaraq ona məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 55,2 kv.m. olan 7 saylı mənzil bankın xeyrinə yüklü edilmişdir. Hər iki kredit razılaşması üzrə onun tərəfindən banka anuitet cədvələ uyğun olaraq əsas və faiz borclar vaxtında ödənilmişdir. Lakin dünyanı bürüyən məlum COVİD-19 yeni növ koronovirus səbəbindən respublikada həyata keçirilən sərt karantin qaydaları çərçivəsində iqtisadiyyatın mühüm sahələrinə, o cümlədən sahibkarlığa da külli miqdarda mühüm ziyan vurulmuşdur ki, bir sahibkar olaraq bu ziyan ondan və qurduğu biznesdən yan keçməmişdir. Nəticədə 100.000 manatlarla ölçülən maddi ziyan fonunda bank qarşısında öhdəliklərini qismən icra edə bilməməsi səbəbindən cavabdehə rəsmi müraciət etməklə ona yuxarıda qeyd etdiyi xüsusatları anlayışla qarşılamağı, öhdəliklərinin icra edilməsi üçün müəyyən zaman kəsiyi ayırmağı, əslində kredit limiti olaraq onun 120 ay müddətinin və 1.000.000 manat limitinin olduğunu diqqətinə çatdıraraq hissəvi ödənişlərini dayandırmaqdan öhdəliklərini icra edirdi. Etiraf edir ki, cavabdehin özü də bu hadisələrin fonunda onunla elə də sərt davranmadan, səbrlə, qismən də olsa ödənişləri qəbul edir, yuxarıda qeyd etdiyi kimi mövcud qrafikə düşməsi üçün köməklik göstərəcəyini vəd edirdi. Bütün bunlara rəğmən onunla “centlemen sayağı danışıq” əsnasında sonradan mübahisə predmeti olan bildirişi göndərməklə cavabdeh əslində onunla qeyri-səmimi rəftarını ortaya qoymuş olmuşdur. Hesab edir ki, qanunun ona imkan yaratdığı hüquqdan istifadə etməklə qeyd edilən bildirişi 21 gün müddətində mübahisələndirməklə, əmlakının müvafiq icra qeydi deyil, məhkəmələr tərəfindən mübahisələndirilməsində tam haqlıdır. Onun tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə cavabdehin “tutmanın ipotekaya yönəldilməsinə dair” bildirişin qeydə alınmaması üçün ərizə ilə müraciət olunmuşdur. Beləliklə, hesab edir ki, cavabdehin tutmanın ipotekaya yönəldilməsi haqqında 22.07.2021-ci il tarixli bildirişi hesab edilməklə işi məhkəmə mübahisəsi müstəvisində baxılmalı, ondan cavabdehə ödənilməli olan borc məbləği dəqiq göstərilməklə, əmlakın real bazar dəyəri müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC-nin ona ünvanladığı 22.07.2021-ci il tarixli “ipoteka predmetinə tutma yönəldilməsi haqqında” Bildirişin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə əsas və faiz borcu müqavilə şərtinə uyğun hesablanmışdır, iddiaçı tərəfindən aylıq ödənişlərdə gecikmələr olmaqla qrafikdə nəzərdə tutulandan az məbləğdə həyata keçirilmiş, son ödəniş 2021-ci ilin aprel ayında olmuş, həmin müddətdən 105 gün keçdikdən sonra qanunun tələblərinə tam uyğun olaraq mübahisələndirilən bildirişlər tərtib edilib göndərilmişdir. İpoteka predmetinin qiyməti barədə mübahisənin olması isə həmin bildirişin verilməməsinə səbəb ola bilməz. Bu ya tərəflər arasında məhkəmə araşdırması zamanı, və ya hərrac zamanı mübahisələndirilə bilər. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə «Kredit verən» qismində Cavabdeh ASC ilə digər tərəfdən «Borcalan» qismində İddiaçı arasında bağlanmış 19.07.2019-cu il tarixli 19002-0028/741281/KL No-li kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit limiti ayırmışdır. İş üzrə “İpoteka saxlayan” qismində Cavabdeh ASC ilə “İpoteka qoyan” qismində İddiaçı arasında bağlanılmış 19.07.2019-cu il tarixli 19002-0028/741281/İ No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla İddiaçı arasında bağlanmış 19.07.2019-cu il tarixli 19002-0028/741281/KL saylı kredit limiti müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 77 saylı evin 7 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə Cavabdeh ASC tərəfindən borclu İddiaçı ünvanlanmış icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişindən görünür ki, borclu İddiaçı barəsində 19.07.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı, borcun (1.000.000 və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 55,2 kv.m. olan 7 nömrəli mənzil) mübahisəsiz olduğunu təsdiq edən sənədlər – kredit limit müqaviləsi, ipoteka müqaviləsi və razılaşma mövcuddur. 19.07.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı kredit limit müqaviləsinə 19.07.2019-cu il tarixli razılaşma imzalanaraq İddiaçı 17.07.2020-ci ilədək, illik 20% ödəmək şərti ilə 40.000 manat məbləğində, 10.10.2019-cu il tarixli razılaşmaya əsasən isə İddiaçı 09.10.2020-ci ilədək illik 20% haqqı ödəmək şərti ilə 10.000 manat məbləğlərində kredit verilmişdir. 19.07.2019-cu il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi /lazımınca icra edilməməsi/ icranın gecikdirilməsi nəticəsində 22.07.2021-ci il tarixə, 19.07.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı sənəddən irəli gələrək 29179,81 manat məbləğində əsas borc ödənilməli və ya tələb edilən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 55,2 kv.m. olan 7 nömrəli mənzil alınıb verilməli/sənəddə nəzərdə tutulduğu halda 1800,74 manat məbləğində çatası faiz borc olmaqla, cəmi 30980,55 manat borc və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak (peşman haqqı) İddiaçı tərəfindən verilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Tələb haqqında məhkəməyə müraciət notarius tərəfindən icra qeydinin aparılmasını dayandırmır. İş üzrə Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 22.07.2021-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişindən görünür ki, Cavabdeh ASC ilə başladığı 19.07.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı kredit limit müqaviləsinə əsasən İddiaçı 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit limiti ayrılmışdır. 19.07.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı kredit limit müqaviləsinə 19.07.2019cu il tarixli razılaşma imzalanaraq İddiaçı 17.07.2020-ci ilədək, illik 20% ödəmək şərti ilə 40.000 manat məbləğində, 10.10.2019-cu il tarixli razılaşmaya əsasən isə İddiaçı 09.10.2020-ci ilədək, illik 20% haqq ödəmək şərti ilə 10.000 manat məbləğlərində kredit verilmişdir. Kredit limit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçıla bağlanılmış 19.07.2019-cu il tarixli, 19002-0028/741281/İ saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 55,2 kv.m. olan 7 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ 22.07.2019-cu ildə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır (reyestr No **********43-05101-093007, qeydiyyat No 1********). Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə dövri olaraq Banka ödəməli olduğu kredit və faiz borclarının həmin cədvələ uyğun ödənilməsini təmin etməmiş və müəyyən olunmuş ödəmə müddətlərini pozmuşdur. İddiaçı banka olan borcunun məbləği:
1. 19.07.2019-cu il tarixli razılaşmaya əsasən 21086,74 manat əsas borc, 1282,56 manat faiz borcu olmaqla, cəmi 22369,30 manat;
2. 10.10.2019-cu il tarixli razılaşmaya əsasən 8093,07 manat əsas borc, 518,18 manat faiz borcu olmaqla, cəmi 8611,25 manat təşkil edir. Qeyd olunanlara və “İpoteka haqqında” AR Qanununun 34 və 36-cı maddələrinə əsasən bank qarşısında ipoteka ilə təmin olunan icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlandığını nəzərinə çatdırırlar. İş üzrə hesabdan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən kredit təşkilatına son ödəniş 12.04.2021-ci il tarixdə edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 19.07.2019cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit limiti açılmış və həmin limit üzərindən 19.07.2019-cu il tarixli razılaşmaya əsasən illik 20% dərəcəsi ilə 40.000 manat məbləğində, 10.10.2019-cu il tarixli razılaşmaya əsasən isə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 19.07.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 77 saylı evin 7 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da onun banka ödənilməmiş borcu yaranmışdır və bank iddiaçının mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi proseduru başlamışdır. İrəli sürülmüş tələbə əsasən iddiaçı ipotekaya tutma yönəldilməsinə dair 22.07.2021-ci il tarixli bildirişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «İpoteka haqqında» AR Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər 90 gündən artıq gecikdirilmişdir. «İpoteka haqqında» AR Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.2-ci maddəsiən əsasən iİpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Göstərilən Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Qeyd edilən Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurana başalmaq üçün əsas kimi borclu tərəfindən öhdəliyin 90 gündən artıq gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsidir. Bu prosedura başalmaq üçün əsas yarandıqdan sonra ipoteka saxlayan həmin prosedura həyata keçirmək üçün qanunda nəzərdə tututmuş hərəkətlər etməlidir, yəni müvafiq bildirişi qeydə aldırmalı və bu barədə ipoteka saxlayan məlumat verməlidir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası 90 gündən artıq müddətdə gecikdirilməsi müəyyən olunduğu üçün bankın tutmanın ipoteka predmetinə yönəldilməsi prosesduruna başlamaq üçün hüququ yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka qoyana göndərilən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdə “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində göstərilən bütün məlumatlar göstərilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmadığından, həmçinin ipoteka saxlayan qanunun tələblərinə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurana başladığı üçün , irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, bankla borclu arasında kredit müqaviləsi üzrə yaranmış borc məbləği ilə bağlı mübahisənin olması tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurana başlamaq üçün maneə deyil. Məhkəmə izah edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin tərtib edilməsi və həmin bildirişin ipoteka qoyana göndərilməsi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsinə başlamaq üçün qanunda nəzərdə tutulan mərhələdir və ipoteka qoyanla ipoteka saxlayan arasında kredit borcunun və ya ipoteka predmetnin qiyməti ilə bağlı mübahisənin yaranması bu proseduran dayandırılmasına əsas kmi çıxış etmir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə….
QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin iddiaçıya ünvanladığı 22.07.2021ci il tarixli “ipoteka predmetinə tutma yönəldilməsi haqqında” bildirişin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev