Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2264/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Alıyeva Zumrud XXX qızının iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1275.54 (bir min iki yüz yetmiş beş manat, əlli dörd qəpik) manat borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, Ş.Allahverdiyev küçəsi ev 15, mən 12 İddiaçı mülkiyyətindədir. İddiaçı ailəsi ilə birlikdə həmin ünvanda yaşayır və atasının vəfatından sonra bütün kommunal xərcləri özü ödəyir. Lakin Cavabdeh İB-i İddiaçı guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə akt tərtib etmiş və həmin akt əsasında iddiaçıya 1275.54 (bir min iki yüz yetmiş beş manat, əlli dörd qəpik) manat borc qeyd olunmuşdur. İddiaçı qazdan hec vaxt qeyri-qanuni istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, sayğac əvvəl atasının adına olmuş, atası 2018-ci ildə vəfat etmişdir. Sayğacın işləməməsi səbəbindən dəfələrlə müraciət etmiş və bir müddət sonra sayğacı iştirakı olmadan dəyişmişlər, Azəriqaza müraciət edəndə bu məsələni yoluna qoyacaqlarını bildirmişlər. Bir ay üçün qaz sərfiyyatına görə 400 manat borc yazılmışdır. Bu halla təkcə o yox, digər sakinlər də üzləşmişlər. Prezidentin 2009-cu il Fərmanına görə məcburi köçkünlərin bütün borcları silinmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Alıyeva Zumrud XXX qızı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia əsassızdır, bu məbləğ sırf debitor borcdur, rəhmətə getmiş atasının illərlə yığılmış borcudur, bu borc 2010-cu ildən yığılıb. İstismar müddətinə görə sayğac dəfələrlə dəyişilib. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, o, Ş.Allahverdiyev küçəsi ev 15, mən 12 ünvanında qeydiyyatdadır. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-cü il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 1275.54 manat ödənilməmiş sərfiyyat borcudur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2264/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2264/2023
26.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver