Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-23/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansında olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, ö/t 26 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, «Bibiheybətneft» NQÇİ-nin (26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyətlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X3 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o, Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirir. Göründüyü kimi, neftqaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (400001, ******* keoordinatlarda) cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin Cavabdeh1 tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Elçin Əzizov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Mübahisələndirilən torpaq sahələrinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd – Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X4 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 17 dekabr 2008-ci ildə təsdiq olunmuş xəritədir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. 01 dekabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansında olan torpaq sahəsində - ünvan 1 ünvanında vətəndaş Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin «Azneft» İstehsalat Birliyinin istifadəsinə qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və başqalarının qanunsuz tikilidən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etmiş və izah etmişdir ki, onun valideynləri 1988-ci ildə Ermənistanın Qafan rayonundan qaçqın kimi Cəbrayıl rayonunda məskunlaşmışlar. Onun ailəsi 1992-ci ildə Cəbrayıl rayonundan məcburi köçkün kimi Səbail rayonunda məskunlaşmışdır. O, əvvəl ailə üzvlərilə birlikdə yataqxanada məskunlaşmış, daha sonra orada darısqal olduğu üçün hal-hazırda yaşadığı torpaq sahəsini pulla alaraq, orada öz vəsaiti hesabına ev tikərək ailə üzvlərilə birlikdə orada yaşayır. Sonra uşağının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün özünə məxsus torpaq sahəsinin bir hissəsini başqa şəxsə satmışdır. Sonra həmin şəxs tikinti işləri apardığına və tikinti işləri aparılması üçün o həmin şəxsə onun torpağından keçməsi üçün icazə verdiyinə görə Socar onu da məhkəməyə vermişdir, halbuki o öz torpağında heç bir tikinti işləri aparmır. Eləcə də bildirmişdir ki, “Azneft” İstehsalat Birliyi təxminən 12-13 il bundan əvvəl eyni tələblə bir neçə nəfərə, o cümlədən onun həyat yoldaşı X1 qarşı Səbail rayon məhkəməsində iddia qaldırmış, həmin iddia tələbi təmin olunsa da, onların məcburi köçkün olması səbəbindən qətnamənin icrası dayandırılmamışdır. X2 ilə aralarında olan nikah 2010-cu ildə pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mübahisə ünvana yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, ö/t 26 ünvanında cavabdehlər tərəfindən iki özbaşına tikili inşa olunmuşdur. Cavabdeh1 məxsus özbaşına tikilinin qapısı bağlı olduğundan orada kimlərin yaşadığını müəyyən etmək mümkün olmamışdır. Digər Cavabdeh2 bildirmişdir ki, o, həmin ünvan üzrə özünə aid hissədə ailəsi ilə birlikdə yaşayır və qonşusu olan digər cavabdeh haqqında heç bir məlumata malik deyil. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan arayışdan görünür ki, 3 saylı NQÇS-nin ərazisində, ünvan 2 ünvanında vətəndaş X5 tərəfindən tikinti işləri aparılan torpaq sahəsi «Bibiheybətneft» NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, «Azneft» İstehsalat Birliyi «Bibiheybətneft» Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri (işçiləri) baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X3 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə «Bibiheybətneft» NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində, 3 saylı NQÇS-nin ərazisində, ünvan 2 ünvanında, vətəndaş Cavabdeh1 tərəfindən ərazinin böyük bir hissəsi zəbt edilərək orada özbaşına tikinti işlərinin aparılması faktı müəyyən edilmişdir. İş materiallarında olan 15.12.2021-ci il tarixli, **********55 nömrəli Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan ünvan 3 tikilinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinə (SOCAR «X6) məxsus SOCAR-ın «Bibiheybət» NQÇİ-nin ərazisinin hüdudları daxilində yerləşir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan ünvan 3 tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə, yaşayış massivində yerləşməklə dövlət torpağıdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 23 fevral 2022-ci il tarixli, 10/149 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən 15.12.2021-ci il tarixli **********55 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi ö/t 26 saylı tikilinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinə (SOCAR «Azneft» istehsalat Birliyi) məxsus SOCAR-ın Bibiheybətneft NQÇİ-nin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi ö/t 26 saylı tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə, yaşayış massivində yerləşməklə dövlət torpağı olduğu müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanda inşa edilmiş tikililərə dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, tikililərin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2 bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi ö/t 26 saylı tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə, yaşayış massivində yerləşməklə dövlət torpağı olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR İddiaçı-nin “Bibiheybətneft” NQÇİnin (26 Bakı Komitssarları adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X3 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (40.20.260; 49.49.155 koordinatlarda) ünvan 2 ünvanda cavabdehlər tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, iddiaçı torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırki tələblə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, ekspert rəylərini nəzərə alaraq hesab edir ki, cavabdehlərin yaşadığı tikili “Azneft” İstehsalat Birliyinin qanuni sahibliyindən olan torpaq sahəsində inşa olunduğundan və həmin tikili qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edilərək statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, ö/t 26 ünvanında inşa edilmiş özbaşına tikili cavabdehlərin hesabına sökülsün, cavabdehlər oradan çıxarılmaqla ərazi boşaldılsın və zəbt edilmiş topraq sahəsi “Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 10 (on) manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 311 (üç yüz on bir) manat tutularaq iddiaçı “Azneft” İstehsalat Birliyinin aşağıdakı hesabına köçürülsün: “Azneft” İstehsalat Birliyi, VÖEN:**********, h/h AZ67İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC, VÖEN:**********, ABB ASC Müştəri Xidməti Departamenti, Kod 805250, Müxbir hesab:AZ03NABZ********************, SFİFT: İBAZAZ2X. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-23/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-23/2022
26.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver