Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-228/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi – (Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1996-cı il təvəllüdlü Babaşov İmran Vahid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, Babaşov Vahid İmran oğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1996-cı il təvəllüdlü Babaşov İmran Vahid oğlu adlı uşaqları anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən yataqxanada qeydiyyatdadır və həmin ünvanda yerləşən mənzildə övladı İmran Babaşovla birlikdə yaşayır. Qeyd etdiyi kimi oğlu Babaşov İmran Vahid oğlu xx.xx.1996-cı il təvəllüdlüdür, uşaq anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Tibbi sənədlərindən də görülür ki, oğlunun xəstəliyi 1-ci qrup əlillik dərəcəsinə uyğundur. Övladı İmran Babaşova həkim komissiyası tərəfindən “İdioliya dərəcəsində oliqofreniya (dərin kəmağıllıq) "diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyarı isə ‘'birinci dərəcəli əlillik'' müəyyən edilmişdir. Tam əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var, hətta tibbi reabilitasiya da təyin edilə bilməz. Yəni problem bu qədər ciddidir. Övladı xx.xx.1996cı il təvəllüdlü Babaşov İmran Vahid oğlunun daimi olaraq, kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Oğlu İmran onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Ona o, qulluq və nəzarət edir. Faktiki olaraq, özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adevkat hərəkətlər nümayiş etdirir. Övladı İmran Babaşovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də, hesab edir ki, məhkəmə oğlu xx.xx.1996-cı il təvəllüdlü Babaşov İmran Vahid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmənin əvvəlki iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Vahid İlham oğlu ilə X3 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Babaşova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu “Leyla” Nikah Evi tərəfindən verilmiş xx xxxxxxxx 1996-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Babaşov İmran Vahid oğlu xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Babaşov Vahid İlham oğlu, ana qrafasında - Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 235 saylı rəyində belə qərara gəlinmişdir ki, Babaşov İmran Vahid oğlunda dərin əqli gerilik aşkar olunur. Babaşov İmran Vahid oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, Babaşov İmran Vahid oğlunu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas var. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi Babaşov İmran Vahid oğlunun sərbəst şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacının olduğunu əsas hesab edərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyin verdiyi imkandan (MPM-nin 319-cu maddəsindən) yararlanaraq Babaşov İmran Vahid oğlunun psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx xxxxxx 2021-ci il tarixli, 235 saylı rəyində Babaşov İmran Vahid oğlunun öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı üçün üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olduğu göstərilmişdir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, Babaşov İmran Vahid oğlu öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi, eləcə də şahid ifadəsi ilə xx.xx.1996-cı il təvəllüdlü Babaşov İmran Vahid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü Babaşov İmran Vahid oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü Babaşov İmran Vahid oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Babaşov İmran Vahid oğlunun üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-228/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-228/2021
10.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver